Əlil seçicilər necə səs verəcəklər? - Açıqlama
Tarix: 26-10-2015, 13:01 |
Çap et
“Mərkəzi Seçki Komissiyası (MSK) hərəkət və görmə qabiliyyətində məhdudiyyətlər olan seçicilərin seçki məntəqələrində öz iradələrini azad ifadə etmələri üçün əlverişli şəraitin yaradılması istiqamətində ciddi işlər görüb”.
Bu fikirləri AzVision.az-a açıqlamasında MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib.
Onun sözlərinə görə, hərəkət qabiliyyətində məhdudiyyətlər olan seçicilər üçün seçki məntəqələrində panduslar quraşdırılıb: “Bu qəbildən olan seçicilərin öz iradələrini azad ifadə etmələri üçün bütün şərait yaradılıb. Bunun üçün artıq seçki məntələrində panduslar quraşdırılıb. Bu da o deməkdir ki, onlar rahat, heç kimin köməyi olmadan gəlib səs verə biləcəklər”.
Ş. Əsədli qeyd edib ki, görmə qabiliyyətini tam və ya qismən itirmiş seçicilərin səs verməsi üçün isə seçki bülletenlərindəki bütün məlumatların brayn əlifbasında əks olunmuş trafaretlərdən istifadə olunacaq: “Beləliklə səsvermə hüququ olan gözdən əlil seçicilər həmin trafaretləri seçki bülletenlərinin üzərinə qoymaqla sərbəst şəkildə istədikləri namizədə səs verirlər. Artıq bütün trafaretlər seçki məntəqlərinə paylanılıb”.