"Almanlar Türkiyəyə köçürlər"
Tarix: 21-10-2015, 09:55 |
Çap et
Dünyanın ən dəqiq xalqı, ən inkişaf eləmiş dövlətlərindən biri, eləcə də tarixən türk millətinin və Türkiyə dövlətinin dostu olmuş Almaniya nədənsə son vaxtlar ənənələrinə xilaf çıxmağa başlayır. Yəni türklərə badalaq gəldiyini görürük. Ola bilsin əvvəllər də belə olub - üzümüzə gülüb, arxada ayağımızın altını qazıb. Amma indiki kimi türk millətinə qarşı açıq kin-küdurət biruzə verməyib. Azərbaycanda insan haqlarının durumunun ağır olduğunu, demokratiyanın inkişafdan qaldığını deyir, Türkiyəyə qarşı da eyni ittihamları səsləndirir, üstəlik, PKK-ya silah-sursat verir, dinc insanlara qarşı terror aktı törədərək qan tökən terrorçuları pulla təmin edir, hətta mütəxəssislər göndərib onları xain hücumlara hazırlayır və sair.
Maraqlıdır, tarixdə bəlli olan iki dünya müharibəsini başladan, yəhudilərin timsalında qədim bir xalqı soyqırıma uğradan almanlar əslində özlərinin kim olduqlarını unudurlar. Amma göründüyü kimi, ikiüzlü imperialist siyasət davam edir.
Almaniya - Azərbaycan Mədəniyyət Dərnəyinin başqanı Kəmalə Kərimova ilə söhbətdə də bu məqamlara işıq salmağa çalışdıq. Daha doğrusu Kəmalə xanım Almaniya vətəndaşı olaraq bu məsələlərə Qərbdən baxmağa çalışdı.
Müsahibimiz ilk olaraq Almaniyanın Azərbaycan və Türkiyəyə münasibətdə ikili mövqe tutmasının səbəbindən söz açdı. Onun fikrincə, günahı ancaq almanların üzərinə yıxmaq olmaz. Bütün bu münasibətlər üçüncü qüvvələrin təsiri altında formalaşır.
- Əvvala deyim ki, mənə qalsa, Türkiyənin Avropa Birliyinə üzv olması heç lazım da deyil. Buna görə Almaniyanı günahlandırmayın. Çünki Türkiyə tərəfi Avropa Birliyinə girərsə, nələr olacağını fikirləşmir. Mən şəxsən Türkiyənin maraqlarını qorumaq üçün bunları sizə deyirəm.
- Niyə, nə olacaq Türkiyə Avropa Birliyinə qoşulsa?
- Yadda saxlayın ki, Türkiyənin Avropa Birliyinə girməsi avropalılardan daha çox türklərin özünə ziyandır. Əvvəla Türkiyə dövləti müstəqil addım ata, qərarlar qəbul edə bilməyəcək. Hansı ki bu gün Türkiyə dövləti sürətli inkişaf dövrünü yaşayır, qonşularının ərazisində müharibə gedir. Avropa Birliyində vahid razılaşdırılmış siyasət yürütməyə məcbur olacaq Ankaranın sıxıntılı günləri başlayacaq. Müşahidələrimə görə hazırda almanların özləri də sıxılırlar bu cür yaşamaqdan. Yeri gəlmişkən, Almaniyadakı almanlar müxtəlif səbəblərdən köçüb Türkiyəyə yerləşirlər. İnkişaf etmiş Almaniyanın hər baxımdan irəlidə olan vətəndaşları ora işləmək və yaşamaq üçün gedirlər. Heç düşündünüzmü ki, hər şeylə təmin olunan bu insanlar niyə məhz Türkiyəni seçirlər? Bax Avropa Birliyinin nə qədər vacib olub-olmadığını buradan görə bilərik.
- Məncə Almaniyadan Türkiyəyə kütləvi axın yoxdur. Olsa da fərdi qaydadadır...
- Mən 3 il Türkiyədə yaşadım. Bu ölkənin hər bir bölgəsini ana vətənim hesab edirəm. Türkiyənin turizm inkişaf edən bölgələrinə nəzər yetirin, görün ildə neçə min alman gəzmək üçün ora gedir. Hətta turistlər üçün vacib yerlərin bir çoxunu artıq alman işadamları satın alıb və ya icarəyə götürüblər...
- Bu turizmdir, insanlar gəzib görmək istəyir, ora ildə 5 milyon rus da gəlir. Həm də ki, Türkiyə Avropa Birliyinə girərsə almanlar ora daha çox sayda gedəcək. Çunki viza olmayacaq, hərəkət də hər baxımdan sadələşəcək...
- Bəli, düzdür. Bu almanlar üçün yaxşıdır. Amma Türkiyə üçün yaxşı deyil. Yeri gəlmişkən, almanlara Türkiyəyə getmək üçün viza tələb olunmur, onlar rahatlıqla təyyarəyə oturub Türkiyənin istənilən yerinə gedə bilirlər. Amma türklər Almaniyaya gəlmək istəsələr mütləq viza almalıdırlar.
- Yaxşı məqsədlə gəlsinlər, amma onları PKK düşərgələrində görmək millət olaraq bizi ağrıdır...
- Elə sual da belə yaranır ki, almanlar niyə PKK-nı qoruyurlar? Ona görə ki, burada - Almaniya parlamentində işləyən millət vəkillərinin çoxu kürddür. Daha sadə dillə desək, çoxu PKK-çıdır.
- Belə çıxır ki, PKK Almaniya Bundestaqına təsir edir, dünyanın ən dəqiq xalqı olan almanlar da tarixi müttəfiqlərini arxadan vururlar?
- Onu doğru dediniz ki, almanlar dəqiq və düz millətdir. Amma kənardan gələn dövlət adamları Almaniyaya ciddi təzyiq göstərir.
- Bəs alman casusların PKK düşərgələrində təlim keçməsi, bu quldur yığınına maliyyə vəsaitinin məhz Almaniyadan gəlməsinə dair faktlar rəsmi Berlinə təqdim olunub? Necə bilirsiniz, Almaniya Türkiyənin tələblərini yerinə yetirəcək, yoxsa yenə öz işini görəcək?
- Məncə Türkiyənin Avropa Birliyinə qoşulması o qədər də asan olmayacaq. Bu məsələnin tezliklə həll ediləcəyinə inanmıram. O ki qaldı PKK-ya silah yardımı məsələsinə, buna ancaq Almaniya hökuməti qərar verə bilər. Yəni bu problemin həlli Almaniya hökumətinin qərarından asılıdır.
- Sıravi almanlar nə düşünür Türkiyə və ayrıca kürd-PKK məsələsi barəsində?
- Türkiyəyə qarşı hər kəsin fikri fərqlidir. PKK-ya gəlincə, özünüz də bilirsiniz ki, bu təşkilatı Amerika qoruyur.
- Bəs Azərbaycana qarşı münasibət necədir orda? İzlədiyim qədər rəsmi müstəvidə narazılıqlar mövcuddur... Sizcə səbəblər nə ola bilər?
- Azərbaycanı burada çox az taniyan var. Rəsmi müstəvidə narazılıqların səbəbi isə dövlətlərarası anlaşılmazlıq ola bilər.
- Deyirsiniz Azərbaycan az tanınır Almaniyada? Niyə oradakı diaspor təmsilçilərmiz, eləcə də səfirliyimiz bu müstəvidə təbliğat işləri aparmırlarmı?
- Əlbəttə aparırlar. Almaniyadakı Azərbaycan səfirliyi də, diaspor təşkilatları da əllərindən gələni edirlər vətən üçün.
- Elə isə nə mane olur tanınmağımıza - rəsmi münasibətlərdəki narazılıqlarmı?
- Belə deməzdim, amma nəzərə alın ki, Almaniyada kifayət qədər diaspor təşkilatlarımız yoxdur...