Kosova Parlamentində növbəti dəfə qalmaqal yaşanıb. Parlament binasında vəziyyət o həddə çatıb ki, müxalifətyönlü deputatlar növbəti dəfə iclas zalında gözyaşardıcı qazdan istifadə ediblər.
ANS PRESS-in euronews-a istinadən verdiyi xəbərə görə, Kosova parlamentinin iclası başlamazdan əvvəl parlament binası qarşısında müxalif yönümlü vətəndaşlarla polis arasında qarşıdurma yaşanıb. Polisin müxalifətçiləri ərazidən uzaqlaşdırmaq istəyi qarşıdurmaya səbəb olub.
Binadan uzaqlaşmaq istəməyən şəxslər polisə daşlarla hücum ediblər. Hətta bəzi məlumatlara görə, onlar polisə molotov kokteyli də atıblar. Polis isə etirazçıları gözyaşardıcı qazdan istifadə etməklə ərazidən uzaqlaşdıra bilib.
Bundan sonra müxalif millət vəkillərinin kürsüyə irəliləmək istəyi əngəlləndiyi üçün deputatlar salona qaz atıblar. Hətta ortalıq o qədər qarışıb ki, millət vəkillərindən bir neçəsi bir-birinə su şüşələri də atıblar. Qarşıdurmaları sakitləşdirmək üçün iclası başlayan parlament sədri də etirazla qarşılanıb.
Müxalif deputatlar yenidən qazdan istifadə ediblər. Bunu görən iqtidaryönlü millət vəkilləri salonu tərk edərək başqa bir zala keçərək iclası davam etdiriblər. Onlar iclas zamanı bütün qanun layihələrini müxalifət olmadan qəbul ediblər. Qəribəsi isə odur ki, müxalif deputatlar iclas bitdikdən sonra qanunların qəbul edildiyindən xəbərdar ediliblər.
Müxalifətdən olan millət vəkillərinin parlamentdə belə bir yola əl atmasına səbəb Avropa Birliyinin Kosovanın Serbiya ilə vəziyyətlərinin normalaşması üçün vasitəçilik etməsinə qarşı çıxmalarıdır.
Oktyabr ayının 8-də də Kosova parlamentində qalmaqal yaşanıb. İclas zamanı müxalifətdən olan deputatlar parlamentin qərarlarını baykot etmək məqsədi ilə əvvəlcə fitlərdən istifadə ediblər.Fasilədən sonra parlament rəhbəri 30 nəfər müxalifət deputatının yerdə qalan 90 nəfərin haqqına təcavüz etdiyini və buna icazə verilməyəcəyini deyib.
Bir müddət fit sədaları altında davam edən iclasda əsəblər tarıma çəkilib və iqtidarla müxalifətin şüşə davası başlayıb. Onlar bir-birinə şüşə atmağa başlayıblar. Bütün bunlara baxmayaraq iqtidaryönümlü millət vəkillərinin bəzi qərarları qəbul etdiyini gördükdə isə müxaliflər zala gözyaşardıcı qaz atıblar.