Şagirdin güllə atdığı otaga heç kim buraxılmır
Tarix: 12-11-2015, 14:59 |
Çap et
Bu gün ölkə mediasının əsas manşeti Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 106 saylı orta məktəbin 7c sinfində dərs zamanı şagird sinif yoldaşını sinəsindən güllələməsi xəbəri oldu.
Mediada yayılan xəbərlərə görə, əmək təlimi dərsi zamanı müəllim, Bakı sakini 1966-cı il təvəllüdlü Hidayət Qurbanova məxsus Türkiyə istehsalı olan “Kral Air Rfle” markalı pnevmatik tüfəngdən istifadə zamanı şagird 2003-cü il təvəllüdlü Hacı Əliyev ehtiyatsızlıqdan atəş açaraq sinif yoldaşı olan həmyaşıdı Murad Nurzadəni sinəsindən güllələyib.
Hafta.az-ın əməkdaşı hadisəni dəqiqləşdirmək və yerində araşdırmaq üçün adıçəkilən məktəbə yollanıb.
Biz 106 saylı məktəbə çatanda təhsil ocağının qarşısı səssizliyə bürünmüşdü. Ümumiyyətlə, məktəbdə çox az şagird və müəllimin olduğunu gördük. Məktəbin qapıçısı isə artıq burada dərslərin bitdiyini dedi. Saatlarımız isə 12:55-i göstərirdi.
Məktəbin içərisinə daxil olub özümüzü təqdim etdik. Baş vermiş hadisə ilə əlaqədar gəldiyimizi bildiridik. Məktəbin Şəki ləhcəsində danışan ağbirçək müəlliməsi isə bildirdi ki, belə bir hadisə baş verməyib. Faktı rəsmiləşdirmək üçün məktəb direktorunun otağını soruşduq. Həmin müəllimə isə bildirdi ki, direktor hazırda məktəbdə deyil:
“Direktor otağında deyil. Təhsil Nazirliyinə gedib. Güllələnmə xəbərini isə ilk dəfə sizdən eşidirik”.
Elə bu zaman ikinci mərtəbədən düşən bir şəxs bizə yaxınlaşıb bildirdi ki, sizin icazəsiz məktəbə daxil olmağa haqqınız yoxdur:
“Yalan yazıblar. Bayaq o xəbəri yazana zəng edib ağzıma gələni demişəm. Dəqiqləşdirmədən o nədir veriblər. Hamı indi bura axışır. Elə bir şey yoxdur. İndi hansı zəmanədir, 90-cı illər deyil ki, hərədə bir silah olsun?! Bura elm ocağıdır. Belə bir şey ola bilməz. İndi isə məktəbin ərazisini tərk edin. Heç şəkil çəkməyə də icazə vermirəm sizə. Yeddinci sinifdə isə dərslər yarım saatdır ki, bitib”.
Şagirdlərin Fikrət müəllim dediyi bu şəxs jurnalist vəsiqəmizi göstərsək də məcburi bayıra çıxardı, desəm yanılmaram. Üstəlik qapını da üzümüzə çırpdı. Şagirdlərin öz aralarında etdikləri söhbətə görə isə, guya 7c sinfinin şagirdi Hacı Əliyev “şarikli” oyuncaq tapançadan “atəş” açıb.
Müəllimlərin and-aman edərək belə bir hadisənin olmamasını bu cür tələsik və təlaşla verməsi ortaya yeni suallar çıxarır; Əgər belə bir hadisə olmayıbsa niyə məktəb direktoru Təhsil Nazirliyinə çağırılıb? Xəbərin yayılması ilə direktorun nazirliyə çağrılması faktının üst-üstə düşməsi şübhələri daha da artırır. Hadisə olmayıbsa acı dillə cavab vermək yerinə səmimi şəkildə həmin sinifə jurnalisti buraxmaq (özü də sinifdə dərs keçirilmirsə -T.T), hadisənin baş verdiyi iddia olunan sinifdə qan izlərinin olmadığını sübuta yetirmək də olardı. Əgər belə bir hadisə olubsa, şagirdlərin Fikrət müəllim deyə çağırdıqları bu insanın etdikləri cinayəti cəmiyyətdən və mediadan gizlətmək deməkdir.
Elə məktəbin həyətindəcə Təhsil Nazirliyinə zəng edib belə bir hadisənin baş verib-vermədiyini dəqiqləşdirməyə çalışdıq. Məsələyə münasibət bildirən Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov hafta.az-a açıqlamasında bildirdi ki, yayılan xəbərlər şişirdilib:
“Belə bir hadisə olmayıb. Hələlik hadisənin hansı şəkildə olması Bakı Şəhər Təhsil İdarəsi tərəfindən araşdırılır. Amma şagird öz sinif yoldaşına odlu silahdan atəş açmayıb”.
Bütün bunlara baxmayaraq məktəb rəhbərliyinin bizi qapıdan qovması və direktorun səbəbi açıqlanmayan nazirlik səfəri bizdə bir qənaət yaratdı. Atalar demiş, od olmayan yerdən tüstü çıxmaz.
Həm də kimliyindən və peşəsindən asılı olmayaraq ünvanına gələn qonağı acılayaraq, üzünə qapı çırparaq yola salmaq heç bir insana baş ucalığı gətirməz. Özü də həmin insan təhsili-kamil müəllim ola. Məktəbli Hacı Əliyevin hadisəni törədib –törətmədiyini deyə bilmərik, amma onun Fikrət müəllimləri kimi öyrədənlərinin olmasına öz adımıza təssüflənirik.