İran 3 gündə 3 generalını itirdi - Sensasion təfərrüat
Tarix: 15-10-2015, 12:37 |
Çap et
İranın Suriyada əməliyyatlara başlaması ilə birlikdə 3 gün içərisində 3 mühüm postda olan generalını itirdiyi bildirilir.
Avropa.info xəbər verir ki, bundan başqa İranın dəstəklədiyi Hizbullah təşkilatı da iki mühüm komandirini itirib ki, bunlardan biri də təşkilat lideri Həsən Nəsrullahın köməkçisidir.
Suriyada Bəşər Əsəd hökumətini dəstəkləyən İran, bu ölkədəki vətəndaş müharibəsinə göndərdiyi canlı qüvvələrdə mühüm itkilər qeydə alınır.
İranın Suriyadakı qarşıdurmalarda üç gündə üç generalını itirməsi isə ona böyük bir zərbə sayıla bilər.
Son günlərdə diqqəti ən çox çəkən hadisələrdən biri bu ayın 9-da general Hüseyn Həmdaninin Hələb yaxınlığında öldürülməsi olub.
Həmdani, İran İnqilab Keşikçiləri Korpusunun Qüds Ordusu birliyinin komandanı general Qasim Süleymaninin köməkçisi idi.
İran İnqilab Keşikçilərinə yaxın mətbuat qurumlarının yaydığı açıqlamada Suriya ordusuna müşavirlik edən general Həmdaninin İŞİD tərəfindən öldürüldüyü iddia edilmişdi.
Ancaq Həmdaninin ölümündən əvvəl, Süleymani tərəfindən vəzifədən azad edildiyi də İranın bəzi mətbuat orqanları tərəfindən xəbər verilmişdi.
Ancaq İŞİD-in və ya müxalif qrupların Həmdaninin öldürülməsini öz üzərinə götürməməsi hadisəyə daxili çəkişmələrin də səbəb olacağı ehtimalını ortaya qoyur.
Həmdanidən başqa Suriyanın Hama şəhərində bu ayın 13-də "Əbu Zəhra" ləqəbli Həmid Muxtarbənd və Fərşad Hasunizadə adlı iki İnqilab Keşikçisi generalı da öldürülüb.