Milli Dirçəliş Günündən 27 il ötür...
Tarix: 16-11-2015, 16:51 | Çap et
Milli Dirçəliş Günündən 27 il ötür...
Bu gün Milli Dirçəliş Günüdür. 27 il öncənin bu günü dövlət müstəqilliyimizə gedən yolda ilk mühüm addım atıldı. Məhz 17 noyabrda ilk dəfə olaraq üçrəngli bayrağımız Azadlıq meydanında dalğalandı. 18 gün fasiləsiz davam edən mitinq üç il sonra qazanılacaq müstəqilliyimizin əlifbası oldu...

1992-ci ildə Azərbaycanın ilk qanuni yolla seçilmiş prezidenti, Milli Dirçəliş Gününün memarlarından olan Əbülfəz Elçibəy 17 noyabrın Milli Dirçəliş Günü kimi qeyd olunması və rəsmi dövlət bayramları sırasına daxil edilməsi barədə fərman verib. 2006-ci ilə qədər 17 noyabr qeyri-iş günü kimi dövlət səviyyəsində bayram kimi qeyd olunurdu. Təəssüflər olsun ki, son 9 ildə bu bayram dövlət səviyyəsində əlamətdar günlər sırasından çıxarılıb, yəni bayram kimi qeyd olunmur.

Qeyd edək ki, bu günün əlamətdar olmasında xüsusi rol oynayan bir sıra tanınmış simalar var.

Meydan hərəkatının həqiqi qəhrəmanlarından biri də sabiq baş nazir, AXP sədri Pənah Hüseyndir. O, qısa şəkildə 27 il öncənin bu gününə belə şərh verdi: “Həmin gün həyatımda, yaddaşımda sevincli, coşqulu, həvəsli və böyük planlar, arzular, xəyallar içində olduğu bir gün kimi qalıb. Bu gün o zamankı arzu, xəyal, həvəs artıq yoxdur. Amma əsas olan odur ki, müstəqil dövlətimiz qalır. Bütün xalqımızı, millətimizi müstəqillik günü münasibətilə təbrik edirəm”.

17 noyabrın daha bir memarı var. Bu, 1988-ci ildə yalnız şair kimi, indi isə həm şair, həm də VHP sədri kimi tanınan Sabir Rüstəmxanlıdır. Sabir bəy həmin şərəfli tarixi günü belə xatırlayır: “Hərəkatda çox isimlər, simalar olub. Təşkilatlanma gedib və Xalq Cəbhəsi yaranıb. Bunların hamısı hər kəsə aydındır. Hər kəsin də öz mövqeyi və xidmətləri var. Amma konkret olaraq, 17 oktyabrdan başlayan hadisənin iki aparıcısı var idi: şair Sabir Rüstəmxanlı və fəhlə Nemət Pənahlı. Bu konkretdir. Bunun üstündən nə qədər sağa-sola çəkirlərsə, çəksinlər, adımı unutdurmağa çalışırlarsa, çalışsınlar, Nemətə qarşı hansısa mövqe sərgiləyirlərsə, sərgiləsinlər, bir milyon insanın olduğu meydanın məsuliyyəti bizim üzərimizdə idi. Bəzən axşama qədər danışan yalnız biz olmuşuq.

Meydanın dağılması göstərişini də biz verdik. Əslində meydan dağılmadı, insanlar təzədən qayıtdılar. Əgər meydan idarə olunmasaydı, 20 Yanvar faciəsi həmin meydanda baş verəcəkdi. Həmin dövrdə təşkilatlanmış ciddi bir proses gedirdi. Bu meydan hərəkatını xalqımızın tarixinin bir parlaq səhifəsi hesab edirəm. Həmin dövrün lentlərinə baxıram. Hərçənd, çoxu əldə deyil. İndi kimsə o dövrlə bağlı film çəkir, klip hazırlayır, əsər yazır, öz zövqünə uyğun kimi istəyirsə, kəsib atır. Amma millətin yaddaşı hələ də kəsilib atılmayıb. Meydan hərəkatı hər kəsin gözünün qabağındadır, hər kəs həmin günləri əvvəldən axıra qədər xatırlayır. O meydan əslində qalsa, o vaxt dediyim kimi bir universitet idi. Hərəkat Qarabağda baş verən proseslər, Topxana meşəsinin qırılması, orada aluminium zavodunun tikilməsi söhbəti ilə bağlı başlamışdı. Əslində qalsa, hərəkat Moskva hökumətinin bizə qarşı olan xəyanətkar mövqeyinə görə olmuşdu. 1988-ci ilin əvvələrindən başlayaraq, mitinqlər keçirilirdi. Biz inanmırdıq ki, ilin sonunda bu qədər insan bir araya gələ bilər. Hərəkat getdikcə böyüdü. Köhnə lentlərə, kliplərə baxanda içimi o zamankı qürur hissi doldurur. Öz millətimin böyüklüyünə bir daha heyrətlənirəm. Namuslu ziyalılarımızın cəsarətinə heyran qalıram. Tribunada böyük isimlər görürəm.

Orada Bəxtiyar Vahabzadəni, Ziya Bünyadovu, Xəlil Rza Ulutürkü, Əbülfəz Elçibəyi, Qabili və digər şəxsləri görürəm. Hətta dövlət rəsmiləri də məcbur olub xalqın qarşısında çıxış edirdilər. Orada mən Aydın Məmmədovu, rəhmətlik Nüsrət Kəsəmənlini də görürəm. Ayrı-ayrı bölgələrdən mitinqə gələnlər var idi. Orada Güneyin səsi, türk dünyasının bütövlüyü, Azərbaycanın məruz qaldığı haqsızlıqlara üsyan var. Millətin unudulmuş bayrağı həmin dövrdə meydana çıxarıldı. Ora bir tarix universitetidir. Millət öz keçmişini bir daha gözdən keçirir. Millət o hərəkatda böyük bir dərs keçdi. O universitetin indi tələbələri var. Hər halda biz o universitetin idarəediciləri, kobud şəkildə olsa da, dərs keçənləri idik”.
S.Rüstəmxanlı Azadlıq meydanını nəhəng bir kürsüyə bənzətdi:

“ Meydanın özü nəhəng bir kürsü idi. Orada xalq dünyaya öz sözünü deyirdi. Mənə elə gəlir ki, həyatım meydana gələn bir yol idi. Həmin gün çox xoşbəxt idik ki, xalqımız bir araya gəlir. Sonrakı faciələri təbii ki gözləmirdik. Biz bilməzdik ki, Moskva əhalisinin bir hissəsi olan bizə qarşı qoşun yeridə, qəddar davrana, qırğın törədə, ərazimizin bir hissəsini qonşu ölkəyə verə bilər. Biz cəsarətlə kəfənimizi boğazımıza geyinib, meydana çıxmışdıq. O hadisələrin üstündən çox keçib. Bu gün həmin hadisələrdən sonra doğulan, o hadisələri görməyən bir nəsil var. Deyərdim ki, o hadisələri eyvandan izləyib, qorxusundan hərəkata qoşulmayan insanlar da var.

Çalışırlar ki, həmin hadisələrin əhəmiyyətini azaltsınlar. SSRİ-nin dağılmasında 1988-ci ildəki meydan hərəkatımız böyük rol oynadı. Bu gün ki müstəqilliyimizin qazanılmasında həmin meydan hərəkatının müstəsna xidmətləri var. Bunu heç kəs dana bilməz. İndi deyirlər ki, biz hardayıq, niyə xalqla birlikdə deyilik. Həmin dövrdə ziyalılar xalqla birlikdə meydanda idi. O birliyi pozmaq üçün sonrakı zamanlarda əllərindən gələni etməyə çalışan insanlar oldular. Meydana kölgə salmaq olmaz. Təəssüflər olsun ki, Milli Dirçəliş Günü bayramlarımız sırasında deyil, bayram kimi qeyd olunmur. O gün üçrəngli bayrağımız meydana çıxarılmışdı. İlk dəfə olaraq, məhz o gündə Azərbaycanın SSRİ-nin tərkibindən çıxması tələbləri səsləndi. Əvvəlcə Qarabağ məsələsinə görə etiraz aksiyası idi. Sonra ordu yeridildi. Ordu meydanı əhatəyə aldı. O gündən həmin hərəkat milli azadlıq hərəkatına çevrildi. Bu mübarizənin nəticəsində Azərbaycan müstəqil oldu”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net