“Azərbaycan İŞİD terrorundan sığortalanmayıb” - AÇIQLAMA
Tarix: 17-11-2015, 11:48 | Çap et
“Azərbaycan İŞİD terrorundan sığortalanmayıb” - AÇIQLAMA
Üç gün əvvəl Parisdə baş verən dəhşətli terror hadisələrini İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşması öz üzərinə götürdü. “Böyük iyirmili”yin Antaliya zirvə görüşü ərəfəsində baş verən bu terror aktı adıçəkilən toplantının da gündəliyini dəyişdi. Bir çox politoloqlar hesab edir ki, indi Qərb Bəşər Əsədlə bərabər İŞİD-in də sonuna çıxmaq üçün əlindən gələni etməyə çalışacaq.

Paris hadisələri dünyanın gözünü yenidən regiona yönəltdi. Bəs İŞİD bizim regionda da bu cür terror hadisəsi törədə bilərmi? Şimali Qafqaza əmirlərini təyin etmiş Əl Bağdadinin “komandası” Azərbaycanda da terror aktları həyata keçirək gücündədirmi?
Hafta.az-ın suallarını şərh edən Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı İlham İsmayıl bildirib ki, hazırda bu radikal islamçı təşkilatın Azərbaycanda olmasa da, regionda təxribatlar törətmək ehtimalı çox böyükdür:

“İŞİD-in törətdiyi təxribat əməllərinə əvvəldən fikir versək görərik ki, bu quplaşmanın həyata keçirdiyi heç bir akt sadə terror hadisəsi deyil. Onların əsas hədəfi Suriya və İraqda müəyyən torpaqları tutduqdan sonra bu qruplaşmaya maneə olan qüvvələrdir. Bəs onlara əngəl olan dövlətlər hansılardır? Bu siyahıda Türkiyə, Rusiya, Amerika, Fransa və başqa Avropa ölkələrini görürük. Ona görə də fikirləşməyək ki, İŞİD günü sabah Azərbaycana qarşı hər hansı bir terror aktı həyata keçirəcək. Bu o demək deyil ki, biz onların istənilən təxribatlarına hazırlıqsız olmalıyıq. Region deyəndə bizim çox yaxın qonşumuz olan Şimali Qafqazı nəzərdə tuturam. Nəzərə alaq ki, bu regiondan İŞİD-in tərkibində xeyli insan vuruşur. Üstəlik Dağıstanda bir sıra döyüşçülər İŞİD rəhbəri əl Bağdadiyə tabe olduqlarını açıqlayıblar. Hətta onların bəzilərinin Bağdadi tərəfindən həmin bölgəyə əmir təyin olunduqları haqda məlumatlar daxil olub. Ona görə də region deyəndə məhz Şimali Qafqazda, Rusiyanın özündə, şimal qonşumuzun bizə yaxın olan sərhədlərində terror hadisələrinin olması mümkündür”.

İlham İsmayılın sözlərinə görə, Azərbaycan da bu məsələlərdən sığortalanmayıb:

“Nəzərə alaq ki, Suriyaya gedib-gələnlərin, İŞİD tərkibində döyüşənlərin bəziləri həbs olunub. Onlardan bir çoxuna sərhədlərimizi keçməmələri üçün müəyyən qadağalar qoyulub. Həmin şəxslər sabah burada da hər hansı bir hadisə törədə bilərlər. Əgər dünyanın ən böyük ölkələri terrordan sığortalanmayıbsa deməli, biz də belə bir təhlükədən uzaq deyilik. Sadəcə olaraq biz İŞİD-in yaxın hədəfinə düşməmişik. İraq Şam İslam Dövlətinin böyük hədəfləri var və hazırda onlar bu missiyaları üçün vuruşurlar. Paris hadisəsindən sonra G20-lərin zirvə görüşündə çox güman ki, Bəşər Əsədlə bərabər İŞİD-i də tamamilə məhv etmək məsələsi vurğulanacaq. Düşünürəm ki, tezliklə regionun bəlasına çevrilmiş bu terror təşkilatının axırına çıxılacaq”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net