Banka borcu olan hakim prosesdən uzaqlaşdırıldı
Tarix: 27-10-2015, 16:30 | Çap et
Banka borcu olan hakim prosesdən uzaqlaşdırıldı
Moderator.az bank üzrə ekspert Əkrəm Həsənovun Facebook statusunu təqdim edir:

"Yasamal rayon Məhkəməsinin sədri mənim hakim Zəfər Quliyevə etirazımı təmin edib. Əsas: hakimin Nikoyl Banka olan borcu və onun məsul şəxsi ilə dostluq münasibətidir. Ümid edirəm ki, Nikoyla verdiyim bu dərs faydalı olacaq və bundan sonra hakim seçkisi ilə məşğul olmayacaq.

Amma Nikoylun xeyri də oldu cəmiyyətimizə. Çünki nəticədə vacib presedent yarandı: borclu hakim kreditorun işinə baxmamalıdır! Bu münasibətlə hamını təbrik edirəm. Həmçinin bu presedentin yaranmasında əməyi olan ictimaiyyətə (ilk növbədə Facebook əhlinə!), mətbuata və Məhkəmə-Hüquq Şurasına təşəkkür edirəm!
Müvafiq qərardadın surəti ilə tanış ola bilərsiniz. Qərardaddakı üslub qüsurlarını və qrammatik səhvləri üzrlü sayın: məhkəmə sədri çox həyəcanlı olub yəqin. Elə ona görə də qərardadda Mülki-Prosessual Məcəllənin 19.2.3-cü maddəsinin (hakim işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa) əvəzinə 19.1.3-cü maddəsinə (hakim əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə) istinad verib. Nə isə, həyəcanını başa düşürəm: o boyda presedent yaradıb!

İş üzrə yeni hakim Sərdar Mehrəliyevdir. Bu gün onun sədrliyi ilə artıq ilk iclas oldu. İclas başlayan kimi mən bildirdim ki, Mülki-Prosessual Məcəllənin 23.2-ci maddəsinə əsasən Yasamal rayon məhkəməsinin bütün tərkibinə etiraz edirəm. Çünki iddia məqsədli şəkildə bu məhkəməyə verilib və hansısa “təsadüf” nəticəsində məhz Zəfər Quliyevə düşmüşdü. Bu isə məhkəmənin qeyri-obyektiv və qərəzli olmasına şübhə yaradır.

Nikoylun nümayəndəsi etiraz edərək bildirdi ki, mənim Zəfər Quliyevə də etirazım əsassız və sübutsuz idi, indiki etirazım da elədir. Amma məhkəmə sədri təmin edib etirazımı və bu “onun şəxsi işidir”. Dedi ki, mən bu etirazlarımla məhkəmə prosesini uzatmaq istəyirəm.

Cavab olaraq mən dedim ki, əvvəla, bilmirdim ki, məhkəmə sədrinin qərarı onun “şəxsi işi”dir (deyəsən, Nikoyl bu məhkəmənin hakimlərinin şəxsi işlərinə yaxşı bələddir!). Daha sonra bildirdim ki, Zəfər Quliyevə etirazım əsassız və sübutsuz olsaydı, təmin edilməzdi. Vaxtın uzadılmasına gəldikdə isə nəzərinə çatdırdım ki, iddianı ünvanım üzrə Xətai məhkəməsinə versəydilər, belə olmazdı, öz təqsirləridir.

Hakim müşavirə otağına getdi. Qayıdanda elan etdi ki, bu etirazım baxılmamış saxlanılır. Çünki guya ki, birinci instansiya məhkəməsinin bütün tərkibinə etiraz edilə bilməz (yəni etirazın əsasına münasibət bildirmədi). Mən nəzərinə çatdırdım ki, Mülki-Prossesual Məcəllənin 23.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin bütün tərkibinə etiraz edilə bilər. Hakim razılaşmadı. Yeri gəlmişkən, həmin maddəyə əsasən qərardadı da hakim özü deyil, apellyasiya məhkəməsi qəbul etməli idi. Nə isə, qərardadı yazılı təqdim edəndə, baxıb görərik, necə əsaslandıracaq qanunda olmayan mülahizəsini. Hər halda mən onu başa düşürəm: etiraf edə bilməz ki, Yasamal məhkəməsi bu işdə qərəzlidir və Nikoylun işlərini əldən vermək istəmir. Düzdür, onun istəyinə baxan kimdir ki! Qanun var! Mən də qanuni yolla kimin kim olduğunu üzə çıxardacağam!

Ümumiyyətlə, hakim yaman gileyli idi ki, bu iş ona düşüb. Bir neçə dəfə dedi ki, işim çoxdur, bu Zəfər müəllimin işidir, mənə veriblər. Buna görə də bildirdi ki, növbəti iclas gec olacaq. Onu noyabr ayının 13-cü saat 11.30-a təyin etdi. Cümə günüdür. Elə oradaca dedim: “13-cü cümədən azərbaycanlılar qorxmur, ruslar qorxur...”

P.S. Hüquqşünas dostlarıma “qara siyahı”ya düşmək haqda xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, bugünkü iclasda onlar yenə də iştirak edirdi: Vusal Orucov, Emil T. Valiyev, Nijat Ismkhanov, Ys Sv və Abdullayev RA. Sağ olsunlar! Onların və mətbuatın iştirakı mənəvi dəstəklə yanaşı işin düzgün aparılmasına xeyli kömək edir. Yeri gəlmişkən, Nikoylun nümayəndəsi həmişə olduğu kimi bu dəfə də mətbuatın suallarına cavab verməkdən yayındı. Faktiki olaraq qaçdı. Mən hələ belə iddiaçı göməmişdim. Adətən mətbuatdan gizlənən cavabdeh olur. Bizdə isə iddiaçı gizlənir. Halqısansa, niyə gizlənirsən, ey özünə Rusiya bankı olmağı ləkə bilən Nikoyl?!"





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net