Rusiya vasitəçi olaraq regionda ortaq məxrəcin tapılmasında maraqlıdır
Tarix: 10-11-2015, 16:24 |
Çap et
“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun müttəfiqi olduğu Ermənistana səfəri zamanı bir sıra məsələlər, o cümlədən Dağlıq Qarabağ probleminin həlli prosesi müzakirə olunub”.
Bunu SalamNews-a Qərb Univeristetinin professoru, politoloq Fikrət Sadıqov deyib.
O bildirib ki, son zamanlar Azərbaycan Rusiya üçün kifayət qədər önəmli partnyora çevrilib: “Yoxsul, uzadılmış əl sayəsində yaşayan Ermənistandan fərqli olaraq, Azərbaycan Moskva üçün ölduqca önəmli dövlətdir. İnandırıcı görünmür ki, Rusiya indiki vəziyyətdə Ermənistana təzyiq göstərərək, məğlub olmasını və Azərbaycanın işğal etdiyi torpaqlarını tam geri qaytarmasını tələb etsin. Amma bu prosesin başlanması və müəyyən yumşaq siyasətin yürüdülməsi məsələsi Rusiyanın maraqlarına cavab verir. Mənə elə gəlir ki, Rusiya Ermənistanın hansısa müsbət addım atmalı olduğunu başa düşür. Əks halda Azərbaycan torpaqlarını azad etmək üçün hərbi potensialından maksimum istifadə edəcək. Bunu dəfələrlə Azərbaycanın dövlət başçısı və müdafiə naziri də bəyan edib ki, istənilən zaman torpaqlarımızı hərb yolu ilə azad etməyə hazırıq. Onu da unutmayaq ki, Lavrov ilk olaraq bu ilin sentyabr ayında Azərbaycana səfər edib. İrəvanda müzakirə olunan məslələr Bakı rəsmiləri ilə də müzakirə edilib”.
“Rusiya vasitəçi olaraq regionda ortaq məxrəcin tapılmasına maraqlıdır. Bir tərəfdən müttəfiq Ermənistan, digər tərəfdən partnyor Azərbaycan: Həm Bakıda, həm də İrəvanda bu formatda müzakirələr gedib. Lakin müzakirələrin detallarını yalnız ehtimal edə bilərik. Təbii ki, dəqiq nəticələri bilmək hələlik mümkün olmayacaq”, - deyə politoloq əlavə edib.