Parlament jurnalistləri yeni deputatlardan nə gözləyirlər? - SORĞU
Tarix: 4-11-2015, 10:14 |
Çap et
Milli Məclisin yeni tərkibi artıq məlumdur. 125 deputatdan 27 nəfəri yeni seçilib, onların bəziləri tanınan şəxslərdir. Lakin adlarını birinci dəfə eşitdiyimiz deputatlar da az deyil. Yeni seçilən deputatların fəaliyyəti çoxları üçün maraqlıdır.
Parlament jurnalistləri necə, ilk dəfə deputat seçilənləri tanıyırlarmı və onlardan gözləntiləri nədir?
Modern.az saytı bununla bağlı parlament jurnalistləri arasında sorğu keçirib.
Modern.az saytının əməkdaşı Aqşin Kərimov qeyd edib ki, yeni deputatlar arasında tanıdıqları var: “Mətbuatla bağlı olan insanlar da deputat mandatını qazanıblar. Konkret nəsə demək mümkün deyil. Yeni deputatların necə işləyəcəklərini zaman göstərəcək. Ona görə də bəribaşdan nəsə fikir yürütmək doğru olmaz”.
“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy Milli Məclisin yeni tərkibinin 20-dən artıq yeni üzvünü tanıyır:
“Təbii ki, yaxından tanıdıqlarım da var. Məsələn, Əflatun Amaşov və Tahir Kərimli. Medianın vəziyyətinə kifayət qədər bələd olan Mətbuat Şurasının sədrinin və siyasi atmosferdəki durum haqda yaxından xəbərdar olan Vəhdət Partiyasının sədrinin parlamentin fəaliyyətində aktiv iştirak edəcəklərini gözləyirəm. Tanımadıqlarımıza isə istəsək də, istəməsək də meydan, tibuna verilib. Onlar fürsəti, imkanları dəyərləndirib, özlərini təsdiqləməlidirlər ki, mandat qazanmaları heç də təsadüf olmayıb”.
“Qafqazinfo”nun əməkdaşı Günel Türksoyun sözlərinə görə, parlamentə yeni seçilən 27 deputatdan 7-sinin adı jurnalistlərə bəllidir:
“Bunlar Vüsal Hüseynov, Tahir Kərimli, Elman Nəsirov, Əflatun Amaşov, Naqif Həmzəyev, Araz Əlizadə, Hikmət Məmmədovdur. Yerdə qalan 20 yeni seçilən deputat isə bizə tanış olmayan adlardır. Nəinki yeni seçilən, bütövlükdə 125 deputatın hər birindən uğurlu, xalqın və seçicinin mənafeyinə uyğun fəaliyyət göstərmələrini istərdim”.
“Gün.az” saytının əməkdaşı Kamil Həmzəoğlu da ilk dəfə seçilən deputatların bir çoxunu tanımır:
“Onlar geniş ictimai-siyasi və digər fəaliyyətləri ilə seçkilərə kimi diqqətimi cəlb etməyiblər. Ancaq bununla belə, “27-lər”in içərisində tanıdığım simalar da var. Məsələn, uzun illərdən sonra yenidən deputat seçilən istiqlalçı, məşhur “43-lər”in nümayəndəsi Tahir Kərimlini, 1991-95-ci illərdə təkrar seçkilərdə Goranboydan deputat olan Azərbaycan Sosial Demokratik Partiyasının sədri Araz Əlizadəni şəxsən və yaxından tanıyıram. Bununla yanaşı, Mirzəcan Xəlilovun adını hələ 2005-ci il seçkilərində eşitmişəm. O zaman seçkilərdə sabiq deputat Pənah Hüseynlə bir dairədən namizədliyini verib və gərgin seçki mübarizəsinə ona uduzmuşdu. Bundan başqa, Elşad Həsənovun adına ötən seçkilərdə namizədliyini irəli sürəndə rast gəlmişdim. Politoloq Elman Nəsirovu, jurnalist həmkarımız Hikmət Babaoğlunu da tanıyıram. Əflatun Amaşovu yəqin ki, tanımayan yoxdur, həm həmkarımız, həm də Mətbuat Şurasının sədridir və qələbəsinə ən çox sevindiyim insanlardandır.
Eyni zamanda, neçə illərdir tanıdığım və dostluq etdiyim Aydın Hüseynovun adını çəkə bilərəm. Çox dəyərli iqtisadçı, siyasətçidir. Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevi də neçə illərdir tanıyıram. Ancaq dediyim kimi, qalanlarını tanımıram”.
Kamil Həmzəoğlu arzu edir ki, “27-lər” də parlamentdə və seçicilərlə münasibətlərində fəal, aktiv, işgüzar olsunlar:
“Həm qanunveriçilik təşəbbüsü ilə mütəmadi çıxış etsinlər, həm də seçicilərinin problemlərini daim gündəmdə saxlasınlar, onlara verdikləri vədlərin həllinə nail olsunlar, onları bir an unutmasınlar, həm Azərbaycan həqiqətlərinin dünyaya daha yaxından çatdırılması prosesinə müsbət töhfələrini versinlər, həm də media ilə sıx ünsiyyətdə olsunlar. Keçmiş dönəmlərdəki kimi bəzi sabiq həmkarlarının səhvlərini təkrarlamasınlar, yəni susqun, passiv, qeyri-aktiv olmasınlar”.
“Sputnik.az” saytının əməkdaşı Mürtəza Bünyadlı bildirib ki, yeni seçilən deputatların çoxunun kim olduğunu bilmir:
“Ancaq aralarında elələri var ki, 20 ildən artıqdır tanıyıram. Onların necə fəaliyyət göstərəcəklərinə gəldikdə, bunu indidən demək tezdir. Çünki bəzən adamın gözləntiləri sonda təəssüf hissi doğurur. Ümid edirəm ki, aktiv olacaqlar. Onların arasında müstəqil, YAP və müxalif mövqeli insanlar var. Bir çoxu öz fəaliyyətini oyun qaydalarına uyğun olaraq quracaq. Hətta onların bəzisi zamanında deputat olub və aktivliyi ilə seçiliblər. İndi görək necə olacaq?!”.
Jurnalist qeyd edib ki, xalqdan seçmək idi və indi top deputat seçilənlərin meydanındadır: “Bu isə onlardan asılı olacaq. Hər kəs, o cümlədən deputatlar da cəmiyyətdə öz fəaliyyətinə və əməlinə görə qiymət alır. Təki, onlar da cəmiyyətdə hörmət edilənlərdən olsunlar”.
“Olaylar” qəzetinin əməkdaşı Alim Hüseynli də Milli Məclisə yeni seçilən deputatların az bir kəsimini tanıdığını vurğulayıb:
“Çünki 27 yeni deputatın əksəriyyəti ictimai, yaxud siyasi fəallığı ilə tanınmayıb. Ola bilər ki, onlar təmsil etdikləri ərazi üzrə hansısa nüfuza malikdir, lakin bütövlükdə Azərbaycan cəmiyyəti üçün yeni simalardır. Ona görə də onların parlament fəaliyyəti barədə indidən nə isə söyləmək çətindir. Ancaq bütün halda, arzu edərdim ki, onlar ən azından seçicilərinin hüquqlarının müdafiəsində fəallıq nümayiş etdirsinlər”.
“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan bildirib ki, parlamentə düşən 27 yeni deputatdan Əflatun Amaşovu, Tahir Kərimlini, Elşən Musayevi, Elman Nəsirovu, Araz Əlizadəni, Hikmət Babaoğlunu yaxşı tanıyır: “81 saylı Beyləqan seçki dairəsidə qalib gələn Şahin İsmayılov isə “Facebook” dostumdur. O, sosial şəbəkənin aktiv üzvlərindən biridir. Ümid edək ki, Milli Məclisin də fəal üzvlərindən biri olacaq. Digər deputatları isə qətiyyən tanımıram. Bəzilərinin, biznes adamları olduğunu eşitmişəm. Bəziləri isə kiminsə adamıdır”.
“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı yeni seçilənlərdən bir çoxunu tanıyır: “Mətbuat Şurasının sədri olan həmkarımız Əflatun Amaşovu, Gənclər Təşkilatının rəhbəri Şahin İsmayılovu yaxşı tanıyıram. Laçından deputat seçilən şəxsi yaxından tanımasam da, haqqında yaxşı söhbətlər eşitmişəm. Cərrah Rəşad Mahmudov haqqında bir neçə dəfə eşitmişəm. Hamı onun savadlı cərrah olduğunu deyir. Eyni zamanda, Elşən Musayevi də uzun illərdir tanıyıram. Fəaliyyətlərinə gəlincə, onlardan yeni qanun təşəbbüsləri gözləyirəm. Məsələn, media, gənclər, səhiyyə sahəsi ilə bağlı yeni qanunlar, yeni təşəbbüslərlə bağlı nələrsə edəcəklərini gözləyirəm. Bu sahələrdə ciddi islhatlara ehtiyac var”.