Barak Obama: “İŞİD əsgərləri heç bir halda sərbəst ola bilməyəcək”
Tarix: 17-11-2015, 11:24 |
Çap et
Türkiyənin Antalya şəhərində keçirilən dünya liderlərinin G-20 zirvə toplantısında sonuncu mətbuat konfransını Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Barak Obama keçirdi. Öncədən qeyd edək ki, Paris terroru ilə əlaqədar zirvənin proqramında bir sıra dəyişikliklərin edilməsi səbəbindən, Obamanın qolf oyunu da təxirə salındı.
Amerika lideri jurnalistlər qarşısında çıxış edərkən hər kəsi salamlamaqla yanaşı, G-20-yə ev sahibliyi edən Türkiyə dövlətinin, həmçinin Antalya əhalisinin ünvanına da xoş sözlər söylədi. Bir saatlıq mətbuat konfransında çıxışını terrorizm və ona qarşı mübarizə üzərində quran
B.Obama da xain terror hücumları, ona qarşı mübarizənin zirvədə əsas müzakirə mövzusu olduğunu vurğuladı. Bildirdi ki, Paris terrorundan sonra ölkəsinin bayraqları endirilib: “Terrorçuların tapılması istiqamətində fransız ortaqlarımızla birlikdə yaxın bir şəkildə çalışırıq. Terrorla mücadilə sahəsində yeni bir anlaşmanın əldə olunduğunu elan edirik. Bu cür hücumların təkrarlanmaması və vətəndaşlarımızı qorumaq üçün hər şeyi etməliyik. Təəssüf ki,təkcə Parisdə deyil, İŞİD tərəfindən həyata keçirilən bu cür xain hücumları başqa yerlərdə də gördük. Keçən həftə Beyrutda, keçən ay Ankarada, hazırda hər gün İraqda da görürük. G-20 ölkələri olaraq biz çox qəti bir mesaj göndərdik ki, bu təhdidə qarşı birlikdə dayanırıq. Bizim hədəfimiz bu qəddar terror təşkilatını zəiflətmək və yox etməkdir. Payızda BMT-də dediyim kimi, bunu etmək üçün əsgəri, hüquq mühafizə, iqtisadiyyat və əhali gücünə sahibik. Əslində bunun uzunmüddətli proses olacağını hər zaman anlamışıq. İtkilər və qazanclar olacaq. Parisdə yaşanılan xain hücum iyrənc və pis bir itkidir. Parisli dostlarımızla bu acını paylaşarkən belə, qazancları da unutmamalıyıq. Koalisiyamız hərbi bölgədə hava hücumlarını artırmaqdadır. Bu günə qədər 8 min hava zərbəsi vurulub, İŞİD-çiləri, onların xain komandir və döyüşçülərini yox edirik. Bu sahədə möhkəm birliyimiz olduğu zaman İŞİD-in geri çəkilə biləcəyini gördük. Koalisiya gücləri hava hücumunun da dəstəyi ilə az öncə Sinceri xilas etdi, Suriyanın Türkiyə ilə sərhədində digər əraziləri də azad etməkdən ötrü çalışırlar. İŞİD-in İraqdakı qüvvələrinə dəstək verənlərin də sıradan çıxarılması üçün gücümüzü artırmışıq. Qısası, həm İraq, həm də Suriyada artıq İŞİD keçən zamanla nisbətdə daha az torpağa malikdir. Dediyim kimi, qazancların artmasını istəyiriksə, bu istiqamətdə mübarizədə daha artıq ölkələrin iştirakı zəruridir”.
Amerika lideri eyni zamanda etiraf etdi ki, Paris terroru İŞİD-in ancaq Suriya və İraqda vurulmasının yetərli olmadığını sübut etdi: “Antalyada ölkələrimiz sərhəd toxunulmazlığını qorumaq və daha artıq məlumatları paylaşmaqla bağlı anlaşdı. İŞİD əsgərləri heç bir halda sərbəst ola bilməyəcək. Burada da İŞİD-çilik ideologiyasını məhv etməklə bağlı birgə fəaliyyətə qərar verdik”.
B.Obama mülki əhali ilə bağlı da qərarlarının olduğunu bildirdi: “Xüsusilə də Suriya insanlarının acılarının azaldılamsı ilə bağlı. BMT Suriya xalqına 4.5 milyard dollar yardım edib. Hazırda yemək və digər məsələlərin təchizi ilə bağlı çalışırıq. Lakin hələ ki, Suriya əhalisi ehtiyacı olduğu şeylərin yarısına sahibdir. Qaçqınlar məsələsinə gəldikdə, Türkiyə və Livan bu gün inanılmaz bir çətinliklə üz-üzə qalıb. Onların qaçqın problemini təkbaşına həll etmələri inandırıcı deyil. Biz eyni zamanda öz vətəndaşlarımızın təhlükəsizliyinə də xüsusi önəm veririk. Amma bu qaçqınların terror hücumlarına məruz qalan günahsız insanlar olduğunu unutmamalıyıq. Qapılarımızı onların üzünə qapatmaq kürəyimizi dəyərlərimizə çevirməkdir. Ölkələrimiz qapılarını qaçqınların üzünə açmaq, eyni zamanda öz təhlükəsizliyimizi də qorumaq məcburiyyətindəyik”.
Amerika prezidenti diplomatik səviyyədə bir sıra şansların qaçırıldığını deyərək əlavə etdi ki, İŞİD-ə qarşı ölkələri birləşdirəcək tək çözüm əməkdaşlıqdır: “Vyanadakı danışıqlarda da ortaq qərar verildi. Davam edən danışıqlarda Suriya müxalifəti ilə Suriya rejimi arasındakı danışıqların daha çox etimad olunan bir hökumətin qurulması, yeni konstitusiyanın qəbulu və yeni seçkilərin keçirilməsi ilə bağlı hədəfləri müəyyənləşdirdik. Təbii ki, bunlar mühüm hədəflərdir. Əvvəllərdə olduğu kimi bu ümidlərimiz də uğursuzluqla bitə bilər”.
Obama Bəşər Əsədə də sərt mesajını verdi və Türkiyə prezidentinin dediklərini təsdiqlədi: “Bəşər Əsədin qəti şəkildə Suriyanın gələcəyində bir rolunun olmadığına inanırıq. Suriya xalqına qarşı Əsədin açdığı savaş yaranmış böhranın səbəblərindən biridir”. ABŞ lideri dedi ki, Antalya toplantısı bütün tərəflərin Suriya məsələləri ilə bağlı anlaşma əldə etməsi üçün mühüm hadisədir: “ABŞ koalision ortaqları ilə birgə həm əsgəri, həm də diplomatik sahədə çalışmalarını davam edəcək”.
Daha sonra Amerika lideri bir neçə jurnalistə suallarını ünvanlamaq imkanı verdi. Terrora qarşı mübarizə ilə əlaqəli suallar da demək olar ki, bir-birinin bənzəri oldu. Hətta cənab Obama hər cavabında “az öncə cavab verdim, amma anlada bilmək üçün təkrar başlayıram” deməklə salondakıların gülüşünə səbəb olan replika verdi.
ABŞ prezidenti birldirdi ki, İŞİD-ə qarşı savaşda onun ölkəsinin hərbi hava qüvvələri ən müxtəlif şəkildə iştirak edir, hətta havadan yardımlar göndərir, terror təşkilatının məhvi ilə bağlı Suriya güclərinə dəstək olurlar: “Həmçinin İŞİD-in neft satışını dayandırmağa çalışırıq. Biz xainləri hədəf alırıq. Əsgəri məsələlərlə bağlı ortaqlar tapmağa, onlarla daha yaxından çalışmağa cəhd edirik. Koordinasiyanı artırmağa daha çox diqqət veririk. Terrorizmlə mücadilə ilə bağlı qərara gəldiyimizdən bəri bu cür terror hücumlarının ola biləcəyindən ehtiyatlanırdıq. Amerikanın digər ortaqları ilə həyata keçirtdiyi işbirliyi çox sağlam və davamlıdır. Vaxtaşırı bütün beynəlxalq təhlükəsizlik qurumları ilə birlikdə bütün təhdidləri nəzərdən keçiririk və ortaqlarımızla bilgilərimizi paylaşırıq. Hava limanlarında isə təhlükəsizlik tədbirlərini daha ciddi şəkildə həyata keçirik”.
B.Obamanın brifinqindəki İran və Moskvaya ünvanlı Suriya mesajları da diqqət çəkdi: “Diplomatik sahədə də davamlı, bütün tərəfləri bir araya gətirərək, Suriyanın daxilində sağlam müxalifət olduğunu, bu müxalifətin keçid hökuməti qura biləcəyini və dostlarımıza – iranlılara və ruslara anlatmağa çalışırıq. İŞİD kimi bir təşkilatın onlar üçün də çox böyük təhdid təşkil etdiyini anlatmağa çalışırıq. İndiyə qədər göstərdiyimiz cəhdlərin daha da artdığını görəcəksiniz. Ancaq bu, bir az vaxt alacaq. Parisdəki iyrənc olaylardan sonra fərqli addımlar atmağın zəruriliyini deyənləri dinlədiyimiz zaman bir daha təsdiqləndi ki, bizim təklif etdiklərimizi həyata keçirmək lazımdır”.
Amerika lideri Suriyaya qoşun göndərilməsinin də çıxış yolu olmadığına işarə etdi: “Deyək ki, Suriyaya 50 min əsgər göndərdik. O zaman Yəməndə bir terror aktı baş verəndə nə edəcəyik? Orayadamı əsgər göndərəcəyik? Yaxud Şimali Afrikanın başqa bir bölgəsində də terror olarsa, orayadamı əsgər göndərəcəyik? Biz davamlı strateji həll planının olmasını zəruri sayırıq. Hazırda həyata keçirdiyimiz proses İŞİD-i hədəfə almaq, onu neytrallaşdırmaq, gizli əlaqələrini əngəlləmək, Suriya, İraq və kürd güclərinin İŞİD-ə qarşı savaşını dəstəkləmək, sərhədlərin nəzarətə alınması, bu terrorçu təşkilata qarşı basqıları artırmaqdan ibarətdir və bu strateji hədəfimizi davam etdirəcəyik”.
Obama İŞİD-ə qoşulanlar sırasında bir neçə yüz amerikalının və çoxlu sayda avropalının olduğunu da vurğuladı: “Bu döyüşçülər öz ölkələrinə döndükləri zaman ciddi bir təhdidə çevriləcəklər”.
B.Obama İŞİD-i koalisiyaya rəqib saymadığını vurğulayaraq, “biz o torpaqları ala bilərik, amma sonda bu problemi kökündən həll etmir” söylədi və məsələyə kompleks yanaşmanın tələb olunduğunu bildirdi.
Amerikalı lider Suriyaya ordu yeritməyə tərəddüd etməsini aşağıdakı kimi əsaslandırdı: “Biz bir yerə əsgər göndərdiyimiz zaman o əsgərlər ziyan çəkirlər, öldürülürlər, əlil olurlar, ölkələr əsgərlərə milyardlarla dollar xərcləyir, əsgəri əməliyyatlar üçün inanılmaz fədakarlıq göstərirlər. Düşünmədən bir addım atmamağımız çox önəmlidir. İndiki anda bizim həyata keçirdiyimiz strategiya ən doğrusudur”.
ABŞ lideri savaşda ayaqlarını itirən amerikalı əsgəri ziyarət etməsini də xatırlatdı və bu zaman salonda duyğusal anlar yaşandı. O, terrora qarşı mübarizənin çətinliyini də etiraf etdi: “Təkcə qarşı tərəfdəki insanı yox, hətta özünü öldürməyi də bacaran bu adamlara mane olmaq çox çətindir. Bir insan ki, özünü öldürürsə, o, çox təhlükəlidir. Əgər terrora qarşı mübarizə asan olsaydı, türrora məruz qalan Türkiyə və Fransa da strateji plan əsasında onu həyata keçirərdilər”.
ABŞ lideri İŞİD-lə İslam arasında əlaqə axtaranlara da ismarınc yolladı: “İŞİD-in qətl etdiyi insanların böyük əksəriyyəti müsəlmandır. İŞİD heç bir halda müsəlmanlığı, İslamı təmsil etmir. Bunu müsəlman ölkələrin-Türkiyə, İndoneziya, Malayziyanın liderləri də təkrar-təkrar bəyan etdilər. Parisdə yaşanan xain hücumların islamla əlaqələndirilməsi qəti şəkildə yanlışdır. Məncə, belə yanaşma terror təşkilatlarının daha artıq tərəfdar toplamasına yol açacaq. İŞİD müsəlman təşkilatı olaraq tanınarsa, çox ağır hadisələrə gətirib çıxara bilər”.
Amerika lideri postsovet ölkələrindəki münaqişələr, həmçinin Qarabağın Ermənistan işğalında qalması, Azərbaycanın bu bölgəsində kök salan terrorçulardan isə gözlənildiyi kimi, bəhs etmədi. Bu isə ATƏT-in Minsk qrupunun həmsədri olan Amerikanın planında Qarabağın yaxın illərdə işğaldan azad edilməsi məsələsinin olmadığını, Ermənistanın işğalçı olaraq tanınmayacağını isbatlayan amildir. Amma G-20-nin ortaya çıxardığı qənaət budur ki, terrora qarşı növbəti mübarizə dalğası başlayacaq, dünyanın supergücü isə bu prosesdə təkbaşına iştirak etməməkdə və antiterror mübarizəsinin davamlı, özü də uzunmüddətli aparılmasında qərarlıdır...