"Fransa olaylarına "Yaxşı oldu" "Əcəb oldu" yanaşması qüsurludur, ziyanlıdır"
Tarix: 17-11-2015, 11:09 |
Çap et
İŞİD noyabrın 13-də Parisdə baş verən zəncirvari terroru üzərinə götürdükdən sonra dünyada islamofobiya meylləri güclənməkdədir. DEVAMM sədri Hacı İlqar İbrahimoğlu “Yeni Müsavat”a açıqlamasında terrorun dinlə əlaqələndirilməsinin yaratdığı mənzərəyə aydınlıq gətirib.
- Hacı, Paris terrorunu İslam faktoru ilə bağlamaq istəyirlər. Sizcə, bu olayın arxasında nələr, hansı ideolojilər dayanır?
- Çox ağır və ciddi bir faciədir. Dünyanın harasında günahsız insanlar qətlə yetirilirsə, bu, birmənalı pislənməli, lənətlənməlidir. İstər Parisdə, istər Beyrutda, Ankarada, Bağdadda olsun, fərq eləməz. Terrorun dini, milləti olmur. Məsələnin ikinci tərəfi isə odur ki, bu hadisə nəticədir. Biz nəticələrin ardınca getməli deyilik. Düşünməliyik ki, bu nəticələrə nələr səbəb olub, bu terror necə baş verib? İŞİD terrorundan danışarkən biz bu terror təşkilatının yaranması, inkişaf etdirilməsi, bəslənməsi prosesinə baxmalıyıq. Belə təəssürat yaradılır ki, guya İŞİD indi zəncirdən qaçıb. Hər şey adı ilə çağırılmalıdır. İŞİD Corc Buş dövrünün mirasıdır. Ciddi təhlilçilər də bunu vurğulayırlar ki, bu gün də İŞİD ABŞ-ın, İsrailin, Qətərin, Səudiyyənin himayəsindədir.
- Yəni Avropanın, Fransanın hədəf alınmasında sadaladığınız ölkələrin də rolu varmı?
- İŞİD-dən neft alanlar var, onların mövcudiyyəti üçün imkan yaradanlar var, birbaşa və dolayısı ilə bu qüvvələrə dəstək verənlər var. Bunlar görünən məsələlərdir. Təəssüflər olsun ki, əziz Türkiyəmizin də bu və ya digər formada müəyyən zamana qədər İŞİD-lə bağlı dolayısı ilə olsa da neytral münasibəti ortada idi. Neçə illərdir İŞİD Suriyada terrorla məşğuldur. İctimai rəydə də hər zaman suallar var - Suriyada hakimiyyətə bu terrorçularmı gələcək, Suriyada, İraqda bu terror qrupu üçün yaradılan fürsətlər dünya üçün daha ağrılı məsələlər gətirib çıxarmayacaq ki? Mən düşünürəm ki, İŞİD çağdaş dünyada ciddi bir alət, ciddi bir vasitədir. İstənilən yerdə, istənilən durumda, dünyanın proseslərini yönəltmək üçün bu alətdən “uğurla” istifadə edilir. Ona görə altını cızaraq söyləyirik ki, İŞİD terroru və ən əsası onun yaradan, inkişaf etdirən, var oluşunu təmin edən qüvvələr lənətlənməlidir. Dediyiniz suala gəlincə, bəli, bu gün Parisdə və dünyanın digər yerlərində İŞİD-in törətdiyi bütün terror olaylarda həmin qüvvələr məsuliyyət daşıyır. Bu gün dünyada da, bizdə də nəticəni pisləyirlər, ancaq o terror qrupunu yaradanlar kənarda qalır. Ona görə də Parisdə vəfat edən günahsız insanlar üçün tökülən göz yaşlarının bəziləri timsah göz yaşlarını yada salır. Bu prosesdə miqrantlar məsələsini də gözardı etmək olmaz. Görünən odur ki, dünyada belə bir durum yaranır - ya ABŞ-la olacaqsız, olmayacaqsınızsa, bu cür sürprizlərə də tez-tez rast gələcəksiz. Ona görə də bu məsələlərdə mən konspiroloji yanaşmağa ehtiyac görmürəm. Bayaq dediyim kimi, İŞİD-in yaranmasında, inkişafında Amerika hökumətlərinin çox böyük rolu olub, ona görə də burada hər hansı konspirologiyaya yer yoxdur. Paris terroru Avropanın 11 sentyabrıdır. Böyük təəssüf hissi ilə deyirəm ki, dinc insanlar dünyasını dəyişir. Onlar böyük mərkəzlərin oyunlarının qurbanlarıdır.
- Bunun ardınca nələr gələcək? Hanqtiqtonun nəzəriyyəsində deyildiyi kimi, “sivilizasiyaların savaşı” Suriyaya geniş hərbi müdaxiləyə, İraq və Əfqanıstandakı kimi, açıq işğala səbəb ola bilərmi?
- Söhbət yalnız Suriyadan getmir. 11 sentyabrdan sonra bir çox qlobal müdaxilələr üçün necə yaşıl işıq yandırıldısa, bu terror da hansısa qlobal hadisələr üçün zəmin yaradacaq. Heç şübhəsiz, bu, islamofobiyanın daha da genişlənməsinə şərait yaradacaq. Hələlik Paris terrorunun təhlükə miqyasını təsəvvür eləmək belə çətindir. Hər halda, bu, özü-özlüyündə çox ağrılı bir prosesdir.
- İslam dünyasının reaksiyalarını necə dəyərləndirirsiniz? Toplumlar, eləcə də İslam təşkilatları bu gün terrorla bağlı necə bir duruş sərgiləməlidirlər?
- Çox təəssüf, son illər, xüsusən də Suriya böhranından bu yana pərakəndə düşüb və hansısa sinxron, koordinə olunmuş mövqe, hətta məsləhətləşmələr belə yoxdur. İslam dünyasında böyük bir pərakəndəlik var. Bu, həm ümumilikdə, həm də ayrı-ayrılıqda İslam dünyasına zərərdir. Hansısa bir müsəlman dövləti düşünsə ki, bu prosesdə neytral, müşahidəçi mövqe tuta bilər, ciddi yanlışlığa yol verir. Regionda heç bir müsəlman ölkəsinin qalmaması üçün ciddi çalışmalar var. Misirin, Türkiyənin, İranın, ümumiyyətlə, ayaqda dura biləcək istənilən müsəlman dövlətinin maksimum zəiflədilməsi stratejisi ortadadır. Bunun bariz nümunəsi Türkiyədir. Türkiyəyə bunu zaman-zaman PKK terroru ilə, elə İŞİD-in özü ilə xatırladırlar. Türkiyənin özü bu gün eksperimental poliqona çevrilib. Bu prosesin bütün müsəlman coğrafiyasına keçirilməsi artıq ehtimal yox, gerçəklikdir.
- Bu gün Azərbaycan toplumunda da ciddi qütbləşmə hiss edilir. Bir hissə qeyd-şərtsiz Qərbi dəstəkləyir, hətta oradakı insanların, belə demək mümkünsə, daha keyfiyyətli olmasını iddia edir, digər bir qisim isə bildirir ki, bu, Qərbin İslam dünyasına qarşı etdiklərinin cavabıdır. Sizcə, Azərbaycan bu məsələdə harada durmalıdır?
- Hər iki yanaşma emosional yanaşmadır. Birmənalı olaraq Amerika, Qərb heyranlığı da, mahiyyətə varmadan qiymətləndirmələr də bu emosional yanaşmanın məhsullarıdır. Necə demək olar ki, terror Avropada baş verirsə, dəyərli insanlar ölür, onlardan Şopenlər, Koperniklər yaranacaqdı, amma bu müsəlman dünyasında baş verirsə, ölənlər sıradan biriləridir.
Bu yanaşmanı hadisənin şokunun nəticəsi də adlandırmaq olar. Bütün hallarda bu rasional yanaşma deyil. “Yaxşı oldu”, “əcəb oldu”, “Qərb müsəlman dünyasında etdiklərinin cavabını alır” kimi yanaşmalar da eyni dərəcədə qüsurlu və ziyanlıdır. Heç zaman unutmaq olmaz ki, terrorun qurbanları dinc insanlar olur. Ona görə də terroru və onun səbəblərini lənətləmək lazımdır. Bu ikisi bir yerdə olmayan yanaşma düzgün qiymətləndirmə sayıla bilməz. Azərbaycanın mövqeyi də bu kontekstdə olmalıdır. Biz ölkə olaraq həm terroru lənətləməli, həm də baş verənlərə nəticə kimi baxmalıyıq. Ən əsası da Azərbaycan bu nəticələrə gətirən avantüralarda iştirak etməməlidir.
- Hacı, dünyada gedən bu proses Azərbaycan hökuməti ilə yerli dini cameələrin münasibətinə necə təsir edəcək, sizcə?
- Bu çox ciddi mövzudur. Düşünürəm ki, bununla bağlı ayrıca bir müzakirəyə ehtiyac var. Ümumiyyətlə götürdükdə isə son dövrlər Milli Təhlükəsizlik Nazirliyinin ətrafında baş verən hadisələr onu göstərir ki, ölkədə birmənalı olaraq təxribatlar baş verib. 2010-cu ildən başlayaraq, heç bir əsas olmadan mötədil düşüncəyə sahib dini cameəyə qarşı Səlib yürüşü başladılmışdı, məscidlər sökülürdü, azana qadağalar qoyulurdu, hicab məsələsi ortaya çıxarılırdı. Maksimum işlər görülürdü ki, dini cameədə bir növ sərtləşmə prosesləri baş versin, bunun ardınca repressiyalara başlansın. Mötədil düşüncəyə sahib cameyə qarşı belə aqressiv münasibət radikal, təkfirçi vəhhabiliyə qarşı mülayimliklə müşayiət olunurdu. Son həftələrdə ortaya bizim illərdir ifadə etdiyimiz narahatlıqları təsdiq edən çoxsaylı məlumatlar çıxıb. 2010-cu ildən bu yana biz dəfələrlə deyirdik ki, burada kimsə dövləti maksimal dərəcədə dini cameənin üzərinə yeridir. Bu məsələdə İsrail və bu kimi rejimlərin də əlinin olması səslənən ittihamlar içərisində idi. İndi bizim dediyimiz kimi, bu qüvvələr arasında birbaşa bağların olması aşkara çıxıb. Bu günə qədər dini cameədən heç bir suçu olmayan, heç bir formada hər hansı qanunsuzluqda əli olmayan insanların həbsi baş verib. Mən bir-bir ad çəkmək istəmirəm. Çoxdurlar. Sadəcə, ən sonlarını deyim, məsələn, Hacı Ceyhun Cəfərov. Bu insan yetərincə mötədil düşüncəli insandır, heç kim onun hansı səbəbdən həbs edildiyini bilmir. Hacı Elşən Mustafaoğlu. O da dini cameədə, bütünlükdə ölkədə tanınmış müsəlman intellektualıdır. Bundan öncəki həbslərdə də - istər Hacı Mövsüm, istər, Hacı Abgül eyni proses baş verib. 2010-cu ildən bu yana hər şey edilirdi ki, dini cameə daha da sərt mövqeyə keçsin ki, sonra onların üzərinə gəlmək üçün səbəb tapılsın.
Son bir neçə həftədə də biz gördük ki, ictimaiyyətin fikrini bu həbslərdən yayındırmaq üçün dini cameəyə qarşı yenidən hücum başlandı. Bütün ictimai rəy buna kökləndi ki, ay aman, qoymayın, ölkədə böyük bir dini təhlükə var. Bu durumun seçkidən öncə yetişdirilməsi həm də Qərbə bir mesaj idi ki, hansı seçki, hansı demokratik prosesdən danışırsız? “Ölkədə dini radikallıq artıq və bizsiz ölkəni kontrolda saxlamaq mümkün deyil”, mesajı da bunu paralelindədir. Fikir verdinizsə, seçkidən dərhal sonra fikri yayındırma prosesi getdi. Həbslər baş verdi və cəmiyyətdəki etiraz dalğası yatırdıldı. Bu ilk deyil ki... Son 5 ildə dini cameəyə qarşı dəfələrlə belə süni basqılar düzənlənib. Özü də bütün bunlar təkfirçi vəhhabiliyə qarşı çox tolerant münasibət fonunda baş verir. Bu gün ortaya çıxır ki, həmin qüvvələrin Azərbaycana qarşı necə ciddi fəaliyyəti var imiş, onlar ciddi qaynaqlardan dəstək alırmışlar. Mən ilk dəfə media vasitəsilə demək istəyirəm ki, artıq hökumətlə dini cameələr arasında münasibəti daha sağlam müstəvidə tənzimləməyin, ciddi islahatlar aparılmasının zamanı gəlib.