“Oğrular etiraf edir ki, maşın sizindir, amma…”
Tarix: 21-10-2015, 14:27 |
Çap et
Şirvan sakini İnqilab Zərbəliyev redaksiyamız vasitəsilə Daxili işlər naziri Ramil Usubova müraciət edərək probleminin həlli üçün ondan kömək istəyib.
Şikayətçi “Qafqazinfo”ya bildirib ki, polis oğlunun oğurlanan maşınını tapdığı halda onlara geri qaytarmaq istəmir: “Bu il yanvar ayının 20-dən 21-nə keçən gecə Zabrat qəsəbəsi, Nərimanov küçəsi 35 ünvanda kirayə yaşayan oğlum Zərbəliyev İntiqama məxsus 01 BN 845 dövlət qeydiyyat nömrə nişanlı “VAZ 2106” markalı avtomobil oğurlanıb. Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsində maşının oğurlanması faktı üzrə araşdırma aparılıb və avtomobili oğurlayan şəxs həbs olunub. Təxminən iyun ayında 15-ci polis bölməsinin Turqay adlı əməliyyatçısı oğlum İntiqama zəng vurdu və maşında olan nişanları soruşdu. Oğlum maşınında olan nişanları polislərə deyəndən sonra özünü dəvət edib Maştağada yerləşən avtomobil servisində avtomobilə baxış keçiriblər. Maşını oğurlayanlar özləri də etiraf edib ki, həmin maşın sizinkidir. 15-ci polis bölməsinin rəis müavini dedi ki, narahat olmayın avtoservisin müdiri maşını necə sökübsə, elə də yığıb sizə qaytaracaq. Sonradan avtoservisin müdiri ilə rəis müavinin arasında nə söhbət oldusa, bölmədən bizə qarışıqlıq yaşandığını, maşının bizim olmadığını dedilər. Ekpertiza avtomobilin kuzasında olan nişanın dəyişdirilmədiyi barədə rəy verib. Mən isə buna qəti inanmıram. Avtomobilin kuzasında olan nişan aydın şəkildə görünürdi ki, zədələnib”.
İ. Zərbəliyev qeyd edib ki, oğrular da maşının onlara aid olduğunu etiraf edib: “Oğrular özləri etiraf edirlər ki, maşın sizindir və kuzasının nişanını pozmuşuq. Amma polislər maşınımızı bizə qaytarmaq istəmir. Oğlum o maşınla işləyib 5 nəfərlik ailəsini dolandırırdı. 10 aydır ki, zülümdə, zillətdəyik. Son çarəni media vəsitəsilə nazirə müraciət etməkdə gördük”.