Arif Hacılıya daha bir etiraz - Müsavatda seçki davası
Tarix: 30-10-2015, 12:52 |
Çap et
Müsavatın parlament seçkilərindən imtina etməsi partiya daxilində fikir ayrılığına səbəb olub.
Partiyanın Divan üzvü, deputatlığa namizəd İkram İsrafil bəyanat yayaraq Müsavatın qərarına tabe olmayacağını açıqlayıb. İ.İsrafil bildirib ki, Müsavat Partiyasının Divanı onun təşviqat kampaniyası dövründə keçirdiyi görüşləri, insanlara verdikləri vədləri nəzərə almalıdır: "Namizəd olduğum 115 saylı Şəki kənd ikinci Seçki Dairəsində apardığım kampaniya və görüşlərdən az da olsa məlumatınız var. Şəkidən 80 km uzaqlıqda olan kəndlərin də hər birində görüşlər keçirmişik. Dairə ərazisindəki 10 min ailədə olmuşuq. İnsanlara yaşadıqları problemləri həll edəcəyimizə söz vermişik. Bu insanlar ümidlə seçkiyə gəlib mənə səs verəcəkərini gözləyirlər. Əlbəttə ki, Müsavat Partiyasının Divanının qərarında göstərilən məsələlər həllini tapmamış qalmaqdadır. İnanıram ki, Müsavat Partiyası Divanının bu gün keçiriləcək iclasında yuxarıda qeyd etdiyim və etmədiyim məsələlər nəzərə alınacaq".
İ. İsrafilin bəyanatı Müsavatı əməli-başlı silkələyib. Belə ki, artıq onun ünvanına ittihamlar gəlməkdədir. Müxalifətin müzakirə platforması olan sosial şəbəkələrdə isə onu əqidə dostlarının haqqını müdafiə etməməkdə ittiham edirlər. Hətta onun ya namizədliyini geri götürmək, ya da partiyadan istefa vermək kimi ağır seçim qarşısında qoyublar.
Qeyd edək ki, Müsavat Partiyasının Divanı Milli Məclisə keçiriləcək seçkilərdə iştirakdan imtina edib və namizədlərinin adlarının seçki bülletenlərindən çıxarılması ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib. MSK isə müraciəti qəbul etməyib. Bildirilib ki, namizədliyin geri götürülməsi seçkiyə 10 gün qalmışa qədər mümkündür. Müsavat rəhbərliyi isə MSK-nın bu qərarını əsassız sayır.