Daha bir nazir işdən çıxarıldı
Tarix: 12-11-2015, 15:42 |
Çap et
Rabitə və Yüksək texnologiyalar naziri Əli Abbasov vəzifəsindən azad edilib.
ANS PRESS-in məlumatına görə müvafiq sərəncamı Prezident İlham Əliyev imzalayıb.
Prezidentin imzaladığı sərəncamında deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Əli Məmməd oğlu Abbasov Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilsin".
Müstəqil Azərbaycanın ilk Rabitə və yüksək texnologiyalar naziri olan Əli Məmməd oğlu Abbasov 1 yanvar 1953-cü ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1976-cı ildə Moskva Energetika İnstitutunu “Avtomatika və telemexanika” ixtisası üzrə bitirib. Bir il Azərbaycan Elmlər Akademiyasında işlədikdən sonra Ukrayna Elmlər Akademiyasında aspiranturada təhsilini davam etdirib.
1994-cü ildə 05.13.14 - "İnformasiya emalı və idarəetmə sistemləri" ixtisası üzrə dissertasiya müdafiə edərək və texnika elmləri doktoru adını almışdır.
1996-cı ildən professor, 2001-ci ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür.
2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru olub.
Ailəlidir, iki övladı var.
Nazir vəzifəsinə 20 fevral 2004-cü ildə təyin edilib.
Bundan öncə prezident İlham Əliyevin sərəncamaı ilə dövlət başçısı Eldar Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalamışdı. Onun vəzifədən azad edilməsindən sonra MTN-də həbslər başlayıb. Nazirliyin ona yaxın əməkdaşı cinayət məcəlləsinin müxtəlif maddələri ilə ittiham edilərək həbs edilib.