Kəsirli dövlət büdcəsindən hansı xərclər kəsildi, hansı gəlirlər artdı?
Tarix: 6-11-2015, 16:43 | Çap et
Kəsirli dövlət büdcəsindən hansı xərclər kəsildi, hansı gəlirlər artdı?
Xəbər verdiyimiz kimi, 2015-ci ilin 9 ayının yekunu üzrə Azərbaycanın dövlət büdcəsinin kəsiri 92,1 milyon manat (ÜDM-in 0,2 faizi) təşkil edib. Halbuki ötən ilin analoji dövründə büdcə 1,38 milyard manat profisitlə icra edilmişdi.

Azərbaycan hökumətinin verdiyi məlumata görə, dövlət büdcəsi ardıcıl 7 aydır ki, kəsirlə icra olunur. Yanvarda dövlət büdcəsinin profisiti 421,6 milyon manat (ÜDM-in 11,6 faizi) təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə bu, 16,9 dəfə artıb. Yanvar-fevralda büdcə 80,1 milyon manat profisitlə icra edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 61,8 faiz üstələyir.

2015-ci ilin 9 ayı ərzində Azərbaycan dövlət büdcəsinin mədaxil hissəsinə faktiki daxilolamalar 12,07 milyard manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 14,2 faiz azdır. Dövlət büdcəsinin xərcləri 4,2 faiz azalmaqla, 12,16 milyard manat təşkil edib.

Qeyd edək ki, 2015-ci ilin dövlət büdcəsinin gəlirləri 19,438 milyard manat, xərcləri isə 21,1 milyard manat həcmində təsdiq edilib. Büdcə proqnozları 1 barrel neftin 90 dollar qiyməti əsasında formalaşdırılıb.

Dövlət büdcəsinin 9 ayın yekunlarına dair hesabatını dəyərləndirən iqtisadçı ekspert Vüqar Bayramov musavat.com-a açıqlamasında bildirib ki, əslində ilk 9 ayın büdcə kəsiri proqnozlaşdırılan kəsirdən azdır: “Ümumdaxili məhsulun 0,2 faizi həcmində büdcə kəsiri nəzərdə tutulandan azdır. Nəzərə alsaq ki, bu il neftin dünya bazarında qiyməti 90 dollar nəzərdə tutulmuşdu və reallıqda qiymət orta hesabla 50 dollar oldu. Demək olar ki, neftin dünya bazarındakı qiyməti dövlət büdcəsində nəzərdə tutulduğundan hər barrel üçün 40 dollar az oldu.

Bu baxımdan dövlət büdcəsində daha çox kəsir gözlənilirdi, ancaq nəzərdə tutulduğundan az oldu. Büdcədə 9 ayda 92,1 milyon manat, ÜDM-in 0,2 faizi həcmində kəsirin qeydə alınması əslində müsbət haldı. Bəs, necə oldu ki, neftin qiyməti büdcədə nəzərdə tutulduğundan təxminən 2 dəfə az olmasına baxmayaraq, ÜDM-in cəmi 0,2 faizi həcmində kəsir oldu?

Nəzərə alsaq ki, bu proqnozlaşdırılan kəsir deyil, bu rəqəm icra kəsiridir. Bu, o deməkdir ki, 2015-ci ilin 9 ayı ərzində Azərbaycanın dövlət büdcəsinin xərcləri gəlirlərindən 92,1 milyon manat çox olub. Bunun da əsas səbəbi odur ki, Maliyyə Nazirliyi xərcləri azaltmaqla, büdcə kəsirini tənzimləyə bilib. Nəzərə alsaq ki, bəzi istiqamətlər üzrə xərclərin azalması qeydə alınıb. Bu ilin 9 ayı ərzində dövlət büdcəsinin xərcləri də 4,2 faiz azalıb və bu, 12,6 milyard manat təşkil edir”.

Ekspertin sözlərinə görə, büdcə kəsirinin az olmasının səbəbi Maliyyə Nazirliyinin xərcləri gəlirlərə uyğunlaşdırmasıdır: “12,07 milyard manat gəlirə uyğun olaraq, 12,16 milyard manat xərcləmə olub. Praktiki olaraq, Maliyyə Nazirliyi xərcləri gəlirlərə uyğun olaraq, həyat keçirib. Yəni, gəlirlər aşağı düşdükcə, xərcləmələrə də qənaət olunub. Bu, o deməkdir ki, gələcəkdə gəlirlər artarsa, xərclərin də artması ehtimal olunur. Bu, 2015-ci ilin yekunları ilə bağlı da bəzi nəticələrə gəlməyə əsas verir. 2015-ci il yekunlarını proqnozlaşdırsaq, güman olunur ki, Maliyyə Nazirliyi büdcədə kəsirin ümumdaxili məhsulun 3 faizindən aşağı olmasına çalışacaq. Lakin Maliyyə Nazirliyi növbəti aylarda xərcləri azaltmağa çalışacaq. Bu isə o deməkdir ki, növbəti aylarda da nazirlik xərcləri gəlirlərə uyğunlaşdıracaq. Bu baxımdan gözlənilir ki, bu ilin yekununda həm gəlirlər, həm də xərclər büdcədə nəzərdə tutulduğundan az olacaq. Növbəti ilin büdcəsində 2016-cı ilin dövlət büdcəsində neftin dünya bazarındakı qiyməti 50 dollardan götürüldüyündən bu, imkan verəcək ki, Maliyyə Nazirliyi xərclərdə ciddi azalmalara getməsin. Çünki, büdcə proqnozlaşdırılan zaman gəlirlər və xərclər nəzərə alınıb”.

V. Bayramov onu da bildirib ki, bu il büdcədə vergidən daxilolmaların həcmi artıb və dövlət büdcəsinin neftdən asılılığı qismən azalıb: “Büdcəyə daxilolmalara nəzər salsaq görərik ki, neftin gəlirlərinin azalmasından sonra vergidən gələn daxilolmalar artıb. Bu ilin 9 ayının nəticələrinə nəzər salsaq, daxilolmaların 42,2 faizi Vergilər Nazirliyinin, 9,3 faizi isə Gömrük Komitəsinin payına düşür. Praktik olaraq verdigən daxilolmalar dövlət büdcəsinin gəlirlərinin yarısından çoxunu təşkil edir. Bu baxımdan neftin qiymətinin aşağı düşməsinin büdcə aspektindən bir müsbət təsiri də ondan ibarət oldu ki, büdcənin neftdən asılılığını nisbətən aradan qaldırmış oldu. Növbəti aylarda və 2016-cı ildə də əsas yük Vergilər Nazirliyinin üzərinə düşür. Nəzərə alsaq ki, 2016-cı ilin büdcəsində qeyri-neft sektorunun payı 48,8 faiz nəzərdə tutulub. Bu isə o deməkdir ki, növbəti ildə də dövlət büdcəsi daha çox vergidən daxilolmalar hesabına formalaşacaq”.

Ekspert onu da qeyd etdi ki, növbəti ilin büdcəsində sosial xərcləmələrdə azalmaların olacağı nəzərdə tutulmur: “Sosial xərclərin həcmi gələn il 0,7 faiz artacaq. 2016-cı ilin büdcəsində 5,867 milyard manat vəsaitin məhz sosial xərcləmələrə ayrılmasını nəzərə alsaq, bu 41,9 milyon manat çox olacaq. Demək olar ki, Azərbaycan dövlət büdcəsi sosiallaşır və praktik olaraq, gəlirlər azaldığı üçün büdcə xərclərində, xüsusən də investisiya və kapital qoyuluşunda xərcləmələr azalacaq. Növbəti ildə neftin qiyməti 50 dollardan götürülüb. Lakin əgər neft daha ucuz, yəni psixoloji hədd olan 40 dollara yaxınlaşarsa, bu zaman Maliyyə Nazirliyi yenidən xərclərin azaldılmasına çalışacaq”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net