Şakir Əhmədov həbs edildi
Tarix: 28-10-2015, 10:47 |
Çap et
Mingəçevirdə iki qardaşı güllələyən 31 yaşlı fizika müəllimi Şakir Əhmədov həbs edilib.
Bu barədə Axar.az-a Mingəçevir Şəhər Polis Şöbəsinin növbətçi hissəsindən bildirilib.
Polis Şöbəsindən verilən məlumata görə, Ağdam sakini Bəxtiyar Rəhimovu öldürüb, qardaşı Rövşən Rəhimovu yaralayan fizika müəllimi Ş.Əhmədov artıq saxlanılıb. Hazırda hadisənin baş vermə səbəbi ilə bağlı Mingəçevir Şəhər Prokurorluğunda istintaq davam etdirilir, araşdırma aparılır.
Qeyd edək ki, Mingəçevirdə məcburi köçkünlər üçün salınmış qəsəbədə silahlı insident baş verib. Hadisə şahidlərinin ANS-ə verdiyi məlumata görə, Ağdam rayonundan məcburi köçkün olan 31 yaşlı, köçkün məktəblərinin birində fizika müəllimi işləyən Ş.Əhmədov həmyerlisi B.Rəhimova hələlik məlum olmayan səbəbdən silahla atəş açıb.
Daha sonra onun qardaşı R.Rəhimovu da əlindən və ayağından güllələyib. Sinəsindən iki güllə yarası alan B.Rəhimov xəstəxanaya aparılarkən yolda keçinib.
Mərhumun atası Elmidar Rəhimovun sözlərinə görə, əvvəllər oğlanları ilə hadisəni törədən şəxsin arasında heç bir münaqişə yaşanmayıb. Əksinə, uzun müddət qonşu kimi normal münasibətləri olub. Mərhum ailəli olub. İki azyaşlı övladı var.