“Sehrli xalat”ın ekrana çıxmasının 50 illiyinə həsr olunmuş “50 ilin sehri” sənədli filminin təqdimatı keçirilib.
Axar.az xəbər verir ki, tədbir Nizami Kino Mərkəzində baş tutub.
Sənədli film ölkənin şimal-qərb bölgəsini əhatə edən “Kanal-S” Televiziya Şirkətinin dəstəyi ilə çəkilib. Tədbirdə həmçinin, xalq artisti Nuriyyə Əhmədovanın xatirəsi yad edilib.
Tədbirdə çıxış edənlər “Sehrli xalat”ın rejissoru Əlisəttar Atakişiyev, ekran əsərində çəkilmiş Əliağa Ağayev, Möhsün Sənani, Ağahüseyn Cavadov, Anatoli Falkoviç və Hüseynağa Sadıxov kimi sənətkarları xatırlayıblar.
Filmdə Rəşid rolunu canlandıran Azər Qurbanov Amerikada yaşadığı üçün tədbirdə iştirak edə bilməyib.
Onunla Skayp vasitəsilə əlaqə yaradılıb. Sənədli filmi Tural Məmmədovun ideya müəllifliyi əsasında, rejissor Mayis Zeynalov tərəfindən lentə alınıb. Qeyd edək ki, “Sehrli xalat” filmi 1964-cü ildə lentə alınıb.

