Elxan Şahinoğlu: “Qərb Azərbaycanı itirmək istəməz”
Tarix: 28-10-2015, 15:00 |
Çap et
“Qərb istəməz ki, Azərbaycan birbaşa Rusiyanın təsiri altına düşsün”.
Bu sözləri politoloq Elxan Şahinoğlu Azərbaycanda noyabrın 1-də keçiriləcək olan seçkilərin nəticələrini beynəlxalq təşkilatlar tərəfindən tanınmaması ehtimalını dəyərləndirərkən bildirib.
Xatırladaq ki, parlament seçkilərinə 3 gün qalır. Buna baxmayaraq nə cəmiyyətdə hansısa canlanma hiss olunmur, nə də beynəlxalq təşkilatların aktiv fəaliyyəti də nəzərə çarpmır. Bunu müqabilində Azərbaycan hakimiyyətindən Qərbə ünvanlanan tənqidlər daha da güclənir. Bu durumda Qərbin aparıcı Beynəlxalq təşkilatlarının Azərbaycanda keçiriləcək seçkilərin legitimliyini tanımaması nə qədər mümkündür? Və bu baş verərsə, Azərbaycanın daxili siyasi durumuna, həmçinin xarici siyasətinə necə təsir göstərə bilər?
Bu mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu PİA.AZ-a açıqlama verib.
Elxan Şahinoğlu: “Bəzi beynəlxalq təşkilatlar seçkini müşahidə etməkdən imtina etdilər. Lakin bu o demək deyil ki, beynəlxalq aləm parlamanet seçkilərinin legitimliyini tanımayacaq”.
Politoloq Elxan Şahinoğlu bildirir ki, Qərblə əlaqələrin kəsilməsi Azərbaycanın müstəqilliyini təhlükə altına sala bilər:
“Keçən il keçirilən parlament seçkiləri ilə müqayisədə indiki parlament seçkiləri bir qədər sönükdür. Biz debatları da müşahidə etmirik. Düzdür, namizdələrin sayı çoxdur. Bəzi dairələrdə rəqabətin şahidi olacağıq. Amma yenə də sönük bir təbliğat izlədik. Müxalifətin bir hissəsi seçkilərə qatılmadı. Digər tərəfdən, bəzi beynəlxalq təşkilatlar seçkini müşahidə etməkdən imtina etdilər. Lakin bu o demək deyil ki, beynəlxalq aləm parlamanet seçkilərinin legitimliyini tanımayacaq. Əlbəttə tənqidlər olacaq. Bundan əvvəlki seçkilərdə də tənqidlər olur. Düşünürəm ki, Qərb Azərbaycanı itirmək istəməz. Istəməz ki, Azərbaycan birbaşa Rusiyanın təsiri altına düşsün. Ona görə müəyyən alətlər var ki, o alətlər Azərbaycan hakimiyyəti ilə təmas imkanları saxlayır. Ona görə də böyük ehtimalla beynəlxalq təşkilatlar seçkinin nəticələrinə tənqidi yanaşsalar da, Azərbaycan parlamenti ilə əməkdaşlıqdan imtina etməyəcəklər.
Elxan Şahinoğlu: “Rusiyanın Azərbaycana qarşı çox ciddi və təhlükəli şərtləri var”.
Əgər beynəlxalq təşkilatlar Azərbaycanda keçiriləcək seçkilərin legitimliyini tanımasa, bu Azərbaycanın daxili və xarici siyasətinə mənfi təsir edə bilər. Azərbaycan hakimiyyəti birbaşa Qərblə bütün körpüləri yandırıb, Rusiya ilə münasibətlərin inkişafına gedə bilər. Bu Azərbaycan üçün çox təhlükəlidir. Çünki Rusiya Ermənistanın hərbi strateji mütəffiqidir. Rusiyanın Azərbaycana qarşı çox ciddi və təhlükəli şərtləri var. Sülhməramlıların Qarabağda yerləşdirilməsi, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü məsələsi və s. Bu mənada Azərbaycanın müstəqilliyini də xələ gələ bilər. Ona görə də düşünürəm ki, Qərblə münasibətlərdə müəyyən balansı saxlamaq lazımdır”.