“Valideynlər uşaqların hərarətlərini tez salmağa çalışmasınlar” – Həkim MƏSLƏHƏTİ
Tarix: 16-11-2015, 13:53 | Çap et
“Valideynlər uşaqların hərarətlərini tez salmağa çalışmasınlar” – Həkim MƏSLƏHƏTİ
Payız-qış mövsümünün gəlişi ilə müxtəlif infeksiyaların aktivləşməsi müşahidə olunur və qrip virusuna yoluxan insanların sayı artır. İnsanlar arasında sürtətlə yayılan bu virus uşaqlardan da yan keçmir və günlərlə yüksək hərarət müşahidə olunur.

Tibb Universitetinin Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev Modern.az-a bildirib ki, payız-qış mövsümünün gəlməsi ilə əlaqədar uşaqlar arasında qripə yoluxma, yuxarı tənəffüs yollarının katarı, müxtəlif virus xəstəlikləri artır. Onun sözlərinə görə, bunun əsas mənbəyində uşaqların soyuqlaması, düzgün geyinməməsi dayanır:

“Gün ərzində hava bir neçə dəfə dəyişir. Ona görə uşağın düzgün geyinməsindən çox şey asılıdır. Bəzi valideyinlər uşağı həddindən artıq isti geyindirir, uşaq tərləyir, paltarını dəyişdirə bilmir, tərləyən alt köynəkləri onların əyinlərində qalır və xəstələnmələrinə gətirib çıxardır.

Belə vaxtlarda havanın hərarətinin tez-tez dəyişilməsi nəticəsində virusların, bir çox hallarda bakteriyaların artmasına, xəstəlik törətməsinə münbit şərait yaranır. Bununla əlaqədar bu xəstəliklər bu dövrlərdə artır”.

Professor uşaqlar arasında qrip virusuna yoxulanların əvvəlki illərə nisbətən az olduğunu bildirib:

“Arada qrip virusuna uşaqlar arasında yoluxma həddindən artıq yayılmışdı. İndi nisbətən sakltikdir. Amma bu günləri də şəhərdə yüksək hərarət, boğaz ağrısı, halsızlıqla keçən qrip var və uşaqlar da buna yoluxur.

Ümumiyyətlə, belə anlarda valideyinlər uşaqların hərarətlərini tez salmağa çalışmasınlar. Xəstələnmələr zamanı hərarətin yüksək olması qoruyucu reaksiyadır. İnsan orqanizmi müəyyən hərarətə qədər qalxır və bu virusların ölməsinə gətirib çıxarır. Bəzən valideynlər səhv edərək uşağın 37,5 və ya 38-ə yaxın qızdırması olanda qızdırma salıcı dərman verirlər. Bu zaman özləri də bilmədən virusların inkişafına və daha da yayılmasına şərait yaradırlar.

Yalnız uşağın hərarəti yuxarı qalxan kimi, qıc olmaları başlayanlara hərarət salıcı dərman vermək olar. Digər hallarda qızdırma salıcı dərmanlar yuxarı hərarətlərdə verilməlidir”. Surxay Musayev onu da vurğulayıb ki, valideyinlər lazım oldu-olmadı virus infeksiyası yoluxan uşaqlara antibiotiklər tətbiq edirlər:

“Bu, qətiyyən yolverilməzdir. Antibiotik bakteriyalara qarşı olan dərman vasitəsidir. Viruslara qarşı antibiotik verilməsi məqsədə uyğun deyil. Antivirus preparatları uşaqlara vermək lazımdır. Boğaza püskürtməkdən tutmuş, içməyə qədər interferon tərkibli dərmanlar çoxdur. Belə hallarda virus əleyhinə dərmanlar xeyir edir.

Hərarətin uzun müddət davam etməsinin səbəblərindən biri də uşaqların immunitetinin zəif olması və orqanizmin möhkəmləndirilməsi ilə valideyinlərin pis məşğul olmasıdır. İmmuniteti zəif olan uşaqlar isə belə xəstəlikləri ağır keçirdir. Bunun üçün uşağı təmiz havada çox saxmalı, rejimi düzgün, qidalanması normal olmalıdır, yəni uşaq bükülüb saxlanılmamalıdır”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net