Seçkinin nəticələrinə həsr olunmuş toplantıda Elza Seyidcahanla bağlı da QƏRAR VERİLƏCƏK
Tarix: 10-11-2015, 15:27 |
Çap et
Son günlər 54 saylı Şabran-Siyəzən seçki dairəsindən millət vəkilliyinə keçmiş namizəd Elza Seyidcahanla sabiq millət vəkili Tahir Süleymanovun səlahiyyətli nümayəndəsi Etibar Heydərov arasındakı söz-söhbətlər böyüyür. YAP üzvü müğənni Elza Seyidcahan hakim partiyanın bu dairədən sənədli–sübutlu namizədi olan Tahir Süleymanovun guya seçkiləri saxtalaşdırdığını iddia edir. Digər tərəfdən də Yeni Azərbaycan Partiyası funksionerləri isə müğənninin bu hərəkətinin hakim partiyanın nüfuzuna zərbə olduğunu və onun partiyada qalıb-qalmamaq məsələsinin müzakirə olunacağını bildiriblər.
“Seçkilərin nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq olunduqdan sonra partiyanın rəhbər strukturu seçkinin yekunu ilə bağlı toplantı keçirəcək. Bu məsələlərə də orada baxılacaq”.
Bunu isə hafta.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov deyib. Millət vəkilinin sözlərinə görə, 1 noyabr seçkilərinə nə az, nə çox, düz 53 nəfər Yeni Azərbaycan Partiyasının qərarı olmadan namizədliyini irəli sürübmüş:
“Onun böyük əksəriyyəti namizədliyini geri götürdü. Bir neçə nəfər isə namizədliyini geri götürmədi, partiyanın namizədlərinə alternativlik etdilər. Bu da qurumun siyasi xəttinə, yoluna zidd hərəkətdir. MSK rəsmi nəticələri açıqlayandan sonra partiyanın rəhbər strukturu təşkilatın əleyhinə gedənlər, alternativlik yaradanların məsələsinə baxacaq. Seçki haqqında düzgün olmayan informasiyalar yayanların da məsələsi müzakirəyə çıxarılacaq. Bu adamlarla bağlı partiyanın müvafiq qərarları olacaq. O insanların kimliyi ilə bağlı isə rəsmi qərardan sonra açıqlamalar veriləcək. Mərkəzi Seçki Komissiyası seçilmiş deputatların mandatlarını təsdiq etdikdən və Konstitusiya Məhkəməsində bu məsələ təsdiqləndikdən sonra YAP İdarə Heyəti seçkinin nəticələrinə həsr olunmuş toplantı keçirəcək və bu şəxslər barədə də qərar veriləcək”.
Hadisələr isə səngimək bilmir, Elza Seyidcahanın iddialarına görə, seçkilərdən sonra da ona qarşı təzyiqlər davam edib. Belə təzyiqlərin sonuncusu isə iki gün əvvəl müğənninin Şabran və Siyəzən səfəri zamanı baş verib:
"Hadisə 9 noyabr bayraq günü olub. Bu dairədən mənə rəqib olan Tahir Süleymanovun köməkçisi Etibar Heydərov mənə təzyiq göstərdi”.
Bunu isə hafta.az-a açıqlamasında Əməkdar artist Elza Seyidcahan deyib. Müğənninin sözlərinə görə, Etibar Heydərov hətta onun üstünə hücum da çəkib:
“Bayraq günü ilə bağlı Siyəzən idik. Xalqla, seçicilərimlə bayramlaşırdıq. Siyəzən–Şabran camaatı yekdilliklə seçkidə mənə səs verdilər. Camaat mənim aksiyamı çox gözəl qarşıladı. Bayraq gününü öz seçicilərimlə keçirməyi borc bildim. İnsanlar da çox sevindilər. Bir də gördüm ki, Etibar Heydərov üstümə şığıdı. Dedi ki, yığışdır bunları, təxribatla məşğul olursan burada. Onun videosu da var. Sonra Şabrana gedib Bayraq meydanına gül dəstəsi qoydum, bukletlər payladım. Camaat bundan çox sevincək oldu. Şabranda seçicilər dedilər ki, Elza xanım, siz düz etmirsiniz. Biz sizə səs verdik, amma siz səsinizi tələb etmirsiniz. Mən də onlara dedim ki, bu şikayətlərə baxılır. İnşallah MSK sədri Məzahir Pənahov olmaqla, dəyərli hüquqşünaslarımız bununla bağlı ədalətli qərar qəbul edəcəklər”.
Xatırladaq ki, adıçəkilən dairədən növbəti beşillik üçün millət vəkili Yeni Azərbaycan Partiyasının namizədi Tahir Süleymanovun seçilib.