“Göstəriş verdim ki, həmin videoları araşdırın”- MSK sədri
Tarix: 18-11-2015, 17:24 |
Çap et
“Azərbaycanda keçirilən seçkiləri dünyada keçirilən seçkilərlə müşahidə etmək baxımından heç bir problem yoxdur”.
AzVision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov deyib. O bildirib ki, Seçki Məcəlləsinin tələbləri beynəlxalq standartlara cavab verir, beynəlxalq ekspertlərin süzgəcindən keçib: “Azərbaycan dünyaya inteqrasiya edir. Seçkilərdə şəffaflığın təmin edilməsi üçün müşahidəçilər ordusunu həmişə görürük, bu seçkilərdə də müşahidəçilər Avstriyadan tutmuş Kanadaya qədər, bütün Yer kürəsini əhatə etmişdi. Bu, seçki üçün çox ciddi əhəmiyyət kəsb edən məqamdır. Milli Məclisə seçkilərdə “exit-poll” keçirən təşkilatlardan biri ABŞ-ın, biri Fransanın təşkilatı idi. Bu, ciddi məqamdır. Əgər Azərbaycandakı seçkilərdə qeyri-adi hallar baş versəydi, “exit-poll” keçirən təşkilatlar istəməsələr belə, bu, ortaya çıxacaqdı”.
MSK sədri qeyd edib ki, böyük ölkələr seçkilərdə veb-kameraların tətbiqini Azərbaycan təcrübəsi kimi etiraf edirlər. Onun sözlərinə görə, veb-kameralar vasitəsilə istənilən dünya ölkəsinin vətəndaşı 1000 məntəqədə seçkiləri müşahidə edə, seçkilərlə bağlı mövqeyini ortaya qoya bilərdi:
“Yeri gəlmişkən, mən göstəriş verdim ki, sosial şəbəkələrdə seçki pozuntuları iddia olunan görüntüləri yığın, araşdırın. Hesab edin ki, sosial şəbəkələrdə yayılan görüntülərə baxdıq, araşdırdıq, o məlumatlarda konkret ünvan, konkret məntəqə göstərilmir. Ən yaxşı halda dairə adı çəkilir. Deməli, hansısa qüvvələr hansısa maraqlara uyğun olaraq xidmət göstərir. Azərbaycanın rifahı, uğurları seçkilərə də təsir göstərir və xalqımız da seçkilərdən daim razı qalıb. Bizim üçün də bu əsasdır, seçki xalqımız üçün keçirilir. Azərbaycan xalqının mövqeyi ilə razılaşmaq lazımdır”.