Son illər cəmi 3 cizgi filmi çəkilib
Tarix: 27-10-2015, 18:33 |
Çap et
Azərbaycanda son illər orta hesabla 2-3 cizgi filmi çəkilib. Filmlərin əsas istehsalçısı dövlət studiyalarıdır. İki ilə yaxındır ki, kinostudiyalarımızın bəziləri gəncləri bu işə cəlb etmək üçün həvəsləndirici cizgi filmləri çəkir.
Bu sözləri Axar.az-a Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Yusif Şeyxov deyib. Onun sözlərinə görə, hazırda nazirlik bu sahədə peşəkarların yetişməsi üçün müəyyən kursların keçirilməsini planlaşdırır:
“Təəssüflər olsun ki, cizgi filmlərinin hazırlanmasında kadr çatışmazlığımız var. Nazirlik bu sahədə peşəkarlar yetişdirmək üçün kurs təşkili planı hazırlayır. Ümumi nəzər salanda, cizgi filmləri böyük büdcə tələb edir. Onlara həsr olunan vaxtla bədii filmlərin hazırlanmasına ayrılan vaxt eyni deyil. Bu sahə böyük vaxt və xeyli büdcə tələb edir”.
Sektor müdiri bildirdi ki, hazırda nazirliyin göstərişi ilə “Əlifba” adlı yeni cizgi filminin üzərində tamamlanma işləri aparılır.
Qeyd edək ki, dünyada ilk cizgi filmi 1917-ci il 26 oktyabr tarixində çəkilib.
Azərbaycanda cizgi filmlərinin yaranması isə XX əsrin 30-cu illərinin əvvəllərinə təsadüf edir.