Azərbaycanlıların məmur obrazı - Bürokratlar və vicdanlılar...
Tarix: 11-11-2015, 16:53 |
Çap et
Azərbaycanda müxtəlif nazirlik və müxtəlif dövlət qurumlarında çalışan məmurların fəaliyyəti, onların davranış qaydaları ilə bağlı tez-tez kütləvi informasiya vasitələrində xəbərlərə rast gəlir, yaxud onlarla bu və ya digər məsələlərə görə ünsiyyətdə oluruq. Əlbəttə, məmur deyəndə ilk növbədə yüksək vəzifə daşıyan şəxslər təsəvvür edilir. Görəsən, məmur anlayışı Azərbaycan insanının təsəvvüründə hansı obrazı yarada bilib? Azərbaycan vətəndaşları məmurlara nə dərəcədə etibar edir? Məmur deyəndə bütləşmiş simalarmı yada düşür?
Bu mövzuda Modern.az saytına açıqlama verən Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafanın fikrincə, Azərbaycanda dürüst məmurlar çoxdur: “Bununla yanaşı, öz fəaliyyət funksiyalarını vicdanla yerinə yetirməyən xeyli məmur var. Son hadisələr də göstərdi ki, bir nəzarət mexanizmi tətbiq edilməzsə, onların işlədiyi qurumun nüfuzunu qaldırmaq mümkün olmayacaq.
Əhalidə hələ də informasiya aclığı var. İnsanlar lazımı informasiyanı məmurdan ala bilmirlər. Belə bir güvənsizlik mühiti formalaşır. Elə bir mühit yaratmalıyıq ki, insasnlar ən azı məmur vicdanına arxayın ola bilsinlər. Məmurlar tərəfindən özlərini aldadılmış hesab etməsinlər. Bu baxımdan məmurlara güvən hələ ki yetərli səviyyədə deyil”.
Fazil Mustafa vətəndaşların məmurlara inamsızlığına daha sonra belə şərh verib:
“Prezidentə göndərilən müraciətlərin 90%-i aydiyyatı üzrə baxılmadığına görə, insanlar əlacsız qalıb tək ümid yeri kimi Prezidentə, yaxud Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanıma müraciət edirlər. Çünki funksiya yerinə yetirilmir və cazasızlıq olduğuna görə, insanlar düşünür ki, bu cür addımlarla real yardım almaq olar. Xəstəsi olan bilir ki, Mehriban xanımın göstərdiyi hümanizm ona kömək edə bilər, yaxud da prezidentin hansısa bir neqativ halla bağlı tapşırığı məmurları müəyyən qanunauyğun fəaliyyətə sövq edə biilər. Bu yaxşı hal deyil. Çünki Prezidentin işi-gücü onsuz da kifayət qədər çoxdur. Xarici siyasətdə yüzlərlə problem var. Ona görə də məmurların üzərinə düşən bu kimi işləri vicdanla görməsi vacib amildir. Həmçinin bu kimi neqativ halların baş verməsi də dövlətçilik baxımından yaxşı hal deyil və qəbuledilməzdir”.
Jurnaliist Elçin Şıxlının məsələyə yanaşması bu cür olub:
“Məmur anlayışı ilə bağlı müsbət heç bir obraz yaranmır. Bürokraiya, süründürməçilik,.. məmur vətəndaşın cibinə, əlinə baxır.. Bundan o yana gedən obraz yoxdur. Ədalətli məmur obrazının içində yaxşıları çox azdır. Yəni ümumi mənzərə heç də yaxşı deyil, ümumi obraz mənfidir. Sovet dövrüylə müqayisədə heç bir fərq yoxdur. Sadəcə, o vaxtlar məmurlar Moskvadan qorxub çəkinirdilər ki, kimsə mərkəzə şikayət edər. Ölçü götürərlər, başlarına oyun açarlar. İndi isə Moskva yoxdur özümüzük, ona görə də deyirlər ki, “get kimə istəyirsən şikayət elə”. Belə deyək də, artıq mənfilikdə də müstəqilləşmişik”.
Vaxtı ilə Azərbaycanda baş nazir və dövlət katibi vəzifələrində çalışmış, eks-deputat Pənah Hüseyn isə qısaca olaraq məsələyə bu cür yanaşıb: “Məmursuz dövlət olmaz. Məncə insanlarda normal məmur anlayışı var. Təbii ki, bu məmur anlayışının içində bürokratlar, korrupsioner quldurlar, cinayətkarlar və vicdanla işləyənlər də var”.