Mirmahmud Mirəlioğlu: “Hərəkat yaradılmasının tərəfdarıyıq”
Tarix: 17-11-2015, 12:26 |
Çap et
"Fars şovinizminin Güneydə Azərbaycan türklərinə qarşı yürütdüyü siyasət həm anti-insani, həm də anti-İslamidir".
Bu fikirləri Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Güneydəki aksiyalara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, adını İran İslam Respublikası qoyan bir ölkə Allahın insana verdiyi dili onun əlindən alır: "Belə şey yolverilməzdir. Etiraz aksiyalarının keçirilməsi yerindədir, biz də onlara dəstək veririk. Təəssüf ki, özünü ayətullah, din xadimi adlandıranlar ağızlarını Allah yoluna qoyublar, küfr edirlər, dilimizə dil uzadırlar. Bu, o deməkdir ki, artıq fars şovinizminin sonudur. Başlanan hərəkat ümumi istiqlal hərəkatının tərkib hissəsidir. Həm adam təəssüflənir ki, belə hallar baş verir, təhqir olunuruq, həm də bəzən deyirik, bu adamların cavabını vermədikcə belə təhqirlərə məruz qalacağıq. Güneydə böyük etiraz aksiyası keçirib deyirlər ki, "haray, haray mən türkəm!" Bakıda isə bütün media onları İran azərbaycanlıları adlandırır. Adamlar bütün dünyaya hayqırır ki, "mən türkəm!" Bizimkilər deyir, yox, "sən azərbaycanlısan". Bəzi özündən müştəbeh alimlərimiz də bizə azəri deyir. Ağıllarını itirənlər söyləyir ki, alimlər toplaşıb bu millətə ad qoysun. Bəyəm, millətə adı alim qoyur? Alim bu millətin yetirməsi, övladıdır. Bu elm deyil axı".
Fransadakı terror hadisələrinə gəlincə, M.Mirəlioğlu hesab edir ki, terror harada olur-olsun pislənməlidir:
"Azərbaycan xalqı özü illərlə terrora məruz qalan, amma onun haqq səsinə səs verməyən dünyanı görür. Dünya özü indi terrorla üz-üzədir. Biz bunun arxasında kimin, hansı dövlətin, gücün, dini cərəyanların durmasından asılı olmayaraq onu lənətləyirik. Məsələnin o biri tərəfi də ondan ibarətdir ki, dünyada haqq-ədalət, mizan olmalıdır. Biz hər gün terrora məruz qalırıq, torpağımız işğal altındadır. Dünya Azərbaycanın vəziyyətini görmürmü?" KXCP sədri rəhbəri olduğu partiyanın hədəflərindən də danışıb: "Ötən gün Ali Məclisin sessiyasında regionda və dünyada baş verən hadisələrə münasibətimizi ifadə etmişik. 2016-cı il üçün fəaliyyət istiqamətləri üzrə ilkin müzakirələr aparmışıq. Əlavə və düzəlişlər İdarə Heyətinə tapşırılıb. Cari işlərimizlə məşğuluq, hədəflərimizi müəyyənləşdiririk, sonra mediaya geniş açıqlayacağıq". O, "Azadlıq 2015" seçki blokunda təmsil olunan 8 partiyanın gələcək fəaliyyətinə də toxunub: "Artıq "Azadlıq 2015" seçki blokunun fəaliyyətinə xitam vermişik. Bu blok öz missiyasını yerinə yetirib. Bir araya gəlməkdən ötrü hərəkat yaradılmasının tərəfdarıyıq. İlkin olaraq müzakirələr aparacağıq. Kim istəyəcəksə, bizimlə olacaq. Ola bilsin "Azadlıq 2015"də təmsil olunmayanlar da sıralarımıza qoşulsun. Artıq yeni təşəbbüslə çıxış edilib. "Azadlıq 2015" blokunun fəaliyyyətinə xitam verilən iclasda ortaq məxrəcə gəlindi ki, əməkdaşlığın formaları fikirləşib tapılsın".
Qeyd edək ki, "Azadlıq - 2015" seçki blokuna daxil olan siyasi partiya sədrlərinin toplantısında siyasi partiyaların yetkili orqanlarında başqa qərar qəbul edilənə qədər KXCP, BAP, VİP, Azadlıq, Aydınlar, ALDP və AXP- nin eyni adlı siyasi partiyalar bloku şəklində əməkdaşlıqlarını davam etdirmək haqqında razılığa gəliblər.