Paris terrorçuları kimlərdir? - Foto
Tarix: 18-11-2015, 17:10 |
Çap et
Paris teraktının törədənlərdən beş nəfərin şəxsiyyətini müəyyənləşdirmək mümkün olub. Fransa hüquq mühafizə orqanları hücum zamanı terrorçuların hərəkət etdiyi avtomobili də aşkar ediblər.
Axar.az “Korrespondent”ə istinadən xəbər verir ki, fransalı və belçikalı müstəntiqlər Paris teraktının digər üzvlərinin də axtarışını davam etdiriblər. Dünən Brüsseldə islamçıların yaşadığı Molenbek kommunasında xüsusi əməliyyat keçirilib. Brüssel Prokurorluğu əməliyyatın Salah Əbdülsəlimin tutulması üçün aparıldığını təsdiqləyib. Lakin əməliyyat nəticəsiz başa çatıb.
Fransa Prokurorluğunun məlumatına görə isə Parisə hücum öz fəaliyyətlərini koordinasiya edən üç terrorçu qrup tərəfindən təşkil olunub. Birinci komanda Stad de Frans stadionu yaxınlığında fəaliyyət göstərib, ikinci qrup Bataklan konsert zalına hücum həyata keçirib, üçüncü dəstə isə Parisin 10 və 11-ci dairələrində olan restoranların terraslarına atəş açıb. Paris teraktında şübhəli bilinən terrorçuların bioqrafiyası da bir-birindən fərqlənib. Onlardan bəziləri Avropada anadan olub, digərləri buraya qaçqın statusunda gəlib.
Mərakeşdən olan sponsor
Bu ərəfələrdə Belçika xüsusi xidmət orqanları Paris teraktının əsas sponsorlarından birinin adını çəkib. Onun Belçikadan olan və İŞİD cəlladlarından biri kimi tanınan 27 yaşlı mərakeşli Əbdülhəmid Abaud olduğu bildirilib. Mətbuatın məlumatına görə, o, İŞİD-in ən aktiv döyüşçülərindən biri kimi tanınıb. Maliyyələşdirmədən başqa o həm də Paris teraktının təşkil olunmasında günahlandırılıb.
Şirniyyat dükanında olan çörəkçi
Şənbə günü axşam Paris prokuroru Fransua Mollens ilk olaraq Bataklanda insanların əsir alınmasında iştirak edən terrorçu İsmael Omar Mostefayanın adını çəkib. Onun şəxsiyyəti barmaq izi sayəsində müəyyənləşib.
Məlumata görə Mustefay 21 noyabr 1985-ci ildə Esson departamentinin Kurkuron şəhərində anadan olub. O bir neçə dəfə cinayət işlərində iştirak edib, amma heç vaxt həbs cəzasına məhkum edilməyib. Bundan başqa o, polisə xırda cinayətkar kimi (2004-cü ildən 2010-cu ilə qədər 8 cinayət işi – red.) bəlli olub.
Müstəntiqlər hesab edirlər ki, Mustefay 2013-2014-cü illər ərzində Suriyada hazırlıq keçib. Jurnalistlər isə onun iki uşağı olduğunu və şirniyyat dükanlarından birində çörəkçi işlədiyini öyrənə biliblər. 2009-cu ildə terrorçu fransız reperlərinin birinin klipində epizodik rolda oynayıb. Teraktdan sonra polis onun atası və böyük qardaşını tutaraq, evində axtarış aparıblar.
Qardaş terrorçular
15 noyabrda prokuror Molens Bataklan yaxınlığında yerləşən Volter bulvarındakı barda özünü partladan ikinci kamikadzenin adını elan edib. Bu, Belçikada yaşayan 31 yaşlı İbrahim Abdeslam olub.
Volter bulvarında ölən terrorçu cihad qruplarından birinin hərəkət etdiyi SEAT markalı avtomobili kirayəyə götürüb. Az sonra içində 3 Kalaşnikov avtomatı, 11 boş və 5 dolu darağın olduğu avtomobil Parisdən kənarda yerləşən Montreydə tapılıb.
İbrahimin anası oğlunun addımına səbəbin stress olduğunu bildirib. Onun sözlərinə görə, oğlu heç kəsi öldürməyə hazırlaşmayıb:
“O, bomba dolu gödəkçəni təsadüfən aktivləşdirib. Onun partladığı yerdə heç kimi ölməməsi çox şeydən xəbər verir”.
İbrahimin qardaşı Məhəmməd Abdeslam şənbə günü Belçikada həbs olunub. 1989-cu ildə Brüsseldə anadan olan ailənin üçüncü oğlu Salahın taleyi barədə məlumat yoxdur. Polis onun axtarışını davam etdirir.
Avtobus sürücüsü
Bataklan teatrındakı kamikadzelərdən şəxsiyyəti müəyyənləşdirilən ikinci terrorçu 28 yaşlı Sami Amimur olub. O, şəhər kənarında yaşayıb, avtobus sürücüsü kimi çalışıb. 2012-cü ildə o, Əl Qaidəyə qoşulmaq istədiyinə görə məhkum olunub. Məhkəmənin qərarını gözləmədən Fransanı tərk edən Sami üçün sonradan axtarış elan edilib. Bundan sonra Amimur Suriyaya gələrək, İŞİD-ə qoşulub. Amimurun həbsi üçün beynəlxalq order 2013-cü ildə verilib. Bazar ertəsi günü onun üç qohumu həbs edilib.
Ən gənclər
Stad de Frans stadionu yaxınlığında özünü partladan üçüncü qrupun içərisindən yalnız Bilal Xadfinin şəxsiyyətini müəyyən etmək mümkün olub. Ölüm anında 20 yaşı olmasına baxmayaraq, o, Suriya müharibəsində iştirak edib. Məhz buna görə Xadfi Belçika xüsusi xidmət orqanlarının diqqətindən yayına bilib.
Özünü partladan digər terrorçunun üzərində Əhməd Məhəmməd adına pasport tapılıb. O, qaçqın olub. Serbiya və Yunanıstan hökumətlərinin məlumatlarına görə bu sənəd Əhməd Məhəmməd oktyabrda sərhədi keçən zaman qeydə alınıb. Fransa polisi sənəddə adı yazılan şəxsin 3 oktyabr 2015-ci ildə Leros adasında göründüyünü bildirib.
Qeyd edək ki, noyabrın 13-də Parisdə terakt törədilib. Partlayış nəticəsində 129 nəfər həlak olub, 352 nəfər yaralanıb. Terakta görə məsuliyyəti üzərinə İŞİD götürüb. Teraktdan az sonra açıqlama verən Fransa Prezidenti Fransua Olland Paris teraktında 19 millətin nümayəndəsinin həlak olduğunu bildirib.