Gürcülərin hiyləgər Azərbaycan planı
Tarix: 29-10-2015, 17:56 | Çap et
Gürcülərin hiyləgər Azərbaycan planı
Gürcüstanın energetika naziri Kaxa Kaladze yenə də Rusiya ilə qaz danışıqları aparılmasının səbəbini Azərbaycanın üzərinə atıb.

“Təbii qazın çatdırılmasında və əhalinin qaz ilə təmin edilməsi sahəsində SOCAR-ın problemi yoxdur. Əlavə kommersiya həcminə gəldikdə isə, Biz ötən illər ərzində əlavə kommersiya qazını Rusiyadan alırdıq, belə ki, SOCAR -ın belə imkanı yox idi”.

ANS PRESS-in məlumatına görə, energetika naziri Kaxa Kaladze hazırda Rusiyanın “Qazprom” şirkəti ilə danışıqlar aparıldığını deyib. Lakin, hələ razılıq əldə edilməyib.

Rusiya ilə Gürcüstan arasında qaz alışına dair danışıqlar bir aydan çoxdur ki, region mətbuatının əsas mövzularındandır. Çünki burada Azərbaycanın, İranın, Ermənistanın, Rusiyanın və Gürcüstanın maraqları böyükdür.

Amma baş verənlərdən görürük ki, bu “qaz müharibəsi”ndə ən maraqlı tərəf Gürcüstanın Rusiya yönümlü hakimiyyət dairələridir. Məlumdur ki, Gürcüstanla Rusiya arasında uzun illərdir soyuq munasibətlər hökm sürür. Amma hazırda isə Gürcüstan hakimiyyətinin rəsmiləri Rusiya ilə münasibətləri canla - başla bərpa etməyə çalışırlar.

Səslənən bəyanatlara və gizli təşkil edilən görüşlərə nəzər saldıqda da bunu görmək olar. Bir neçə gün əvvəl Gürcüstan prezidenti Georgi Marqvelaşvili Rusiyanın "Qazprom" şirkəti ilə əməkdaşlığı yenidən müzakirə etməyi tələb edib. Digər tərəfdən isə Gürcüstanın energetika naziri Kaxa Kaladze ilə Rusiyanın “Qazprom” şirkəti Aleksey Miller arasında İtaliyanın Milan şəhərində qaz alışına dair müzakirələr aparılır.

Gürcüstanın qaz məsələsinə ən çox adı hallanan dövlətlərdən biri isə Azərbaycandır. Çünki Azərbaycan Gürcüstanın ən böyük qaz tədarükçüsüdür. Gürcüstan tərəfi ölkədəki qaz qıtlığını Azərbaycanın onları təmin edəcək resursunun olmaması ilə əsaslandırır. Kaxa Kaladze çıxışlarının birində “Azərbaycanın artıq qazı olsaydı digər dövlətlərlə mavi yanacaqla bağlı danışıqlara getməzdi” deməklə Azərbaycan tərəfini böyük məsuliyyət altında qoyur.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərin görə, Gürcüstan tərəfi konkret onlara nə qədər qaz lazım olduğu barədə açıqlama vermir.

“Gürcüstan rəsmiləri desələr ki, bir il ərzində ölkəmizin 2 milyard kubmetr qaza etiyacı olduğu halda Azərbaycan bizə 1.8 milyad kubmetr qaz təklif edir. O zaman demək olar ki, Azərbaycanın satmağa kommersiya qazı yoxdur. Amma hələ ki, Gürcüstan rəsmilərin dilində belə bir rəqəm səslənməyib. Hazırda Azərbaycan Gürcüstanın 88%-i mavi yanacaqla təmin edir. 12% faiz isə Rusiyanın payına düşür”.

İlham Şabanın fikrincə, Gürcüstan bazarının daxilində qaz qıtlığı adı altında siyasi oyunlar gedir: “Sadəcə Rusiyadan Ermənistana ixrac edilən qazın həcmi artırıla bilər. Buradan Gürcüstan tərəfi böyük məbləğdə maliyyə vəsaiti əldə edəcək. Digər tərəfdən isə Azərbaycanın adından istifadə etməklə Rusiya ilə münasibətlərini yenidən bərpa etmək istəyir. Çünki Azərbaycan tərəfindən də Gürcüstana qaz sata bilməyəcəkləri ilə bağlı açıqlama verilməyib”.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Bakıya səfər etdiyi zamanda ölkələr arasında qaz satışında dair heç bir problemin olması barədə mətbuatda məlumatlar yazılmadı. Xüsusilə də Azərbaycanın Gürcüstana qaz sata bilməməsi barədə heç bir xəbərlər yazılmayıb. Gürcüstanın baş naziri ölkəsinə qayıtdıqdan sonra da Azərbaycanla qaz alışına dair heç bir problemin olmadığı barədə açıqlama verdi.

Gürcüstan hakimiyyətinin onun ərazisini işğal edən bir dövlətlə razılığa gəlməsi həm gürcü xalqı həm də müxalifəti tərəfindən birmənalı qarşılanmır. Ölkə müxalifəti Rusiya ilə münasibətlərin bərpasının əleyhinə olduqlarını dəfələrlə hakimiyyətin diqqətinə çatdırıb. Bu isə Gürcüstan hakimiyyətini müxtəlif bəhanələr gətirərək xalqını aldatması ilə nəticələnir.

Hakimiyyət xalqını aldatmaq üçün Azərbaycanın adından istifadə edir. Baş verənlərdən məlum olur ki, Gürcüstan hakimiyyətinin əsl məqsədi ölkə əhalisini mavi yanacaqla təmin etmək deyil, Rusiya ilə "Qızılgül İnqilabı" nəticəsində yaranan uzunmüddətli soyuq münasibətləri yenidən bərpa etməkdir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net