Rusiya Suriyada terrorçulara qarşı əməliyyat adı altında, əslində, Bəşər Əsəd hakimiyyətinə müxalif çıxanların başına bomba ələyəndən sonra rəsmi Dəməşqlə Moskva arasında əməkdaşlıq daha da dərinləşib. Əlbəttə, bu ölkədə yerüstü əməliyyat aparmağa çalışan Rusiya özünə haqq qazandırmaq, əslində Qərblə mübarizəsinə don geyindirmək istəyir. Elə bu səbəbdən də dünyanın əksər dövlətləri tərəfindən təcrif edilən Suriya prezidenti Bəşər Əsəd Moskvaya gözlənilməz səfər çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparıb.
Əsəd bildirib ki, Rusiyanın münaqişədə iştirakı terrorçuluğun yayılaraq daha təhlükəli olmasının qarşısını alıb. Öz növbəsində Putin də bildirib ki, Suriya xalqı beynəlxalq terrorçuluğa qarşı mübarizədə bir neçə ildir tək qalmışdı. "Onlar ciddi itkilərə məruz qalıb, lakin son vaxtlar döyüşlərdə nailiyyətlər qazanıb," - o, əlavə edib.
Yeri gəlmişkən, bildirək ki, Əsəd Moskvaya çərşənbə axşamı gəlib və hazırda Dəməşqə geri qayıdıb.
Onu da xatırladaq ki, Suriyada 2011-ci il vətəndaş müharibəsi başlayandan sonra bu, Bəşər Əsədin ilk xarici səfəridir.
Kreml tərəfindən hazırlanmış videoda Putin ölkəsindəki "dramatik vəziyyətə" baxmayaraq, səfər etdiyi üçün Əsədə minnətdarlığını bildirib. Deyib ki, Moskva təkcə Suriya xalqına kömək etmək üçün deyil, həm də "beynəlxalq terrorçuluğa" qarşı mübarizə üçün savaşa qoşulub. Onun sözlərinə görə, Suriyada keçmiş Sovet İttifaqından təxminən 4 min nəfərin döyüşdüyü güman edilir. "Biz onların yenidən Rusiyaya geri dönməsinə imkan verə bilmərik," - Putin deyib.
Əsəd Suriyanın "birliyi və müstəqilliyi üçün qalxdığına görə" Rusiyaya minnətdarlığını bildirib: "Terrorçuluq siyasi vəziyyətə real əngəldir".
Hər iki siyasətçi böhranın siyasi həllinə ehtiyac olduğunu bildirib. Putin bildirib ki, Rusiya münaqişənin sülh yolu ilə həlli üçün töhfəsini verməyə hazırdır.
Əsədin Moskvaya hansı yolla gəlməsi də bu gün əsas müzakirə mövzularındandır. Müşahidəçilər deyirlər ki, Moskvadan Dəməşqə uçan təyyarələr əsasən Türkiyə səmasından istifadə edirlər. Amma türklər bu yolu Əsədi təcrid etmək üçün Suriyaya uçan bütün hava vasitələrinin, o cümlədən rus təyyarələrinin üzünə bağlayıb. Buna misal olaraq 2012-ci ilin oktyabrında Moskvadan Dəməşqə uçan, Suriya hava yollarına aid "Airbus A320" tipli təyyarənin "elan olunmamış silah daşıyır" iddiası ilə türk qırıcılarının müşayiəti altında Ankarada endirilməsini yada salırlar. Bundan sonra isə rəsmi Ankara türk təyyarələrinin Suriya, Suriya təyyarələrinin isə Türkiyənin hava sahəsinə girişini yasaqlayıb.
Doğrudur, bu qərar hər iki ölkənin hava sahəsindən keçib Ankara və ya Dəməşqə uçan digər ölkələrin sərnişin təyyarələrinə şamil olunmur, amma bütün hallarda təyyarədə nəyin olduğu tranzit dövlət olaraq Türkiyəyə bildirilir. Yəni Bəşər Əsəd sərnişin təyyarəsində Türkiyə hava məkanından keçməklə Rusiyaya uça bilər. Bu ilk gümanlardan biridir. Amma daha çox onun Suriya-İraq-İran-Xəzər dənizi hava məkanından keçməklə gedə bilməsinə dair fikirlər səslənir. Çünki hazırda Rusiyada Suriyaya göndərilən qırıcılar və silah-sursat məhz bu yolla Dəməşqə çatdırılır. Amma burada da bir məsələ var ki, İraqın şimalı ABŞ-ın nəzarətindədir.
Başqa bir ehtimal isə İraq və İran ərazisindən keçməklə Ermənistan və Gürcüstan hava məkanını qət edib Moskvaya getməsidir. İraq və İran səmasından uçmaqla Orta Asiya hava məkanından da keçməsi mümkündür. Ən zəif ehtimal isə təyyarənin Aralıq dənizi və Şərqi Avropa ölkələrinin üzəri ilə Qara dəniz səmasına, oradan isə Moskvaya uçmasıdır.
Əsədin Moskvaya gözlənilməz səfərini şərh edən britaniyalı ekspert Conatan Markus bildirib ki, prezident Əsədin Moskvaya gözlənilməz səfəri çətin vəziyyətdə olan Suriya rəhbərinin artan inamını göstərir: "O, Suriyada vətəndaş müharibəsi başlayandan bəri ilk dəfədir ki, Dəməşqi tərk etməyin təhlükəsiz olduğunu anlayıb. Bu həmçinin, Rusiyanın indiki Suriya rejiminə etimadının rəmzidir. Əsədin Moskvaya gəlişi onu göstərir ki, Putin onu ən azı hələlik mövqeyində möhkəmləndirmək niyyətindədir. Lakin bu səfər həmçinin Rusiyanın Suriyada hərbi müdaxilə ilə yanaşı, diplomatik planlarını genişləndirmək cəhdlərinə də işarədir".
Məşhur şərhçi Reyner Solliç deyir ki, ümumiyyətlə Rusiyanın bu ölkəyə sabitlik gətirməsi mümkün deyil. Çünki rus qırıcılarının Suriyaya bomba yağdırdığı bu qısa vaxtda ölkədə vəziyyət daha da gərginləşib: "Bir dənə də mənbə yoxdur ki, Rusiyanın Suriyada hansı nöqtələri və hansı məqsədlə vurduğunu isbatlasın. Müxtəlif mənbələr deyirlər ki, ruslar əslində İŞİD-i deyil, müxalifəti vurular. Deməli onların məqsədi terroru yox, necə deyərlər, Əsədin əl-ayağına dolaşan hər kəsi aradan qaldırmaqdır".
R.Solliç bildirir ki, Rusiya Yaxın Şərqdə şiə müsəlmanların tərəfini tutmaqla, əslində, müsəlmanlar arasında məzhəb savaşını körükləyəcək. Buna misal kimi o, ələvi Əsədlə ona dəstək verən İran və İraqa olan simpatiyasını göstərir. O, hətta artıq Rusiyanın öz ətrafında İran, İraq, Suriya və "Hizbullah"ın timsalında Livandan ibarət koalisiya yaratdığını da iddia edir.
Bu yerdə onu da xatırladaq ki, artıq İran da Rusiyanın özünü irəli verməsindən cürətlənərək Suriyada hərbi fəallığını artırır. Rəsmi Tehran Suriyada iştirakını inkar eləsə də, son xəbərlər iranlı zabitlərin Hələb yaxınlığında gedən döyüşlərdə iştirakını təsdiqləyir. Əslində İran Suriyada İslam İnqilabı Keşikçiləri Korpusunun 4 yüksəkrütbəli zabitinin həlak olduğunu bildirməklə özü də istəmədən sirrini açıb…
İran mənbələrinə görə, son 3 il ərzində Suriyada İİKK-in 18 yüksəkrütbəli zabiti həlak olub. Lakin son 1 həftə ərzində 4 zabitin ölümü İran tərəfinin müharibəyə etiraf edildiyindən daha geniş miqyasda qatılmasından xəbər verir.
İranlıların Suriyada sayı barədə dəqiq məlumat olmasa da, İran mediası hərdən itkilər barədə məlumatlar dərc edir. Məsələn, iyunda İRNA agentliyi son 4 il ərzində Suriyada 400 iranlı "könüllü"nün həlak olduğunu bildirmişdi.

