“Bunu Azərbaycan əleyhinə kampaniyanın tərkib hissəsi sayıram”
Tarix: 5-11-2015, 16:01 | Çap et
“Bunu Azərbaycan əleyhinə kampaniyanın tərkib hissəsi sayıram”
Azərbaycanda noyabrın 1-də parlamentə keçirilən seçkilərdə qalib elan edilən siyasətçilərdən biri də 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən namizəd olan Vəhdət Partiyasının (VP) sədri Tahir Kərimlidir. Həm Mərkəzi Seçki Komissiyasının, həm də “exit-poll” keçirən təşkilatların açıqladığı nəticələrdə həmin dairədə onun daha çox səs topladığı qeyd olunub. Konstitusiya Məhkəməsinin bu nəticələri təsdiqləməsindən sonra partiya sədri rəsmən deputat mandatı daşıyacaq. Beləliklə, seçki prosesi, ölkədəki ictimai-siyasi durum, bəzi xarici dairələrin seçkilərin nəticələrinə qərəzli münasibəti və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını T.Kərimli cavablandırır.

- Tahir müəllim, Azərbaycanda daha bir parlament seçkiləri başa çatdı. Siz ümumilikdə seçkinin təşkilini, nəticələri necə dəyərləndirirsiniz?
- Heç şübhəsiz, V çağırış Milli Məclisə seçkilər uğurla başa çatdı. Hər bir ölkədə seçkilərin demokratik, şəffaf, bərabərhüquqlu, açıq rəqabət halında keçməsi üçün başlıca şərtlərdən biri sabitliyin olmasıdır. Əgər ölkədə sabitlik varsa, seçilər də normal qaydada keçir. Azərbaycanda növbəti parlament seçkiləri də sabitlik şəraitində keçdi. Bu, yalnız bizim deyil, eyni zamanda çoxsaylı yerli və xarici müşahidəçilərin də gəldiyi qənaətdir. 500-dən artıq xarici müşahidəçi parlament seçkilərini müsbət qiymətləndirdi. Seçkidə iştirak edən seçicilər, hətta namizədlər də narazılıq üçün hər hansı faktı dilə gətirmədilər. Şəxsən mənim namizədliyimin qeydə alındığı dairədə elə bir adam tanımıram ki, o, parlament seçkilərində iştirak etmək istəyib, ancaq dairə seçki komissiyası onun namizədliyini qeydə almayıb. Yoxdur belə adam. Vəhdət Partiyasının ölkə üzrə 20-dən artıq səlahiyyətli nümayəndəsi var idi. Həmin nümayəndələr də hansısa namizədin məqsədli şəkildə qeydə alınmaması faktları ilə rastlaşmayıblar. Əksinə, namizədlər üçün istənilən şərait yaradılmışdı. Həm müvafiq sənədlərin tərtib olunması, sənədləşmə işinin zamanında həyata keçirilməsi, həm də təbliğat-təşviqat işinin aparılması üçün kifayət qədər imkanlar var idi. Hər bir seçki məntəqəsinin əhatə etdiyi müəyyən ərazilərdə məlumat lövhələri quraşdırılmışdı, namizədlərin öz seçiciləri ilə görüşməsi üçün qapalı və açıq məkanlar da ayrılmışdı. Bunlardan başqa, bir çox namizədlər məhəllə-məhəllə, ev-ev, qapı-qapı gəzərək sakinlərlə fərdi görüşlər keçirir, onlara bukletlər, təbliğat materialları paylayır, seçicilərin fikirlərini dinləyir, özlərini onlara təqdim edirdilər. Kütləvi informasiya vasitələrində də ödənişli olmaq şərtilə namizədlərin kampaniya aparması üçün imkanlar var idi. Bəzi namizədlər media üzərindən, eləcə də elektron media, sosial şəbəkələr üzərindən də təbliğat-təşviqatlarını aparırdılar. Yəni, namizədin özünü azad şəkildə seçicisinə təqdim etməsi üçün hər cür şərait yaradılmışdı. Heç bir namizədə hər hansı məhdudiyyət qoyulmamışdı. Belə olan halda təbii ki, seçki də, onun nəticələri də obyektiv, demokratik və şəffaf qəbul edilməlidir.

- Siz özünüz təbliğatınızı necə qurdunuz?
- Bir qədər əvvəl qeyd etdiyim kimi, partiyamızın 20-dən artıq səlahiyyətli nümayəndəsi var idi. Eyni zamanda vəkillərim var idi və onlar mənim təbliğatımı aparırdılar. Namizədliyimi irəli sürdüyüm dairə üzrə bütün imkanlardan yararlanaraq seçki təşviqatımı qura bildim. Seçicilərimlə çoxsaylı görüşlər keçirib öz fikirlərimi onlarla bölüşdüm, millət vəkili olmaq istəyimin əsas səbəblərini onlara izah etdim. Çəkilən əziyyətin bəhrəsi olaraq da uğur qazana bildim. Uğur qazanmayan namizədlərdən bəzisi buna görə məni təbrik də etdilər. Amma bəzisi məğlub olmaları ilə barışmaq, qalib olduğumu qəbul etmək istəmir, müxtəlif fikirlər səsləndirirdilər. Bu da onların təbiətindən irəli gəlir. Bu, cığallıqdan başqa bir şey deyil. Hesab edirəm ki, ölkə üzrə seçkilər sabit və demokratik şəraitdə keçib. Epizodik hallar istisna olmaqla, ümumilikdə seçkinin nəticələrinə kölgə sala biləcək hər hansı qanun pozuntusu qeydə alınmadı.

- Qalib gələcəyinizə inanırdınızmı?
- Mən qalib gələcəyimə inanırdım. Çünki bunun üçün xeyli əziyyət çəkmiş, təbliğat-təşviqat mərhələsində böyük işlər görmüşdüm. Seçicilərimlə 40-dan artıq görüşdə 80-dən artıq kəndin nümayəndələri ilə təmasda olmuşam. Ən sonda isə şəhərdə görüş-mitinq keçirmişəm. Bütün görüşlərin əvvəli ilə sonu tamamilə fərqlənirdi. Çünki görüşə gələn seçicilər umu-küsü edir, görüşünə gedəcəkləri namizədə hardasa inam göstərmirdilər. Lakin onlarla görüşdən, qarşılıqlı fikir mübadiləsindən sonra seçicilərdə inam yarada bildim. Bu inam onların öz ətraflarında da mənim təşviqatımı aparmalarına səbəb oldu. Əslində devizim də “Bu günə inam, sabaha inam” şüarı idi. Qeyri-təvazökarlıq kimi anlaşılmasın, mən nəslimdən Qarabağ savaşında qurban vermişəm, vəzifəmdən, var-dövlətimdən Azərbaycanın müstəqilliyinə görə imtina etmişəm, rahatlığımı, dinc həyatımı Vətənə fəda etmişəm və buna görə peşman da deyiləm. Müstəqillik aktına imza atan ilk şəxslərdən biri də mənəm. Namizədliyimi irəli sürdüyüm dairə ərazisindəki insanlar da bu həqiqətləri bilirlər. Bacardığım qədər Ağsu-İsmayıllı dairəsindən olan seçicilərimi inandırmağa çalışdım. Bu inam isə sonda mənə qarşı böyük etimada çevrildi. Gələcəkdə deputat kimi fəaliyyətimdə bu inamı, etimadı doğrultmağa çalışacağam. Xalqımızın dövlətə və hakimiyyətə inamını daha da artıracağam.

- Qeyd etdiniz ki, 40-dan artıq görüş keçirmisiniz və 80-dən artıq kəndin sakinləri bu görüşlərdə iştirak ediblər. Maraqlıdır, həmin görüşlərdə öz platformanızı təqdim edərək, yerli sakinlərə hansı vədləri vermisiniz, üzərinizə hansı öhdəlikləri – məsuliyyəti götürmüsünüz? Yaxın 5 il ərzində əsas planlarınız nədən ibarətdir?
- Keçirdiyim görüşlərin heç birində insanlara şəxsi vədlər vermədim. Platformamda olan məsələlərlə onları bir daha tanış etdim. Onların güclü dövlət, milli birlik, peşəkar parlamentə nail olmaqla, sabitliyi qorumaq və ölkə başçısının yürütdüyü siyasi xəttə dəstək verməklə həllinin mümkünlüyünü qeyd etdim. Azərbaycanı Suriya, İraq, Liviya, Misir kimi ölkələrin gününə salmaq istəyənlərə qarşı birgə mübarizə aparmağın vacibliyini insanların diqqətinə çatdırdım. Sosial ədalətin bərpası, iqtisadiyyatın daha da inkişafı, vətəndaşların hüquqlarının müdafiəsi kimi vacib məsələlər barədə fikir mübadiləsi apardım. İnsanlar su, yol, qaz problemlərindən, məhsullarını sata bilməmələrindən də danışıb narahatlıqlarını çatdırdılar. Onlara söz verdim ki, millət vəkili seçiləcəyim təqdirdə, bu problemləri rayon, eyni zamanda respublika səviyyəsində qaldıracağam. Bir sözlə, seçicilərimin səsi olmağa çalışacağam.

- Bəzi beynəlxalq təşkilatlar Azərbaycanda keçirilən seçkilərin nəticəsinə kölgə salmaq niyyəti ilə müxtəlif bəyanatlar verir, seçkinin legitimliyi barədə yanlış rəy formalaşdırmağa cəhd edirlər. Sizcə həmin dairələr bununla nəyə nail olmaq istəyirlər?
- Azərbaycan 24 ildir ki, müstəqildir. Belə bir ölkədə bu günə qədər keçirilən seçkilər demokratik olmaqla bərabər, həm də xeyli təkmilləşib. İndi hər bir Azərbaycan vətəndaşı ölkədə keçirilən seçkilərdə fəal iştirak edir, kənar təsir və təzyiqlərə məruz qalmadan, rahat, demokratik və gizli yolla səs verir, istədiyi namizədi seçir. Ona görə də bəzi beynəlxalq qurumların, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun parlament seçkiləri ilə bağlı bəyanatını qəbul etmir, bunu Azərbaycan əleyhinə kampaniyanın tərkib hissəsi sayıram. Bu cür qeyri-obyektiv münasibət sayəsində bir sıra beynəlxalq qurumlar yalnız öz nüfuzlarını itirirlər. ATƏT, eləcə də bəzi digər beynəlxalq qurumlar necə ki, Dağlıq Qarabağ münaqişəsinə qərəzli yanaşırlar, eyni münasibəti də ümumilikdə Azərbaycana qarşı nümayiş etdirirlər. Müsəlman dövləti olan Azərbaycanın inkişafını, dini, milli, mədəni tolerantlığını qəbul edə bilmirlər. Azərbaycana qarşı ikili yanaşmanın səbəbi də budur. Xatırlayırsınızsa, Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyası da seçkiləri izləmək üçün ölkəmizə gəlmişdi. Missiyanın rəhbəri və digər deputatlarla şəxsən görüşüb 45 dəqiqəyə yaxın söhbət etmişəm. Azərbaycan müxalifətinin zəif olmasının, seçkilərdə uğur qazana bilməməsinin gerçək səbəbini onlara izah etmişəm. Eyni zamanda Qərbin, Avropanın Dağlıq Qarabağ münaqişəsinin həllinə maneə törətməsini də onlara xatırlatmışam. Belə nəticəyə gəldim ki, onları inandıra bildim. Bir daha onların diqqətinə çatdırdım ki, əslində ən demokratik və şəffaf seçkilər Azərbaycanda keçirilir. Seçki məntəqələrində veb-kameraların quraşdırılmasından başlamış bütün məsələlərə kimi yüksək səviyyədə təşkil olunub. Bütün bunları ölkəmizdə seçkiləri izləyən hər bir əcnəbi müşahidə qeyd edirdi. Belə olan halda ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkilərin nəticələrinə kölgə salmaq cəhdi yalnız qərəzli münasibətin ifadəsidir. Bundan başqa, sözügedən qurumun haqqı yoxdur ki, iştirak etmədiyi, müşahidə aparmadığı seçki barədə rəy versinlər. Buna nə məntiq, nə də hüquq yol vermir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net