“Eldar Mahmudovda Əli Abbasova qarşı kompromat olub” – Ekspert
Tarix: 18-11-2015, 16:47 |
Çap et
Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 17-də milli təhlükəsizlik naziri Eldar Mahmudov, ardınca isə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovu işdən qovması ilə başlanan proseslər hazırda ölkədə bir nömrəli müzakirə mövzusudur.
Aktual mövzular sırasında təkcə Eldar Mahmudovun nazirlik daxilində yaratdığı qrupun cinayət əməlləri deyil, həmçinin də digər nazirlərin və avtomatik olaraq onların rəhbərlik etdikləri qurumların müxtəlif vasitələrlə bu işə cəlb edilmələridir.
Son dövrdə daha çox məmurun işdən azad olunduğu nazirliklər sırasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ön sıralarda yer alır.
Belə ki, başda nazir Ə. Abbasov olmaqla son dövrdə bu nazirlikdən işdən uzaqlaşdırılanların sayı 10-u keçib. Bundan başqa MTN-dən sonra həbs olunan əməkdaşlar arasında da “liderlik” məhz rabitə ilə məşğul olan nazirlikdədir.
Ə.Abbasovla bağlı mediada ilkin aparılmış araşdırmalar nəticəsində isə məlum oldu ki, MTN-nin sabiq rəhbərliyi iş adamlarının sıxışdırılması, vətəndaşlarının hüquq və azadlıqlarının qanunazidd şəkildə məhdudlaşdırılması, ayrı-ayrı şəxslərin qanunsuz təqib edilməsi və dinlənilməsi kimi qeyri-qanuni əməllərinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyini də cəlb edib.
Faktiki olaraq Ə. Abbasov qorxaq və zəif xarakteri üzündən rəhbəri olduğu nazirliyin MTN-in sabiq rəhbərliyinin hüquqazidd əməllərinin poliqonuna çevrilməsinə şərait yaradıb.
Daha sonra mediada yayılan məlumata əsasən, Əli Abbasov istintaq orqanlarına etiraf edib ki, nazirliyə nəzarəti tam olaraq itirib və MTN-dəki güclü dayaqlarına arxalanan nazirliyin aparat rəhbəri Vidadi Zeynalov nazirlikdə əsas söz sahibi imiş, hətta nazirin özünü belə saymırmış. Ə.Abbasov nazir olsa da, əsas qərarları V. Zeynalov verib və nazir buna qarşı çıxmağa cəsarət etməyib.
"Eldar Mahmudov işi" başlayarkən, MTN-dən sonra RYTN-də ilk həbs olunanlardan birinin V. Zeynalov olması artıq təəccüblü görünmür.
Cəmiyyəti maraqlandıran suallardan biri də təbii ki, bir nazirin digərinə hansı üsullarla təsir edə bilməsi və konkret olaraq cinayət əməlləri tələb edilən Ə. Abbasovun bu barədə zamanında ölkə prezidentinə nədən xəbər verməməsidir. Faktiki olaraq, vaxtında dövlət başçısına informasiya çatdırılması nəticəsində E. Mahmudov və onun cinayətkar qrupunun üzvlərinin fəaliyyəti daha əvvəl ifşa edilə bilərdi və bu baxımdan həm dövlətə, həm də ayrı-ayrı vətəndaşlara az ziyan dəyəcəkdi.
Tanınmış ekspert, MTN-nin keçmiş zabiri Ərəstun Oruclu Gün.Az-a açıqlamasında RYTN ətrafında baş verənləri şərh edərək bildirib ki, sözügedən nazirliyin bir növ MTN-nin poliqonuna çevrilməsində, nazir Ə.Abbasovun E.Mahmudov qarşısında zəiflik nümayiş etdirməsində bir sıra məqamlar çox güman ki rol oynayıb.
“Biz də hələlik ehtimallar söyləyə bilərik və ehtimallar da müxtəlif ola bilər. Amma ortalıqda olan fakt da odur ki, MTN özünün bütün imkanları ilə birlikdə faktiki olaraq bir qrupun maraqlarına xidmət göstərib.
Eyni zamanda, nəzərə alaq ki, bu qurumun istənilən şəxs haqqında yetərincə geniş məlumat, kompromat toplamaq imkanları olub və var.
Yəni, bu baxımdan ehtimallardan biri budur ki, Əli Abbasov haqda da bunların əlində hansısa faktlar olub və bunlar da o faktlardan istifadə edərək ona təzyiq göstəriblər, öz iradələrinə tabe ediblər.
Və ya ola bilər ki, onlar hansısa xüsusi bir tələ qurublar, çünki onların belə işləri də olub, hansısa bir şərləmə mexanizmindən istifadə ediblər.
Əslində Əli Abbasov mədəni adamdır, intellektual insandır və onun belə bir vəziyyətə düşməsi təbii ki, çox acınacaqlıdır. Başqa bir tərəfdən isə yüksək ehtimalla o yetərincə iradəli olmayıb ki, onlara əks-təsir göstərə bilsin.
Son nəticədə isə faktiki olaraq Eldar Mahmudovun kiçik bir dəstəsi RYTN-də ən əsas postları ələ keçirərək naziri de-fakto vəzifəsndən kənarlaşdırıblar...” - deyə, Ə.Oruclu sözlərinə əlavə edib.
Onu da qeyd edək ki, baş verənlərlə bağlı dünən rabitə və yüksək texnologiyalar nazirinin səlahiyyətlərini icra edən edən İltimas Məmmədovun sədrliyi ilə adıçəkilən nazirlikdə təcili müşavirə keçirilib.
Məlum müşavirədə bir daha RYTN-in strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların ayrı-ayrı məsul şəxsləri tərəfindən ciddi qanun pozuntuları üzrə Respublika Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparıldığı, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda mənimsəmə və vəzifə saxtakarlığı faktları ilə əlaqədar ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirinin seçildiyi qeyd olunub.
Eyni zamanda, baş vermiş hadisələrdən nəticə çıxarmağın, əmək ahənginin normal saxlanılmasının və daha yüksək məsuliyyətlə fəaliyyətin təşkilinin vacibliyi vurğulanıb.