Azərbaycan futbolunda qalmaqal: "Ayıb olsun ona!"
Tarix: 3-11-2015, 13:12 |
Çap et
"Böyük uşaqları balacaların çempionatında meydana buraxıb qələbə qazanmaq məşqçiyə yaraşmaz. Məşqçi olan kəs uşağın hərəkətindən bilir ki, onun neçə yaşı var".
Bunu apasport.az saytına "Sumqayıt"ın U-14 komandasının baş məşqçisi Vüqar Quliyev deyib.
AFFA-nın təşkil etdiyi U-14 Liqasının IV turunda baş tutan "Sumqayıt" - "Neftçi" PFK oyunu qalmaqalla yadda qalıb. Belə ki, 1:7 hesabı ilə məğlub olan "Sumqayıt" "Neftçi"nin əksər oyunçularının "lipa" olduqlarını iddia edərək, etirazını bildirib.
Quliyev də bu məsələ ilə bağlı sərt ittihamlar səsləndirib. O, "Neftçi"nin əksər oyunçularının "lipa" olduğunu iddia edib: "Uzun illərdir, futboldayam, bir neçə yaş qrupu üzrə komandalarda çalışmışam. 2002-ci il təvəllüdlü uşaqların nələr edə biləcəyini bilmək olur. Amma "Neftçi"də elə futbolçular var idi ki, onlar 13 yaşındakı kimi oynamırdılar. Komandada bir nəfər fərqlənə bilər. Amma 5-6 nəfərin fərqlənməsi normal hal deyil. Bizim uşaqlar, loru dildə desək, ayaq altda qalmışdılar. "Neftçi" ilə o günkü oyun bizim uşaqlara psixoloji cəhətdən çox pis təsir elədi. Matçdan sonra nə qədər ağladılar. Görürdülər ki, onlar bir addım atanda rəqib 3 addım atır. Bizim uşaqları elə aldadırdılar ki, elə bil qarşılarında rəqib yoxdu. Prezidentimiz Kamran Quliyevdən də xahiş etdim ki, bu məsələni araşdırsınlar. Şəxsən mən belə çempionatda iştirak etmək istəmirəm".
Quliyev oyunun gedişində bununla bağlı etiraz etdiyini və bundan sonra "Neftçi"də 4-5 dəyişikliyin olduğunu söyləyib: "Bizdə də hündürboylu bir müdafiəçi var. Amma hərəkətlərindən bilinir ki, öz yaşındadır. Onu qoy "Neftçi"nin ucaboylularının yanına. Gör onların elədiklərini təkrarlaya bilir? Baş hakimə də yaxınlaşıb iradımı bildirdim, dedi ki, mən də razıyam, belə olmaz. Protokolda öz iradımı qeyd etdim. Bir az etiraz edən kimi, hesab 1:5 olduqdan sonra, başladılar həmin uşaqları əvəzləməyə. Ondan sonra meydanda bərabər səviyyəli oyun getdi. "Neftçi" ilə yayda iki yoxlama görüşü keçirmişdik. Yaxınlaşıb dedim ki, bu uşaqlar niyə həmin vaxt yox idilər, birdən-birə peyda oldular? Vaxt gələcək onların bu uşaqları dayanacaqlar, futboldan gedəcəklər".
"Sumqayıt"ın baş məşqçisi həmkarlarının Azərbaycan futbolunu məhvə doğru apardıqlarını düşünür: "Mən də gedib yığım böyükləri ki, nədir-nədir qələbə qazanım? Bizim məşqçilərin bəziləri birinci yeri tutmağı fikirləşirlər. Mənə birincilik lazım deyil. Rəhbərliyə də demişəm ki, məndən çempionluq gözləməyin. Mənim fikrim klub üçün futbolçu yetişdirməkdir. Aşağı yaş qrupunda birinciliyi düşünən məşqçi öz vəzifəsini itirməkdən qorxur. Bu da Azərbaycan futbolunu məhvə sürükləyir. Uşaq futbolunda yer tutanda nə qazanırsan ki? Mənim üçün 2 uşaq yetişdirmək çempionluqdan da önəmlidir".
"Neftçi"nin U-14 komandasının baş məşqçisi Eldəniz Məmmədovun da fikirlərini öyrənməyi lazım bildik. Gənc mütəxəssis "Sumqayıt"lı həmkarının etirazına bu cür cavab verib: "Ayıb olsun Vüqara, biz onunla öz aramızda danışdıq axı. Biz hələ yayda da Sumqayıtda onlarla yoldaşlıq görüşü keçirmişdik. Həmin uşaqlardır da. Yəqin, uduzmağı həzm edə bilmədiyi üçün etiraz edib. Oyundan sonra Vüqar müəllimlə oturub söhbət elədik, dedim ki, yayda oynatdığım uşaqlardır. Bizdəki uşaqların hamısı 6 ildir AFFA-nın keçirdiyi yarışlarda mübarizə aparırlar. 1-2-si bu il boyda böyüyüblər. Onlardan biri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlıdır. Onların zonasından ucaboy uşaqlar həmişə çıxır. Digəri Mübariz Sultanlıdır. O da Lerikdəndir və hazırda 7-ci sinifdə oxuyur. Onun tayları 8-9-cu sinifdə oxuyurlar. Türkiyəli oyunçumuz Mehmet Səlim də bu il bir az boy atdı. Əvvəl öz yaşıdlarından da balaca görünürdü. İndi onların "lipa" olmadıqlarını dəqiqləşdirmək üçün mən də bilmirəm nə etmək lazımdır. İnanmırlarsa, qan analizi götürüb yoxlaya bilərlər. Lap DNT testi də edə bilərlər. AFFA bir uşağın sifarişi üçün nə qədər sənəd tələb edir. İndi qələbə qazanırlar, çempion olurlar deyə, başlayırlar bunda nəsə axtarmağa. Heç deyən yoxdur ki, "Neftçi" U-14 liqasında 4-5 nəfər 12 yaşlı uşaq oynadır. O ki qaldı "Sumqayıt"la oyunun gedişində əvəzləmələrimə, mən bütün görüşlərdə hamını oynadıram. Bunu protokollara baxıb görə bilərlər. Bizdə əsas heyət anlayışı yoxdur. Hamısını meydana buraxırıq".