Pənah Hüseynin müxalifətdəki həmrəyliyi baş tutacaqmı? MÜNASİBƏT
Tarix: 17-11-2015, 16:10 |
Çap et
Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn son günlər maraqlı açıqlamaları ilə gündəmə gəlir .
AXP rəhbəri Azərbaycan siyasətində yeni mərhələnin liderlərindən biri olmaqda iddialıdır. O, müxalifət birliyinin “Həmrəylik” adı altında birləşməsini məqbul hesab etdiyini deyib.
Hafta.az-a açıqlama verən eks-baş nazirin sözlərinə görə, o, yeni yaranacaq hərəkatın liderləri olmaq itəyini gizlətmir:
“İdea təkcə mənə aid deyil, bu günə kimi bir sıra müxalifət partiyaları ilə də danışıqlarımız davam edir. Mənin iddiam yeni yarana biləcək müxalifət birliyinin liderlərindən biri olmaqdı Buna mənim təcrübəm imkan verir”.
Pənah Hüseyn yeni yaradılacaq qurumda Milli Şura və AXCP nin də təmsil olunma ehtimalı haqda danışıb.
Kimlərlə danışıqlar apardığımız barədə hələ ki, bir açıqlama vermək istəmirəm. Çünki ortada ciddi bir şey yoxdur. Milli Şura və AXCP-yə gəldikdə isə müxalifətin bütün qüvvələri ilə əməkdaşlığa hər zaman hazırıq”.
Pənah Hüseynin təklifinə münasibət bildirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu AXP sədrinin fikirinə münasibət yanaşdığını deyib:
“Pənah bəy çox yaxşı fikir səsləndirib. Gəlin imkan verək o, dediklərini həyata keçirə bilsin. Müxalifət ona dəstək verib, yanında olsun. Liderlik xüsusiyyəti barədə onu deyim ki, kimsə özünü rəhbər elan eləməklə lider olmur.
Bu ada iddia edən şəxs tolerant, səbirli, uzaqgörən olmalıdır. Mən Pənah bəyi həddən artıq qeyri-tolerant, tez əsəbiləşib özündən çıxan siyasətçi kimi tanıyıram. Bu keyfiyyətlərlə kiçik bir qrupun belə lideri olmaq çox çətindir. Bunlar Pənah Hüseynin qüsurudur. Amma o, bu problemləri aradan qaldıra bilsə, niyə də müxalifətin yeni dönəmində lideri olmasın? Bu çətin məqamda kiminsə məsuliyyəti üzərinə götürərək, insanların problemini həll etmək istəyi alqışlanası bir addımdır. İdeya təqdir olunmalıdır. Yəni ən ekstremal situasiyada belə xalq başsız qalmayacaq, önə çıxıb xalqı arxasınca aparmaq istəyən siyasətçilərimiz hələ də qalıb. Bildiyiniz kimi, bir çox xalqların lidersizlik problemi var. Azərbaycanın özündə belə bir çox şəxslər tez-tez bizə sual edir ki, “niyə qabağa çıxıb xalqı arxasınca apara biləcək şəxs yoxdur”? Bu baxımdan Pənah Hüseynin fikirləri alqışa layiqdir. Amma hesab edirəm ki, indidən AXP sədrinin planının baş tutma ehtimalı barədə danışmaq hələ tezdir. Gəlin gözləyək və nəticəni hamımız birgə görək”.
Hakim Yeni Azərbaycan Partiyasının deputatı Aydın Mirzəzadə Pənah Hüseyni belə fikirlər səsləndirərək gündəmə gəlmək istədiyini deyib:
“Müxalifət bircinsli anlayış deyil. Sağ-sol, liberal, radikal, parlament müxalifəti və başqa qolları var. Pənah Hüseyn birinci müəyyən etməlidir ki, hansı müxalifətin lideri olmaq istəyir. İkincisi, AXP sədri aydınlaşdırmalıdır ki, müxalifətin hansısa qanadı onu özünün rəhbəri kimi görmək istəyirmi, yoxsa onun fikri liderliyi monopoliyaya almaqdır? Üçüncüsü, müxalifət lideri olmaq böyük məsuliyyət tələb edir. Alternativ proqram irəli sürülməli, insanlara öz fikrini çatdırmalı, ideyalarının rəqibindən daha doğru olmasına inandırmalısan. Pənah Hüseyn bunları bacara biləcəkmi? Məsələnin əsas tərəfi isə budur ki, cəmiyyət hazırda prezident İlham Əliyevin siyasətini dəstəkləyir. İnsanlar indiki iqtidardan başqa rəhbərlik görmək istəmir. Hesab edirəm ki, AXP sədri bu sözləri gündəmə gəlmək niyyəti ilə deyib".