Gömrükdən ayda neçə dəfə 10 minlik mal keçirmək olar? EKSPERT
Tarix: 28-10-2015, 14:41 |
Çap et
Bir neçə gün əvvəl ölkə başçısı İlham Əliyev “Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi” haqqında fərman imzaladı. Fərmana əsasən, bundan sonra fiziki şəxslər tərəfindən Azərbaycan ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallar gömrük ödənişindən azaddır. Fərmanda həmçinin qeyd olunur ki, aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar bu imtiyazlara istisnadır.
O zaman ortaya bəzi suallar da çıxır; Belə ki, İran, Rusiya, Türkiyə, Gürcüstan kimi ölkələrlə həmsərhəddə yaşıyan və gündəlik, həftəlik alış-verişini buradan edən vətəndaşlarımız var. Onlar ərazi yaxınlığından və yeni mövcud imtiyazlardan istifadə edərək sərhəddi yaxın müddət ərzində bir neçə dəfə keçə bilərlərmi? Axı bu barədə fərmanda hər hansı bir nizamlayıcı maddə və ya bənd göstərilmir. Yoxsa Gömrük Komitəsi bunu əvvəlki qanunlara müvafiq olaraq nizamlayacaq?
Bütün bu suallara cavabı isə iqtisadçı ekspert Oqtay Haqverdiyev Hafta.az-a açıqlamasında verir. İqtisadçının sözlərinə görə, bir şəxsin yaxın müddət ərzində iki və ya üç dəfə sərhəddi keçməsi ilə bağlı verilən fərmanda elə bir şey yazılmayıb:
“Ona görə də, bir şəxs istəsə lap on dəfə də gedib gələ bilər. Hər halda sərhəddə buna fikir veriləcək. Kimsə ağını çıxarsa onların qarşısı alınacaq. Bunlara baxmayaraq fərmanda bir şəxsin gündə, iki – üç gündən bir və ya həftədə bir neçə dəfə sərhəddi keçib on min manata qədər alver etməsinə, gömrükdən mal keçirməsinə məhdudiyyət qoyulmur”.
Ekspert hesab edir ki, bu kimi hallarla qarşı mübarizə üçün Dövlət Gömrük Komitəsinə ayrıca imtiyazlar verilməmiş deyil:
“Bir şəxs səhər sərhəddi keçib nəsə alıb gəlir, üstəlik axşam sərhəddi bir də keçib yenə on min manata qədərlik mal gətirir. Kimsə təzə maşınlarla gedib gəlirsə, yeni avtomobillər keçirirsə, əlbət ki, onu saxlayıb nəsə deyəcəklər. Hər şeyin bir ölçüsü olmalıdır. Bu ağını çıxarmaqdır. Bu fərman kiçik sahibkarlığın inkişafı üçün nəzərdə tutulub. Tutaq ki, əvvəllər iki min manata qədər idisə, indi on min manata qədər rüsumsuz mal keçirmək mümkündür. Həmin sahibkarlar da özlərini yaxşı aparmalıdırlar. Ayrı qanunvericiliklə gömrükçülərə bu barədə əlahiddə səlahiyyətlər verilib ki, bu cür halların qarşısı alınsın. Onlar da baxıb görməlidirlər ki, kim gəlib, kim gedir, bir şəxsin sərhəddi neçə dəfə keçməsinə nəzarət etməlidirlər. Bu cür hallar başqa qanunlarla tənzimlənir”.