MTN-dən son əməliyyat haqda məlumat
Tarix: 19-10-2015, 14:37 |
Çap et
Milli Təhlükəsizlik Nazirliyi son əməliyyatı haqda oktyabrın 16-da məlumat yayıb.
Axar.az yada salır ki, üç gün bundan əvvəl MTN-nin rəsmi saytında İŞİD-ə qoşulan azərbaycanlıların həbsi barədə xəbərdən əlavə bu günə kimi yeni məlumat dərc olunmayıb.
Həmin rəsmi məlumatda deyilir ki, anti-terror tədbirləri nəticəsində Quliyev Namiq Şahid oğlu, Hacıverdiyev Xalid Əliağa oğlu, Əhmədov Taleh Mahir oğlu, Əsgərov Elvin Əsgər oğlu və Mahmudov Anar Kərəm oğlu şübhəli şəxs qismində tutulublar.
Onlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etməkdə təqsirli bilinib.
Müəyyən edilib ki, bu şəxslər 2012-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya və İraqda “İslam Dövləti (İŞİD)”, Nüsrə Cəbhəsi və Cumdul-Xilafə terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.
Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən AR Cinayət Məcəlləsinin 12.1, 279.1-ci, 12.3,28,214.2.1, 12.3,28,214.2.3, 12.1,218.2-ci və 283-1.3-cü maddələri ilə cinayət işləri başlanılıb.
Cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.