Fərəc Quliyevin oğluna qarşı ittiham – Deputatdan münasibət
Tarix: 5-11-2015, 16:08 |
Çap et
Bakı şəhər sakini İsa İsayev deputat Fərəc Quliyevin oğlu Türkel Quliyevdən şikayətçidir. Şikayətçinin sözlərinə görə, Türkel Quliyev onun qızı Afaq Süleymanovanı 14 noyabr 2012-ci il tarixdə Yasamal rayon, İnşaatçılar prospektində “Nissan – Teana” markalı avtomobillə piyada keçidinin üzərində vuraraq, hadisə yerindən qaçıb.
Məsələ ilə bağlı müxtəlif inistansiyalardan kömək ala bilmədiyini söyləyən İsa İsayev problemini ictimailəşdirmək üçün “Yeni Müsavat” qəzetinə müraciət edib. Şikayətçi hadisəni daha geniş formada aşağıdakı kimi anladıb:
“14 noyabr 2012-ci il tarixində qızım nəvəmi dərsdən götürməyə getdiyi halda evə gec qayıtdı. Biz də buna görə onu axtarmağa başladıq. Məlum oldu ki, qızımı maşın vurub. Maşın isə dövlət nişanlıdır və deputat Fərəc Quliyevin oğlu Türkel Quliyev tərəfindən idarə olunub. Qəza nəticəsində qızım ağır xəsarət alıb. Hadisə zamanı o, xəstəxanaya qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, travmatik şok (III dərəcə) diaqnozu qəbul edilib. Qızımı xəstəxanaya naməlum kimi qeyd ediblər. Eyni zamanda həkimlərin də verdikləri ilk rəylər aparılan istintaq zamanı alınmayıb. Qısası, Fərəc Quliyevin müdaxiləsi ilə aparılan istintaq işi də saxtalaşdırılıb. Eyni zamanda qəzadan sonra qarşı tərəf qızımın müalicəsi üçün heç bir yardım etməyib. İndi də onun vəziyyəti yaxşı deyil. Hazırda qızım aldığı ağır bədən xəsarətinə görə davam etmək istədiyi elmi uğurlarından məhrum olub.
Özüm təqaüddə olan Çernobıl əliliyəm və əlliliyim dövlət qeydiyyatına alınıb.
Qızımım əməlliyat olunması və yenidən sağlamlığına qovuşması üçün təxminən 17 min avro tələb olunur. Fərəc Quliyevdən oğlunun törətdiyi əməl nəticəsində sağlamlığını itirən qızıma yardım etməsini tələb edirəm”.
Məsələ ilə bağlı millət vəkili Fərəc Quliyevin də fikrini aldıq. O, yuxarıdakı şikayətlə bağlı musavat.com-a aşağıdakı açıqlamanı göndərib:
“Millət vəkili olaraq 2012-ci ildə baş vermiş bir qəza ilə bağlı şantaja məruz qaldım və göründüyü qədər bu hələ də davam edir. Nəzərinizə çatdırım ki, 2012-ci ildə
Azərbaycanda NATO generallarının tədbiri keçirilirdi.Onları müşayiət etmək üçün hərbi personal və xidməti avtomobillər ayrılmışdı.14 noyabr 2012-ci ildə sülhməramlı taborda İdman rəsi kimi xidmət edən oğlum Fərəcoğlu Türkel Fərəc oğluna da NATO zabitlərinə xidmət üçün avtomobil təhkim edilmişdi. NATO zabitlərini axşam saatlarında müvafiq yerə qoyub, avtomobillər hərbi hissəyə qayıdan zaman işıqfor olmayan, piyada keçidi olmayan bir halda piyada qəflətən kortejdə oğlum Fərəcoğlu Türkel Fərəc oğlunun idarə etdiyi avtomobilin qarşısına çıxıb. Piyadanın təqsiri üzündən qəza baş verib. Təyin edilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının rəyi ilə müəyyən edilib ki, Fərəcoğlu Türkel Fərəc oğlunun hərəkətlərində “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmayıb. Faktla bağlı Fərəcoğlu Türkel Fərəc oğlunun əməlində cinayət tərkibi olmadiğindan cinayət işinin başlanmasi rədd edilib. 2013-cü il prezident seckiləri dönəmində qəzada xəsarət almış Süleymanova Afaq İsa qızının qohumu, Milli Şurada yer alan Əli Kərimovun rəhbəri olduğu AXCP-nin rəyasət heyyətinin üzvü Mövsüm Bayramov (sonradan Mövsüm Bayramov dələduzluq ittihamı ilə həbsə alındı) “Azadlıq Hərəkatçıları” birliyinin sədri Təhmasib Novruzovun vasitəsilə mənimlə görüşməyə cəhd etdi - oğlumun qəza məsələsinə şantaj predmeti kimi işarə edərək. Mən isə ona -”qanuni araşdırma aparılıb, bu və başqa hər hansı məsələ ilə bağlı görüşmək istəmirəm” cavabı ilə görüş təklifini rədd etdim”.
F.Quliyev qeyd edib ki, İsa İsayev Fərəcoğlu Türkelin günahkar olmadığını ,buna baxmayaraq, qızına hər cür kömək etdiyimizi minnətdarlıqla qarşılayıb:
“Polis idarəsindəTürkelin günahı olmadığından şikayəti olmaması ilə bağlı ərizə də vermişdi. Mən Mövsüm Bayramovla görüşü rədd etdikdən sonra şikayətlər dalğası başladı. İkinci dəfə yeni bir istintaq başladıldı.Buna heç bir əsas olmasa da mən heç bir qaranlıq məqam qalmasın deyə, bir daha istintaqın aparılmasından nəinki şikayət etmədim,həm də xəsarət alan tərəfin mümkün olan bütün təffəərruatla tanış olmasını arzuladım.Çünki ,bu adamlardan siyasi şou düzəltmək üçün istifadə olunmasının fərqində idim. İkinci araşdırma zamanı da cinayət tərkibi olmadiğindan cinayət işinin başlanmasi rədd edildi. Bu ərköyün “xəsarət alan tərəfin”şikayətləri ilə hərbi prokurorluq tərəfindən də araşdırma aparılmış, faktla bağlı Fərəcoğlu Türkel Fərəc oğlunun əməlində cinayət tərkibi olmadiğindan cinayət işinin başlanmasi rədd edilməsi haqda qərar verilib” .
Millət vəkili bildirib ki, ondan 100 min manat təzminat istənilir:
“Mənim yeni təhqiqata etiraz etməməyimdən ruhlanan şantajçılar 100 000 (yüz min) təzminat istəyi ilə mülkü qaydada da Səbail məhkəməsinə müraciət ediblər. Səbail məhkəməsi işə baxıb və heç bir əsası olmayan bu iddianı rədd etdi. 3 il əvvəl baş vermiş bu hadisənin məhz seçki ərəfəsində gündəmə gətirilməsinə çalışmaq məqsədi aydınlatmırmı?”