Səudiyyədə qadınların başıaçıq gəzə biləcəyi şəhər - CİDDƏDƏN REPORTAJ
Tarix: 15-10-2015, 16:43 | Çap et
Səudiyyədə qadınların başıaçıq gəzə biləcəyi şəhər - CİDDƏDƏN REPORTAJ
Ciddə şəhəri Səudiyyə Ərəbistanın Ər-Riyaddan sonra ikinci ən böyük şəhəridir. Uçuşumuz öncə Atatürk hava limanına, oradan isə birbaşa Ciddə şəhərinədir. 3 saat yarımlıq uçuşdan sonra Ciddəyə çatırıq.

Bahalı həyat Ciddədə dərhal gözə çarpır. Yeddi ulduzlu otellər, müasir binalar, geniş bulvar, Qırmızı dənizin sahilləri şəhərin ən gözəl yerləri hesab olunur. Ciddə öz küçələri, bazarları, alış-veriş mərkəzləri ilə bir Avropa şəhərini xatırladır.

3 milyon əhalisi olan şəhərin qonaqları da çox olur. Universitetlərdə təhsil alan minlərlə oğlan və qızların, xarici şirkətlərdə çalışanların, varlı ərəblərin üz tutduğu şəhərdir bura.

Şəhər Səudiyyə Ərəbistanının ən önəmli giriş qapısıdır. Məkkədən 88 kilometr uzaqlıqda yerləşən bu şəhərə Ümrə və Həcc ziyarəti üçün, digər tərəfdən ticarət məqsədi ilə dünyanın dörd bir yanından ildə 3 milyon insan axın edir. Həcc mövsümündə getdiyimiz üçün şəhərdə qələbəlik hiss olunurdu.

Şəhərin qəribə quru , isti havası var. Temperatur yay aylarında 45, qış aylarında 20-25 dərəcə olur. Buna görə də alış veriş mərkəzləri gecə saatlarına qədər açıq olur. Çərşənbə və cümə günləri istirahət günün olduğundan digər günlərdə şəhər daha qələbəlik olur.

Ciddədə insanlara Səudiyyə Ərəbistanın digər şəhərlərinə nisbətən daha çox sərbəstlik verilib. Küçələrdə tez-tez başı açıq qadınlara rast gəlmək olar. Bundan istifadə edərək biz də bir az başı açıq gəzdik. Amma heç də bütün qadınlar başıaçıq gəzmir, çarşaba bürünmüş qadınların əksəriyyətinin yalnız gözləri görünür.

Şəhərdə qırğızlar, özbəklər, tatarlar bir çox ölkələrdən olan insanlar ticarətlə məşğuldur. Türk qardaşlarımız eyni qanı daşıdığımız üçün bizə də yaxşı endirim təklif etdilər.

Səudiyyə Ərəbistanında qadınlarının maşın sürməsi qadağandır. Bu qayda Ciddədə də keçərlidir. Ancaq qadınlar bundan çox narahat deyillər. Çünki pullu ərəblər həyat yoldaşları üçün sürücü tutur. Burada ictimai nəqliyyat vasitəsi yalnız taksilərdir. Qiymətlər isə o qədər də ucuz deyil.

Ciddə şəhəri başdan-başa mağazalarla doludur. Bu şəhərdə cümə namazı zamanı həyat dayanır. Axşam saatlarında isə küçələr insanlarla qaynaşır. Bütün mağazalar dolu olur.

Ərəb qadınların ən önəm verdiyi akssesuar qızıldır. Bu səbəbdən də hər addımda qızıl mağazalarına rast gəlmək olar. Daha çox sarı rəngli qızıllara üstünlük verən ərəb qadınları böyük ölçülü aksessuaları daha çox sevirlər.

Hər addımdan bir gözəl qoxulu ətirlər dükanına rast gəlmək olar. Mağazada müxtəlif gözəl ətirlər bir-birinə qarışıb. Ərəblər ətirləri bu ağac qabığından hazırlayır. Ağac qabığı deyib keçməyin, çünki bu ağac qabığı olduqca bahadır. Cəmi bu qədəri 60 dollar edir. Bu ağac qabığının bir kilosu 50 min dollara gəlib çıxır.

Qonaq olduğumuzu görən misirli satıcı bizi hədiyyəsiz buraxmadı. Bu ağac qabığından Uhud ətri hazırlanır. Bu ətiri həmçinin kiçik qablarda yandıraraq buxarından kimi istifadə edirlər. Hazırlanan ətirlərin qiyməti isə inanılmazdır.

Ərəblərin ən önəm verdiyi şeylərdən biri də ətirdir. Alacaqları siyahıda birinci yerdə ətir durur. Varlı ərəblər daha bahalı ətirlərə üstünlük verir. Bu ətirin cəmi bir qutusunun qiyməti 3500 dollardır.

Şəhərdə hər kəs işlərini namaz vaxtına görə uyğunlaşdırır. Namaz zamanı mağazalar bağlanır. Açılar-açılmaz qadınlar bahalı brendlərin olduğu mağazalara axışırlar.

Cİddə bu ölkənin turistik şəhəridir. Ölkə əhalisi Ramazan və Qurban bayramında bu şəhərə axışır. Qırmızı dənizin sahillərində vaxt keçirən ərəblər burada qolf mərkəzlərində, restoranlarda istirahət edirlər. Ciddə köhnə məhəllələri, dar küçələri, saralmış binaları ilə yanaşı lüks villaları olan şəhərdir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net