“Rusların Azərbaycana vurduğu ziyanı hesablamaq üçün ayrıca institut yaratmaq lazımdır”
Tarix: 9-11-2015, 11:53 |
Çap et
Məlum olduğu kimi, Pribaltika dövlətləri sovet işğalı nəticəsində onlara dəyən ziyana görə, özünü SSRİ-nin varisi elan edən Rusiyaya qarşı kompensasiya tələbi irəli sürməyi qərara alıb. Maraqlıdır, sovet işğalından hər kəsdən daha çox əziyyət çəkən, daha çox talan və qırğına məruz qalan Azərbaycan necə, bununla bağlı Rusiyadan kompensasiya tələb edə bilərmi?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Sabir Rüstəmxanlı hesab edir ki, Azərbaycan Rusiyaya qarşı kompensasiya tələbi irəli sürəcəksə, bu dövlətdən təxminən 200 illik işğal və talanın hesabını sormalıdır:
“Azərbaycan Rusiyaya qarşı kompensasiya tələbi irəli sürə bilər. Amma əgər belə bir addım atacaqsa, onda gərək Rusiyada 200 illik talan və işğalın hesabını soruşsun. 1800-1801-ci ildən başlamış Azərbaycanın müstəqillik qazandığı günə qədər ölkəmizə dəyən ziyan hesablanmalıdır. Bütün xanlıqlarımızın işğalı, 200 il ərzində bütün sərvətlərimizin daşınması və s. bu hesablamalarda yer almalıdır. Lakin bütün bunlarla yanaşı, bu 200 il ərzində Azərbaycana, Azərbaycan insanına dəyən mənəvi zərbələr də var ki, bunların nəzərə alınması daha vacibdir. Hansı ki, bu zərbələri heç cür hesablamaq mümkün deyil. Bunun üçün Azərbaycan gərək ayrıca bir institut yaratsın. Bu institut isə 10 il gecə-gündüz işləsin. 200 il ərzində Azərbaycana dəyən bütün maddi-mənəvi zərəri təxmini də olsa hesablasın. Yalnız bundan sonra konkret bir rəqəm irəli sürmək olar. Biz Rusiyaya qarşı kompensasiya tələbi irəli sürəcəyiksə, bunu yalnız bu şəkildə etməliyik. Bu isə real deyil”.