Oğuz Müstəqil Araşdırmaçılar Qrupu “Azərbaycan Səfəvilər dövləti milli kimliyimizdə başlıca amil olaraq” mövzusunda MQF Bakı QHT Resurs və Təlim Mərkəzində dəyirmi masa keçirib.
Axar.az xəbər verir ki, tədbiri Oğuz MAQ rəhbəri Vüqar Zifəroğlu açaraq bildirib ki, rəhbərlik etdiyi fikir mərkəzi mütəmadi şəkildə milli kimliyimiz və mənəvi dəyərlərimizin təbliğatı ilə bağlı müxtəlif mövzularda tədbirlər təşkil edir.
Mövzu ilə bağlı çıxış edən tarix elmləri üzrə fəlsəfə doktoru Əkbər Nəcəf qeyd edib ki, istər Səfəvi xanədanının təməlində, istərsə də Səfəvilər imperiyasının özülündə türk amili mühüm yer tutur:
“Səfəvilər Azərbaycan dövlətçiliyinin əsasını təşkil edir və milli kimliyimizin başlıca dəyər nöqtələrindən biridir”.
Çıxışda Səfəvilər barədə bu günə qədər geniş elmi ictimaiyyətə açıqlanmamış bir sıra maraqlı məsələlərə toxunulub.
Tədbirin sonunda Oğuz MAQ İdarə Heyətinin üzvü, araşdırmaçı Ceyhun Bayramlı birliyin mövzu ilə bağlı hazırladığı slaydı təqdim edib. Tədbir maraqlı diskussiyalar və polemik çıxışlarla yadda qalıb.