Moskva Qərb qarşısında geri çəkilmək zorundadır: Ankara isə bu fürsətdən yararlanmaq istəyir
Tarix: 14-10-2015, 16:28 | Çap et
Moskva Qərb qarşısında geri çəkilmək zorundadır: Ankara isə bu fürsətdən yararlanmaq istəyir
Türkiyədə son günlər baş verən terror və siyasi təlatümlər Ankaranın qarşısına qoyduğu məqsədlərə mane olur. Belə ki, Türkiyə bölgədə mühüm oyunçuya çevrilmək niyyətindədir. Ankara Yaxın Şərq və Cənubi Qafqaz, Ermənistanın Rusiyanın forpostluğundan xilas olmaq cəhdləri fonunda Azərbaycan və Gürcüstanı NATO-ya daha açıq ölkələr kimi səciyyələndirir.

Lakin Yaxın Şərqdə cərəyan edən neft və qan qoxulu siyasət Ankaranın geosiyasi önəminin azalması ilə müşayiət edilsə də, bölgədə elə proseslər baş verir ki, siyasi müstəvidə kimin hansı gedişləri edəcəyini təxmin etmək qəlizləşir. Rusiya və Qərb tərəfindən küncə sıxışdırılan Azərbaycan yeni “xilas kəməri” axtarmaqdadır. Son vaxtlar bu missiyanı qonşu Türkiyə oynamağa başlayıb. Türkiyə bölgədə möhkəmlənmək üçün Cənubi Qafqaza nəzarəti ələ keçirmək istəyir. Gürcüstanla münasibətlər baxımından ciddi bir böhran yaşamayan Ankara İrəvan ilə “Sürux protokolları” çərçivəsində əməkdaşlığı inkişaf etdirmək istəyir. Lakin bu məsələdə Bakının da maraqlarını nəzərə alan Türkiyə bölgədə əməkdaşlığın əsas vektorunun Türkiyə-Azərbaycan, Türkiyə-Gürcüstan münasibətləri olduğunu da anlayır.

Tükiyənin başını daxili problemlərə qatmaq istəyən kənar qüvvələr bu ölkəni etnik münaqişələrə sövq edirlər və bu proseslərin fonunda müstəqil Kürdüstan ideyası gündəmə gəlir. Xatırladaq ki, Cənubi Qafqazdakı etnik münaqişələr SSRİ-nin dağılmasına səbəb olub. İndi də Türkiyədə eyni prosesə cəhdlər edilir. Odur ki, Türkiyə dünya üçün önəmli bir məkana çevrilib. Regionun mühüm oyunçusu kimi Türkiyə proseslərə daha fəal müdaxilə etmək niyyətini gizlətmir. Rəsmi Ankara rəsmi Bakı ilə əməkdaşlığa da sırf öz maraqları prizmasından yanaşır. Ankara üçün Bakı, Tiflis, İrəvan eyni dərəcədə maraq kəsb edən tərəfdaşlar kimi səciyyələndirilir.
Ərdoğan xarici siyasətində qonşularını nəzarətə götürmək, “yeni Osmanlıçılıq” ideyasını gerçəkləşdirmək niyyətindədir. Bu ideyanın reallaşması üçün Ərdoğana Azərbaycan və Gürcüstanla hərbi əməkdaşlıq və Yaxın Şərqdə söz sahibi olmaq son dərəcə vacibdir. Təsadüfi deyil ki, Türkiyənin Cənubi Qafqazda rolu xeyli artıb. Həm Türkiyə ərazisində hərbi təlim və təkrar təlim komponentindən, həm də Azərbaycan və Gürcüstanın hərbi təhsil sisteminin NATO standartlarına uyğunlaşdırılmasından ibarət olan hərbi kadr hazırlığında Ankaranın fəallığını xüsusilə qeyd etmək lazım gəlir. Ankara güc mərkəzinə çevrilir. Həmçinin, formalaşan hərbi alyansın postsovet məkanında öz maraqlarının müdafiəsi üçün açıq-aşkar hərbi alətdən istifadə edən Rusiyaya qarşı yönəldiyini də hesab edənlər az deyil.

Türkiyənin Cənubi Qafqazdakı tərəfdaşları ilə inkişaf etməkdə olan hərbi əməkdaşlığını, Bakı və Tiflisin NATO ilə genişlənməkdə olan münasibətlərini hələ ki, Qərb və Rusiya neytral izləyir. NATO-nun planları bir sıra hallarda Türkiyə ilə ziddiyyət təşkil edir. Odur ki, bu mərhələdə Ankaranın rolu NATO-nun rəqibi olan Moskvanı qane etməyə bilməz. Rusiyanın cənub sərhədlərində və bütünlükdə Qafqazda radikalizmin güclənməsi fonunda Ankara və Moskva əməkdaşlığı da aktuallığını artırıb.
Digər tərəfdən, Rusiya və NATO-nun regionda status-kvosunun müvəqqəti xarakter daşıması və gələcəkdə gərginliyə gətirib çıxara biləcəyi ehtimalı azdır. Rusiyanın İranın nüvə proqramı üzrə danışıqlarda konstruktiv iştirakı, marşrutların diversifikasiyası vasitəsilə Avropanın enerji təhlükəsizliyi sisteminin formalaşdırılması və neft qiymətlərinin ucuzlaşmasından irəli gələrək, Rusiyanın qlobal iqtisadiyyata cəlb olunması prosesinin sürətləndirilməsi, xarici kapitalın geniş iştirakı ilə daxili islahatlara hazırlıq təhlükəsizlik sahəsində Kremlin Qərblə əməkdaşlığını vacib edir. Yəni, Moskva Qərb qarşısında geri çəkilmək zorundadır. Ankara isə bu fürsətdən yararlanmaq istəyir.

Geosiyasi maraqlar türkçülük və demokratiya anlayışlarını təkzib etməyə başlayıb. Heç də təsadüfi deyil ki, Türkiyə siyasi elitası yalnız Azərbaycan hakimiyyəti ilə əməkdaşlıq edir, bu ölkədə müxalifətin durumu ilə maraqlanmır.
Ankara bir güc mərkəzi olaraq maraqları naminə emosiyasız siyasət yeritmək zorundadır. Qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün isə AKP-yə təkbaşına iqtidar olmaq gərəkir. Son günlər baş verənlər məhz bu istəyin qarşısını almağa yönəlib.

Avropa.info-nun ekspert qrupu





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net