Parlamentə düşən hərbçi, bank müdiri, jurnalistlər...
Tarix: 3-11-2015, 17:44 | Çap et
Parlamentə düşən hərbçi, bank müdiri, jurnalistlər...
Beşinci çağırış Azərbaycan Milli Məclisinə seçkilərin səsverməsi başa çatıb. Ölkə üzrə 5 milyon 198 min 658 seçicidən 2 milyon 897 min 188 seçici səs verib, seçici fəallığı 55,7 faiz olub.

MSK sədri Məzahir Pənahov 5056 seçki məntəqəsinin (91 faiz) nəticələrinin artıq hazır olduğunu bildirib və hesablanan səslər əsasında Milli Məclisə seçkilərdə qalib gələn namizədlərin adları açıqlanıb.

Hafta.az MSK-nın təqdim etdiyi siyahıya əsasən, ilk dəfə millət vəkili seçilən bəzi namizədlər haqda məlumatı oxuculara təqdim edir.

11 saylı Qaradağ seçki dairəsindən deputat seçilən YAP-çı millət vəkili – Hüseynov Aydın Nəsir oğlu hazırda Yeni Azərbaycan Partiyasının Qaradağ şöbəsinin rəhbəri vəzifəsində çalışır.

19 saylı Nərimanov birinci seçki dairəsindən Milli Məclisə üzv seçilən Məmmədov Hikmət Baba oğlu 1966-cı ildə Ermənistan Respublikası Amasya rayonunun Göllü kəndində anadan olub. Uzun müddət jurnalist fəaliyyəti ilə məşğul olan Hikmət Məmmədov 2010-cu il 21 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar Jurnalist” adına layiq görülüb. 70-a qədər elmi əsərin, 3 monoqrafiya və 3 dərsliyin, 3 kitab və tədris proqramının, 3 metodik tövsiyyənin 1000-ə qədər elmi-kütləvi və siyasi analitik məqalənini müəllifidir.

27 saylı Sabunçu ikinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputat seçilən Cəbrayılova Dilarə Məmmədağa qızı hazırda 295 nömrəli məktəbin direktoru vəzifəsində çalışır

37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən deputat seçilən 1975-ci il təvəllüdlü Kərimzadə Pərvin Orxan qızı hazırda Gəncə Dövlət Universitetinin prorektoru vəzifəsində çalışır.

38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatı seçilən Həmzəyev Naqif Ələşrəf oğlu 1983-cü il 24 may tarixində Basarkeçər (Vardenis) rayonu Nərimanlı kəndində anadan olub.

2013-cü il 1 avqust tarixində Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının VIII konfrasında təşkilatın sədri seçilib. Hal-hazırda Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri vəzifəsində işləyir.

62 saylı Saatlı seçki dairəsindən müstəqil namizəd kimi deputat seçilən – Amaşov Əflatun Əhməd oğlu Mətbuat Şurasının sədridir.

Əflatun Amaşov 26 aprel 1957-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1985-1994-cü ildə "AzərTAC" Dövlət Teleqraf Agentliyində müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun I müavini vəzifələrində çalışıb. 1995-ci ildə "Yeni Nəsil" Jurnalistlər Birliyinin yaradıcılarından olub. 1995-1998-ci illərdə təşkilatın sədr müavini vəzifəsini tutub. 1998-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin sədri seçilib. 2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib. 2005 və 2008-ci illərdə keçirilən qurultaylarda bu vəzifə yenidən ona həvalə olunub.

Yeni Azərbaycan Partiyasının daha bir qalibi 63 saylı Sabirabad birinci seçki dairəsində qeydə alınıb. 1960 cı ildə anadan olan Quliyev Elçin Bəybala oğlu. Hazırda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin aparat rəhbəri vəzifəsində çalışır.

Bu il parlamentdə ilk dəfə təmsil olunacaq deputatlardan biri də politoloq Elman Nəsirovdur. 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən Deputat seçilən siyasi şərhçi 1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin(BDU) Tarix fakültəsində təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1995-2000-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dissertantı olmuşdur. 1992-1994-cü illərdə Azərbaycan Dillər Universitetində iki illik ingilis dili kursunda təhsil alıb və fərqlənmə sertifikatı ilə bitirmişdir. 1995-2003-cü illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında calışmışdır. 2001-ci ildə “Azərbaycan-ABŞ münasibətləri. 1991-1997-ci illər” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi alimlik elmi dərəcəsi almışdır. “ABŞ və beynəlxalq terrorizm problemi” mövzusunda doktorluq dissertasiyası üzərində işi başa çatdırmışdır.

121 saylı Laçın seçki dariəsindən deputat seçilən Yeni Azərbaycan Partiyasının üzvü Mahir Abbaszadə 27 oktyabr 1975-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetini iqtisadi nəzəriyyə müəllimi ixtisası üzrə bitirmişdir.

1997-ci ildə Güzdək Tikinti materialları Kombinatında kadrlar şöbəsinin rəisi, 2001-2003-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filalında xidmət bölməsi üzrə mütəxəssis, 2003-2004-cü illərdə "Zaminbank" ASC-nin "Gənclik" filalında mühasib, xəzinə müdiri, 2004-cü ildən isə həmin filalın müdiri işləyir.
Azərbaycan Ordusunun ehtiyatda olan zabitidir.

77 saylı Astara seçki dairəsindən deputat seçilən Yeni Azərbaycan Partiyasının təmsilçisi Mahmudov Rəşad Məmmədqulu oğlu hazırda Neftçilər xəstəxanasının şöbə müdiri vəzifəsində çalışır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net