“Prezidentlərin görüşündə Qarabağla bağlı irəliləyiş ola bilər”
Tarix: 29-10-2015, 17:07 |
Çap et
ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərlərinin yekununa dair bəyanat yayıblar. Bəyanatda bildirilir: “Biz prezidentlərə təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində zorakılığın təhlükəli olduğunu bildirdik. Mina və raket qurğuları kimi ağır texnikadan istifadə qəbuledilməzdir və dinc əhali üçün ciddi təhlükə yaradır. Biz itkilərə və günahsız insanlar arasında ölüm hallarına görə dərin təəssüf keçiririk və tərəflərin bu kimi zorakılıqların qarşısını almaq üçün addımlar atmasını gözləyirik”.
Politoloq Qabil Hüseynli Modern.az saytına həmsədrlərin regiona səfərlərinin yekununa dair şərh verib.
Onun sözlərinə görə, həmsədrlər çox vacib məsələləri həll etmək imkanına malikdir: “Regionda səfərdə olduqları zaman həmsədrlər özləri də kifayət qədər nikbin idilər. Belə görünür ki, həm prezidentlərin görüşünü təşkil etmək, həm də görüşdə prosesləri irəlilədə biləcək məsələləri gündəliyə gətirmək mümkün olacaq.
Hazırda əsas məsələlərdən biri görüşün harada keçirilməsidir. Bu məsələnin həll edilməsində də konsensus olacağı şübhə doğurmur. Bir sözlə, ilin sonlarına təsadüf edəcək prezidentlərin görüşündə Dağlıq Qarabağ problemindəki status-kvonu dəyişdirəcək qərarların qəbul edilməsinə inam böyükdür”.