Azərbaycan seçiciləri deputatlığa namizədlərdən nə istədi...
Tarix: 28-10-2015, 12:13 | Çap et
Azərbaycan seçiciləri deputatlığa namizədlərdən nə istədi...
Mandat uğrunda mübarizə aparanlar seçicilərlə görüşdə onların etimadını qazanmağa çalışırlar. Maraqlıdır, bu görüşlərdə Azərbaycan seçiciləri deputatlığa iddialılardan nə istəyir?

Modern.az-ın bu sorğusuna namizədlər özləri cavab veriblər:

34 saylı Xətai ikinci seçki dairəsindən namizəd Fuad Muradov bildirib ki, seçicilər ilk növbədə deputatın onların yanında olmağını istəyir: “Azərbaycan seçiciləri öz müraciətlərinə tez zamanda baxılmasını, müraciətlərə əsaslanaraq müxtəlif dövlət qurumları qarşısında məsələ qaldırılmağını və ən başlıcası tezliklə düşmən işğalı altındakı torpaqların işğaldan azad olunmağını istəyirlər. Düşünürəm ki, bu da təbiidir. Çünki deputatların işi seçiciləri təmsil etmək, onların qaldırdıqları məsələləri vaxtı-vaxtında müvafiq orqanlara çatdırmaqdan ibarətdir”.

20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd Adil Əliyevin sözlərinə görə, seçicilər deputatlığa namizədlərdən qanunların qəbulunda aktiv olmalarını və onların qarşılaşdığı problemlərin həlli istiqamətində fəal iştirak etmələrini istəyirlər.

21 saylı Nəsimi birinci seçki dairəsindən namizəd Məlahət İbrahimqızının fikrincə, seçicilərin tələbləri fərqlidir: “Kəndlərdə yaşayan seçicilər xüsusi infrastruktur sahəsindəki problemlərin həlli ilə bağlı tələblər irəli sürür, bununla yanaşı, kənd yerlərindəki məktəb və səhiyyə müəssisələrində təmirə ehtiyac olduğu, yol problemi və digər məsələlərin həllinin önəmli olduğunu söyləyirlər.
Amma şəhər seçicilərinin istəkləri bir qədər fərqlənir. Onlar qanunvericiliyin təkmilləşdirilməsini istəyir, bu istiqamətdə müxtəlif təkliflər irəli sürürlər. Eyni zamanda, üzləşdikləri problemlərin həlli ilə bağlı müraciətlər edirlər.
Son aylarda cənab prezidentin keçirdiyi müşavirələrdə ictimai qınaq, ictimaiyyətin və vətəndaş cəmiyyətinin ölkədəki problemlərin həllində rolu ilə bağlı fikirlərini seçicilərimiz çox yüksək qiymətləndirir və hər bir görüşdə onlar istər sahibkarlıq fəaliyyəti, istərsə də bu seçki təbliğat kampaniyamızla bağlı öz təklif və tələblərini nəzərə çatdırırlar. Seçki təbliğatı kampaniyamız hökumətin 9 aylıq hesabatı dövrünə təsadüf etdi. Cənab prezidentin bir sıra məsələlərin həlli ilə bağlı təklifləri, ictimaiyyətə yönəltdiyi mesajları seçicilərin ürəyincədir”.

8 saylı Binəqədi birinci seçki dairəsindən namizəd Azay Quliyev qeyd edib ki, seçici deputatın onlara dəstək olmağını istəyir: “Seçicilər hər zaman deputatın yanlarında olmağını və onları narahat edən məsələləri aidiyyəti qurumlara çatdırmağını istəyir. Bu da böyük məsuliyyət tələb edir və bu istiqamətdə lazımlı tədbirlər görülür.
Deputat seçiləcəyim halda seçiciləri narahat edən məsələlərin müvafiq dövlət qurumlarının yardımı ilə həllinə çalışacağam”.

71 saylı Masallı kənd seçki dairəsindən namizəd Elmira Axundova söyləyib ki, seçicilər maddi köməkdən tutmuş məktəblərin tikilməsinə və yolların salınmasınadək demək olar bir çox problemlərinin həllini istəyir:
“Masallı rayonunda seçicilərin xahişləri əsasən ünvanlı sosial yardımın təşkili, məktəblərdə istilik sisteminin qurulması, yol və işsizlik problemləri ilə bağlıdır. Masallının 215 min əhalisi var və onların başlıca problemləri işsizlikdir.B u baxımdan düşünürəm ki, haqlı olaraq iş probleminin həllini tələb edirlər”.

112 saylı Qax seçki dairəsindən namizəd Azər Kərimli qeyd edib ki, keçirdiyi bütün görüşlərdə seçicilərin bütün şikayətləri ilə maraqlanıb: “Həmin görüşlərdə seçicilər bir çox məsələləri diqqətə çatdırıblar. Kənd sakinlərinin əsas problemləri təbii qazla bağlıdır və onlar bu məsələnin müvafiq qurumlar qarşısında qaldırılmağını istəyirlər”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net