Quzey Azərbaycan Güneyə niyə dəstək verə bilmir?
Tarix: 17-11-2015, 11:51 |
Çap et
Ötən həftə İran televiziyasında Azərbaycan türklərinin təhqir edilməsi ilə bağlı Güney Azərbaycanda 5 gün davam edən etirazlar keçirildi. Soydaşlarımıza dəstək olaraq azərbaycanlılar dünyanın bir çox ölkələrində dinc aksiyalar keçirərək öz etirazlarını bildirdilər. Bununla bağlı olaraq Azərbaycan mətbuatı, o cümlədən "Yeni Müsavat"olayları obyektiv olaraq işıqlandırmağa çalışdı. Lakin ekspertlərin də qeyd etdiyi kimi, Azərbaycan hakimiyyəti nədənsə bu məsələdə susmağa üstünlük verdi.
Səbəb nədir?
Dünya Azərbaycanlıları Konqresinin və VHP-nin sədri Sabir Rüstəmxanlı suala bu cür şərh verdi:
"Ölkəmizdə bununla bağlı böyük mitinqlər, etirazlar keçirlməsə də mətbuatda ciddi yazılar oldu. Beləliklə, “xalq tamamilə susdu” fikrini demək olmaz. Hətta ötən illərə nisbətən daha çox reaksiya verildi.
Lakin Azərbaycan hakimiyyəti İranla münasibətləri pozmaq istəmədiyindən məsələyə biganə yanaşır. Halbuki müəyyən münasibət bildirməli idi. Çünki orda təhqir olunan Azərbaycan türkləridir. Onlar İran dövlətinin əsas əhalisidir. Soydaşlarımız təhqir olunursa, deməli, biz də təhqir olunuruq.
DAK İranla bağlı dəyirmi masa keçirəndə və ya İran səfirliyinin qabağında piket olan kimi notalar bir-birinin ardınca düzülür. Niyə biz millətimizin taleyi ilə bağlı heç bir mövqeyimizi bildirməyək?!
Hesab edirəm ki, bu barədə reaksiya bildirilsəydi, İranla münasibətlərin pozulmasına təsiri olmazdı.
Onsuz da İran Azərbaycanın əleyhinə Ermənistana yardımlar edir. Həmçinin düşmənlərimizin ayağa durması üçün də əlindən gələni edir. Biz İrana bu qədər səbirlilik numayiş etidiririk və İran bunu dəyərləndirə bilmirsə, onların televiziyalarında, xüsusən də Səhər TV-də ardıcıl olaraq Azərbaycan rəhbərliyindən tutmuş ziyalısına qədər təhqir olunursa və hətta bizim varlığmızı danmaq istəyirlərsə, Azərbaycan Respublikası sözündən belə çəkinərək ki, “haranın hökumətidir?" sözlərindən istifadə edirlərsə biz hökmən münasibət bildirməliyik.
Təkcə Azərbaycan deyil, Türkiyə də rəsmi olaraq öz münasibətini bildirməliydi ki, bu xalq bizim xalqdır və heç bir xalqı bu cür təhqir etmək olmaz”.
Sabir Rüstəmxanlı soydaşlarımızın məhz təhqirdən sonra etirazlara qalxmasını qınayıb:
“Bu xalqın hər dəfə təhqirdən sonra ayağa qalxması, fikrimcə, yanlışdır. Çünki İranda türklər uzun illər təhqir olunublar. Təhqir təkcə karikatura çəkilməsindən ibarət deyil ki. Əgər bir xalqın hüquq və haqları verilmirsə, insanları öz ana dilində təhisl ala bilmirsə, tarixi saxtalaşdırılısa, bütün mənəvi dəyərləri əlindən alınırsa, sahib olduqları hər şey farsın adına çıxılırsa, bu, elə təhqir deməkdir. Millət olaraq bu məslələyə daha köklü şəkildə yanaşımalıdılır.
Dünya Azərbaycanlıları Konqresi (DAK) olaraq noyabırn 12-də bununla bağlı dəyirmi masa keçirdik. Tədbirdə Azərbaycanın bir sıra siyasi, partiya və mətbuat nüməyəndələri, tanımış ziyalılar, Güney Azərbaycandan olan dostlarımız, xaricdən gələn qonaqlar iştirak edirdilər. Qeyd etdiyim məsələlər ilə bağlı geniş müzakirələrimiz oldu”.
Politoloq Natiq Miri bildirdi ki,İranda azərbaycanlı türklərin təhqir edilməsiilə bağlı Şimali Azərbaycan toplumunda ciddi təpkilərin olmaması bilavasitə hakimiyyətin bu məsələyə yanaşma prinsipi ilə bağlıdır:
"Hakimiyyət bu barədə həssas və qorxaq siyasət yürüdür. Ən azı orda 40 milyon soydaşımızın yaşaması Azərbaycan hakimiyyətinə haqq verir ki, millətinin hüquqlarının tapdalanması və təqhir olunması ilə bağlı tövsiyə xarakterli bir ultimatum, nota versin.
Lakin çox təəssüf ki, İranla münasibətləri korlamamaq xatirinə Azərbaycan hakimyiyəti toplumda susqunluq nüamyiş etdirdi. Heç olmasa şərait yaradıla bilərdi ki, Şimali Azərbaycan toplumu bu məsələyə öz təpkilərini küçələrdə göstərsin və beləliklə bütün dünya, eyni zamanda Cənubi Azərbaycandakı soydaşlaımız bunu görərdi...
Başqa bir səbəb isə Cənubi Azərbaycan məsələləri ilə bağlı fəaliyyət göstərən siyasi təşklatların da son illər tamamilə zəifləməsi və parçalanması ilə bağlıdır".
Qeyd edək ki, noyabrın 14-də Milliyyətçi Gənclər Təşkilatı İranın Azərbaycandakı səfirliyi önündə aksiya keçirib. Etirazçılar səfirliyə qətnamə təqdim etməyə çalışsalar da onlara bildirilib ki, səfirlik qətnaməni qəbul etmək istəmir. Nəticədə qətnamə kağızı səfirliyin qapısından içəri atılıb. Təhqirlə əlaqədar olaraq tualet fırçası da səfirliyin qarşısına atılıb.
Onu da əlavə edək ki, olaylarla bağlı İran İslam Respublikasının Bakıdakı səfiri Möhsün Pakayin ANS-ə açıqlamasında bildirib ki, bu məsələ İranın daxili işidir və heç bir ölkəyə bunun dəxli yoxdur.