İlham Əliyevin G20 sammitindəki çıxışına ŞƏRH
Tarix: 16-11-2015, 15:13 |
Çap et
Bir azdan Antalyada təşkil edilən G20 sammiti başa çatacaq. Türkiyə prezidentinin sədrliyi Çinə təqdim edəcəyi gözlənilir.
Modern.az saytı bildirir ki, bu haqda G20 sammitinin iştirakçısı Vüqar Bayramov məlumat verib.
İqtisadçı qeyd edib ki, Azərbaycanın ilk dəfə qatıldığı sammit ölkəmiz üçün kifayət qədər uğurlu olub:
“Əvvəla, Azərbaycan nümayəndə heyəti ötən il ərzində bütün görüşlərdə və müzakirələrdə iştirak edə bildi. Bu da Azərbaycanın regional məsələlər ilə bağlı mövqeyinin nümayiş etdirilməsi və fikir mübadiləsi baxımından olduqca vacib idi.
İkincisi, ölkəmiz G20 sammitinə yüksək səviyyədə hazırlaşdı. Azərbaycan nümayəndə heyəti bütün platformalarda təmsil oluna bildi. İlk dəfə olaraq ölkəmiz “Biznes 20”, “Beyin 20”, “Qadın 20” kimi platformalarda fəal iştirak etdi.
Üçüncüsü, sammit ərəfəsində nəşr edilən və dünyanın aparıcı liderləri də daxil olmaqla iştirakçılar arasında yayımlanan “G20” dərgisində prezident İlham Əliyevin “Ümumi strategiyanın formalaşdırılması” başlıqlı məqaləsi də dərc edildi. Məqalədə ölkəmizin müstəqillik illərində keçdiyi yol, iqtisadiyyatın diversifikasiyası ilə bağlı məqamlarla yanaşı, multikulturalizm kimi digər vacib məsələlər də öz əksini tapıb”.
Vüqar Bayramov bildirib ki, dövlət başçısı Azərbaycanda həyata keçirilən islahatlarla yanaşı, Antalya G20 liderlər sammiti kontekstində qlobal məsələlərlə bağlı öz fikirlərini bölüşüb:
“Nəhayət, sammitin özünə gəldikdə, Azərbaycan rəhbərliyi və ekspertlər tədbirdə ölkəmizin mövqeyini geniş auditoriyaya çatdırdı. Azərbaycan prezidenti ikitərəfli görüşlər keçirməklə yanaşı, eyni zamanda bu yüksək tədbirdə çıxış etdi.
Dövlət başçımız çıxışında iqtisadi və regional məsələlər, Qarabağ münaqişəsi və ölkəmizin məruz qaldığı terror barədə məlumat verdi.
Fransada baş verən terrordan sonra Azərbaycanın uzun müddət üzləşdiyi problemləri qlobal auditoriya daha yaxşı anlamış olmalıdır.
Eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ikitərəfli görüşlər keçirərək xüsusi müzakirələrdə iştirak etdi. Mehriban xanım Antalyada yerləşən əlillərin bərpa mərkəzini ziyarət etməklə ölkəmizin humanizmə diqqətini bir daha təqdim etdi. “Beyin 20” və “Biznes 20” platformalarında nümayəndələrimiz xeyli aktiv oldular.
Dünya liderləri üçün təkliflərin hazırlanmasında Azərbaycan nümayəndə heyətinin iştirakı və töhfəsi birmənalı şəkildə yüksək qiymətləndirilməlidir. Bütövlükdə, sammit çərçivəsində bütün platformalarda nümayəndə heyətinin aktiv iştirakı həm ölkəmizin təqdimatı, həm də Azərbaycan ilə G20 ölkələrinin iqtisadi əməkdaşlığı möhkəmləndirmək baxımdan faydalı oldu”.