Yasamalda 42 nəfərin saxlandığı kafenin icarədarı NƏLƏRİ DANIŞDI
Tarix: 26-10-2015, 11:47 | Çap et
Yasamalda 42 nəfərin saxlandığı kafenin icarədarı NƏLƏRİ DANIŞDI
Xəbər verdiyimiz kimi, 22 oktyabr tarixində hüquq-muhafizə orqanları Yasamal rayonunda yerləşən “Farklı Lahmacun” kafesində əməliyyat keçirərək, 40-dan çox şəxsi saxlamışdı. Polis tərəfindən bölməyə aparılanların dindarlar olduğu bildirildi.

Hüquq-mühafizə orqanları yaydıqları bəyanatda qeyd etdilər ki, onlara “Farklı Lahmacun” kafesində qanunsuz formada dini ayinlərin keçirilməsi və buraya toplaşan şəxslərin qonşuları naraht etdiyi barədə məlumatlar daxil olub. Hafta.az ötən gün araşdırma apararaq hadisə barədə oxuculara geniş məlumat çatdırıb. Hadisəni araşdırmağa davam edən əməkdaşımız qeyd olunan kafenin icarədarları ilə söhbət edib.

Sahibkarların sözlərinə görə, baş verən hadisələr anlaşılmazlıq nəticəsidir:

“Axşam müştərilərimiz kafedə əyləşmişdi. Birdən içəri daxil olan polislər hər kəsdən telefonlarını və sənədlərini çıxarıb stolun üzərinə qoymağı tələb etdi. Daha sonra onlar kafedə, həmçinin yaxınlıqdakı dükanda olan şəxsləri də avtobus və maşınlara otuzduraraq bölməyə apardılar. Bölmədə bizə normal münasibət göstərildi.

Mənimlə söhbət edən hüquq-mühafizə orqanlarının əməkdaşları bildirdilər ki, onlara bizim qanunsuz yığıncaq keçirməyimiz, bir də qonşuları narahat etdiyimiz haqda şikayət olunub. Polislər bizə bildirdilər ki, şikayət araşdırılaraq ən obyektiv qərar veriləcək. Mən narazılıq edən şəxsin kim olduğunu biləndə artq məsələ aydın oldu. Narazılıq edən kafe sahibinin keçmiş yeznəsi Pərviz idi. O, Bayıl qəsəbəsndə yaşayır, buradakı insanlarla heç bir əlaqəsi yoxdur. Biz bu kafenin ondan icarəyə götürmüşdük. Pərviz həmin zaman obyektin sahibi Fərzəliyev Yavərin yeznəsi idi. Onların qohumluğu pozulduqdan sonra kafeylə bağlı bütün işləri biz Fərzəliyev Yavərlə görməyə başladıq. Pərviz isə bu günə qədər bütün dövlət qurumlarına şikayətlər edərək bizim haqda şər-böhtanlar söyləyib. Buraya çoxlu sayda yoxlama gəlib, amma gördüyünüz kimi biz işləyirik və 3 ilə yaxındır ki, fəaliyyətdəyik. Əgər işimizdə hansısa qanuna zidd əməl olsaydı bu qədər müddətdə kafeni işlədə bilməzdik”.

Kafe icarədarının sözlərinə görə, obyektdə hadisə baş verən günü heç bir dini yığıncaq təşkil olunmayıb:

“Biz azadlığa çıxdıqdan sonra bəzi mətbu orqanlarda kafemizdə qanunsuz dini yığıncaq təşkil olunmasına dair məlumatlar eşitdik. Bu yanlış informasiyadır, azadlıqda olmamız buna sübutdur. Hüquq mühafizə orqanları özlərinin də qeyd etdiyi kimi obyektiv araşdırma apardıqdan sonra məsələyə aydınlıq gəlib artıq. Bizə vəhabi, radikal cərayanlara üzv olan, onlara dəstək verən olsaydıq, bu gün burda olmazdıq. Əksinə biz bu şəxslərlə mübarizə aparırıq, Suriyada, İraqa İŞİD-ə qoşulanların İslam dini ilə heç bir əlaqəsi yoxdur. Radikallar daha çox dinə yeni qoşulmuş şəxsləri öz sıralarına cəlb etməyə çalışır. Biz isə hər zaman dində yeni olan şəxslərə öz tövsiyələrimizi verərək onların sosial-şəbəkələrdə İŞİD və digər anti-islam qruplaşmalarının təbliğatına uymamağa çağırmışıq. Biz hər zaman sülh əmin-amanlığın tərəfdarı olmuşuq. Ölkəmizdəki bu gün davam edən sabitlik prezidentimizin əməyidir, bunu danmaq olmaz. Etiraf etməliyik ki, bu gün müsəlman ölkələrində sabitliklə bağlı ciddi problemlər müşahidə olunur. Amma Azərbaycan bu sahədə bütün müsəlman ölkələrinə nümunə ola biləcək durumdadır. Bir daha qeyd etmək istərdim ki, biz heç bir qanunsuz dini yığıncaq təşkil etməmişik. Hüquq-mühafizə orqanlarının apardığı araşdırmadan sonra bu sübuta yetirilib".

Qeyd edək ki, söhbətin sonunda kafe icarədarı əməkdaşımızı dindarların saxlanılaraq bölməyə aparıldığı otağı göstərdi. İcarədar əməkdaşımızı qeyd olunan yerə dəvət edən zaman stolların üzərində çay, stəkanlar, ayran və bir sıra yeməklər qalmaqda idi. Sahibkarın bildirdiyinə görə, çay və yemklər hadisə zamanı saxlanılan şəxlərin verdiyi sifariş idi.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net