Məktəbli sevgilisini öldürən gəncin anası ifadə vermək istəmədi
Tarix: 6-11-2015, 13:43 |
Çap et
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində XI sinif şagirdi Aytac Babayevanı qətlə yetirməkdə ittiham olunan İzzət Hüseynovun növbəti məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi xəbərə görə, prosesə hakim Tamella Nəsrullayeva sədrlik edib.
Prosesdə təqsirləndirilən şəxsin anası Ciyələy Hüseynovaya şahid qismində ifadə vermək təklif olundu. C.Hüseynova məhkəmədə ifadə verməkdən imtina etdi.
Təqsirləndirilən şəxsin atası Hafiz Hüseynov isə yataq xəstəsi olduğundan məhkəmə prosesinə iştirak edə bilməməsi ilə bağlı teleqram göndərib.
Mərhum Aytacın anası isə Ciyələy Hüseynovanın onun qızının şərəf və ləyaqətini təhqir edən ifadələr işlətdiyini məhkəmənin nəzərinə çatdırdı.
Aytacın anası isə üzünü zalda əyləşən jurnalistlərə tutaraq bildirdi ki, qızı həkim olmaq istəyirdi: “Sınaq imtahanlarında 600 bal toplayırdı, bu cani imkan vermədi”.
Şahid Orxan Axundovun məhkəməyə məcburi qaydada gətirilməsi ilə bağlı Xətai Rayon Polis İdarəsinə müraciət göndərildi. Məhkəmə prosesi noyabrın 13-dək təxirə salındı.
Xatırladaq ki, hadisə bu il aprelin 30-da Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 81 ünvanında baş verib. İzzət Hüseynov aralarında yaranan münaqişə zəminində sevdiyi qızı - 1998-ci il təvəllüdlü Aytac Babayevanı bıçaqlayaraq qətlə yetirib.
İzzət Hüseynov hadisənin baş verdiyi yerin yaxınlığında yerləşən kişi salonunda usta kimi işləyib. Aytac Babayeva isə Xətai rayonu ərazisində yerləşən 58 saylı orta məktəbin XI sinif şagirdi olub.
İbtidai istintaqa verdiyi ifadəsində İ.Hüseynov A.Babayevanı onun sevgisini cavabsız qoyduğu üçün öldürdüyünü göstərib. Qız dayısı oğluna ərə gedəcəyini bildirib. Oğlan isə buna icazə verməyəcəyəniyi deyib və 17 yaşlı Aytacı vəhşicəsinə qətlə yetirib.