`Siqaret qadağan olunmalıdır` - Deputatdan təklif
Tarix: 26-10-2015, 11:49 |
Çap et
“Taksidə həm sürücülərin, həm də sərnişilərin siqaret çəkməsinə qadağa qoymaq lazımdır”.
Bu fikirləri AzVision.az-a Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib.
Deputat hesab edir ki, bu məsələ üzərində ciddi düşünmək lazımdır: “Taksilərdə siqaret çəkilməsinin qadağan edilməsi dünyada bir mədəniyyət kimi formalaşıb. Digər tərəfdən taksinin salonu yığcam olduğu üçün orada çəkilən siqaret bütün sərnişinlərə mənfi təsir göstərir. Xüsusilə nəzərə alsaq ki, taksidən uşaqlar və xanımlar da istifadə edir”.
Milli Məclisin üzvü bildirib ki, bizdə taksilərin bir çoxunda müəyyən standartlar var ki, onlar tətbiq olunmur:
“Bu, istər ölkəmizin vətəndaşlarını və eləcə də xaricdən ölkəmizə gələn qonaqları rahat etmir. Bəzən belə hallar xarici turistlərin ölkəmiz haqqında mənfi rəylər yaratmasına gətirib çıxarır. Taksi xidmətində fəaliyyət göstərən maşınların mexaniki sazlığı ilə yanaşı salonlarının da təmiz və komfortlu olması vacibdir. Taksi fəaliyyəti göstərən maşınların hər birində taksometrlərin qoyulması həm xidmətin keyfiyyətini yüksəldir, həm də sərnişin və sürücü arasındakı münasibətləri hüquqi bir müstəviyə gətirir. Sərnişin də dəqiq bilir ki, taksometr hansı qiyməti yazıb, o pulu da verəcək”.
M.Quliyev qeyd edib ki, taksi sürücülərinin vahid geyim formasına keçməsi də vacib məsələdir: “Dünyanın sivil ölkələrində taksi sürücüləri vahid formada xidmət göstərirlər. Bu yeni bir xidmət mədəniyyəti gətirir və xidmətin keyfiyyətini yüksəldən amillərdən biridir”.