“Türkiyə parlamentinə seçilən azərbaycanlı deputatın qaynı Azərbaycanda evlənib”
Tarix: 4-11-2015, 11:02 | Çap et
“Türkiyə parlamentinə seçilən azərbaycanlı deputatın qaynı Azərbaycanda evlənib”
1 noyabr seçkilərinin nəticələrinə görə, Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasını (AKP) təmsil edən millət vəkilləri arasında azərbaycanlı da olacaq. İqdırın sabiq bələdiyyə başqanı, əslən azərbaycanlı Nurəddin Aras seçkilərdə 31,42 faiz səs toplayaraq millət vəkili seçilib. Qeyd edək ki, AKP məhz Nurəddin Arasın sayəsində İqdırda qələbə qazanıb.

7 iyunda keçirilmiş seçkilərdə İğdırda hər iki millət vəkili mandatını kürdlərə məxsus “Xalqların Demokratik Partiyası (HDP) qazanmışdı.
Maraqlıdır, Nurəddin Arasın Türkiyə parlamentinə seçilməsi Azərbaycanla bağlı məsələlərin qaldırılmasına yardımçı ola bilərmi?

Modern.az saytının bu və digər suallarına Nurəddin Arası yaxından tanıyan, əvvəllər onunla ortaq layihələrdə iştirak etmiş jurnalist, hazırda Türkiyədə yaşayan İlhamə Qasımlı cavab verib:

- Nurəddin Arasla tanışlığınız necə baş verib?

- Nurəddin Aras İqdır bələdiyyə başqanı kimi Bakıya mütamadi səfərlər edirdi. Bu səfərlərdən birində “525-ci qəzet”in müxbiri olaraq ondan müsahibə aldım. Ondan sonra əməkdaşlığımız başladı.

- Türkiyə mediası onu azərbaycanlı deputat kimi təqdim edir?

- Bəli. İqdırı təmsil edən deputatlar əsasən ya Azərbaycan, ya da kürd kökənli olublar. Düzdür, əvvəlki seçimlərdə MHP-li Sinan Oğanın siyasi kimliyi ilə yanaşı, onun etnik kimliyindən də yazmışdılar. Amma bu dəfə əvvəlki iki seçkini İqdırda əldən verən AKP-nin İqdırda qələbəsi maraq doğurur.

- Nurəddin Arası Azərbaycanla nə bağlayır?

- Hər şeydən öncə Nurəddin Aras Azərbaycan kökənlidir. Azərbaycan türkü qanı daşıyır canında. Azərbaycana bağlılığını bələdiyyə başçısı ikən hər addımında hiss etdirirdi. Azərbaycana sıx-sıx səfərlər edirdi. Avropadakı türk diasporunun önəmli hissəsi İqdırdan olan Azərbaycan kökənli türklərdir. Nurəddin Aras öz nüfuzundan istifadə edərək Hollandiya və Almaniyada Xocalı faciəsi ilə bağlı geniş tədbirlər təşkil etmişdi. Bu tədbirlərə yüzlərlə avropalı qatılmışdı. Bu tədbirlər böyük maliyyələr hesabına başa gəlmişdi. Azərbaycanda yatırımı olan iqdırlı iş adamlarını Azərbaycan adına işlərə cəlb etmişdi.

Bundan başqa, Nurəddin Aras Azərbaycan millət vəkilləri və nüfuzlu media orqanlarının təmsilçilərini İqdıra dəvət etmişdi. Bu səfərlər İqdır üçün Azərbaycanın, Azərbaycan üçün isə İqdırın önəmini artırmışdı.

- Dediniz ki, jurnalist kimi onunla əməkdaşlığınız olub. Bu əməkdaşlıq nədən ibarət idi?

- Təxminən 10-a yaxın layihələrimiz oldu. İqdırda keçirilən önəmli tədbirlərdə Azərbaycan jurnalistlərinin iştirak edib reportajlar hazırlaması, millət vəkillərimizin, tanınmış media orqanları rəhbərlərinin və KİV nümayəndələrinin İqdıra səfərlərinin təşkili və Azərbaycan televiziyasında "Gələcəyə aparan yol" səbədli filminin hazırlanması İqdır bələdiyyəsi ilə birgə layihələrimiz olub.

- Nurəddin Arasın millət vəkili statusu ilə İqdırı təmsil etməsinin əhəmiyyəti nədir?

- İqdır əhalisinin yarıdan çoxunu təşkil edən azərbaycan türkləri 2007-ci ildən bu yana olan parlament və bələdiyyə seçkilərinin nəticələrindən razı deyildi. Azərbaycan türkləri, əsasən, MHP-nin namizədinə səs verib. Kürdlər HDP-nin namizədi ətrafında birləşdikləri kimi, Azərbaycan kökənlilər də MHP-nin namizədini yekdilliklə qəbul edirdilər. 2007-ci ildə keçirilmiş parlament seçkilərində səslər ilk dəfə parçalandı. Nurəddin Arasın əmisi Nevzat Arasın parlament seçkilərində namizəd göstərilməsi ilə azərbaycan kökənli seçicilərin səsi parçalandı. Səslər bələdiyyə başqanı və MHP tərəfdarları arasında bölündü. Və nəticədə İqdırdan biri PKK-nın siyasi qanadı olan DTP, digəri isə hakim AKP olmaqla iki kürd kökənli millət vəkili seçildi. Azərbaycan türkləri MHP namizədlərinin çoxunun yalnız seçkilər vaxtı İqdırı xatırlayan siyasətçilərdən olmasından da məmnun deyildilər. Bu da Azərbaycan kökənli seçicilərin mütəşəkkilliyinə mənfi təsir göstərirdi. Təsəvvür edin ki, 7 iyun seçimlərində HDP-nin namizədi Kıznaz Türkeli yerli Azərbaycan kökənlilərdən xeyli səs ala bilmişdi. Azərbaycan kökənliləri təmsil edən namizəd hamının marağını təmsil edə biləcək nüfuzu olmadığı üçün bu durumdan küskün elektorat onlara yaxşı sosial vədlər verən qarşı cəbhənin namizədinə üstünlük verməyə məcbur olmuşdu.
Nurəddin Aras İqdırın problemlərinə yaxından bələd olmasına, İqdırda yaşamasına, hakimiyyət partiyasını təmsil edən şəxs kimi İqdıra hökumətin diqqət ayıracağına olan inama görə həm azəri, həm də kürd kəsiminin seçicilərinin səsini qazana bildi. Yerli jurnalist həmkarım Sərdar Ünsalla söhbət elədim. Deyir ki, iqtidarın nemətlərindən İqdırın da yararlanmasıni istəyirik. Çünki İqdırı yalnız müxalifət partiyasının təmsil etməsinə görə hökumətin yatırımları ya heç ayrılmır, ya çox gecikdirilirdi. Bir sözlə, Nurəddin Arasın AKP namizədi kimi etnik kimliyi, şəxsi nüfuzu, yerli əhalidən olması və vilayətin problemlərinə yaxından bələd olması onun qələbəsini təmin etmiş oldu.

- Nurəddin Aras Türkiyə Böyük Millət Məclisində Azərbaycanla bağlı məsələlərdə təşəbbüskar ola bilərmi?

- Nurəddin Aras həm fərd olaraq, həm də Azərbaycan kökənli seçicilərin təmsilçisi olaraq Azərbaycanla əlaqələrdə maraqlıdır. Mənəvi-siyasi bağlarla yanaşı, ailə üzvlərinin Azərbaycanla biznesi var. Bayaq dediyim kimi, Azərbaycana xidmətləri olub. Buna görə də Azərbaycan dövləti tərəfindən “Tərəqqi” medalı ilə mükafatlandırılıb. Prezident İlham Əliyev ona şəxsən təqdim etmişdi bu mükafatı.
Aras ailəsinin ata babası ilə yanaşı, Azərbaycanla yeni dönəm qohumluq əlaqələri də var. Nurəddin bəyin qaynı Azərbaycanda evlənib Azərbaycan vətəndaşlığını alıb. Dolayısı ilə Nurəddin Arasın parlamentdə təmsil olunması Azərbaycanın maraqları vaxımından yaxşı nəticələr vəd edir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net