AMEA tənqidlərə görə toplantı çağırdı
Tarix: 19-10-2015, 16:42 |
Çap et
Bu gün AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının iclası keçirilib.
İnstitutdan Axar.az-a verilən məlumata görə, iclasda son günlər “Orfoqrafiya lüğəti” ilə bağlı mətbuatda gedən məsələlər müzakirə olunub. İnstitutun direktoru Tofiq Hacıyev bildirib ki, hər bir xalqın yazısında, dil mədəniyyətinin inkişafında orfoqrafiya qaydaları mühüm rol oynayır. Bu baxımdan mətbuatda lüğətin bəzi qaydalarının mübahisə obyektinə çevrilməsi də təbiidir.
İclasda vurğulanıb ki, “Orfoqrafiya lüğəti”nin yenidən işlənməsi, verilmiş təkliflərin qiymətləndirilməsi, nöqsanların aradan qaldırılması uçun komissiya öz səylərini artırmalıdır.
Toplantıda çıxış edən komissiya üzvləri, o cümlədən mövcud lüğətin redaktoru professor İsmayıl Məmmədov bildirib ki, indiki sözlük 110 min leksik vahidi əhatə edir. Yeni nəşrdə süni yolla yaradılmış sözlərin bir qismi lüğətdən çıxarılacaq.
“Orfoqrafiya lüğəti”nin 2013-cü il 6-cı nəşri ilə bağlı son vaxtlar sərt tənqidlər səslənir. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rəhbəri yazıçı Afaq Məsud “Orfoqrafiya lüğəti”ndə həddən artıq qüsurlar olduğu üçün mərkəzin bu lüğətdən istifadə etmədiyini açıqlamışdı.
Xatırladaq ki, Azərbaycan Dil Qurumunun başqanı, xalq şairi Sabir Rüstəmxanlı nöqsanların aradan qaldırılması üçün təkliflərlə dilçi alimlərə, o cümlədə AMEA Dilçilik İnstitutuna müraciət edib. Hələlik Dilçilik İnstitutu müraciəti cavablandırmayıb.