İlyas İsmayılov rektor deputatlara baqğlı qərara MÜNASİBƏT BİLDİRDİ
Tarix: 14-10-2015, 16:03 |
Çap et
Təxminən bir il öncə Milli Məclisin deputatı, Ədalət Partiyasının sədri İlyas İsmayılov deputat mandatı daşıyan ali məktəb rektorları və icra strukturlarında çalışan digər şəxslərlə bağlı bir müddət əvvəl prezident İlham Əliyevə müraciət etmişdi.
İ.İsmayılovun bu müraciətinə Prezident Administrasiyasından rəsmi cavab verilməsə də bildirilmişdi ki, bu məsələ Mərkəzi Seçki Komissiyasının səlahiyyətindədir. Bundan sonra İ.İsmayılov MSK-ya məktub göndərmiş və qeyd etmişdi ki, Konstitusiyanın 85-ci maddəsinə görə, icra və məhkəmə sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər deputat seçilə bilməzlər.
Bu qalmaqallı olaydan sonra mediadan uzaq düşən Ədalət Partiyasının sədri İlyas İsmayılov Hafta.az-a açıqlamasında namizədliyinin yenə də Tovuzdan qeydə alındığını, amma seçiciləri ilə görüşə bilmədiyini deyib:
“Hal – hazırda Tovuza gedirəm, yoldayam. Təbliğat və təşviqat kompaniyalarına Milli Məclisin iclaslarından dolayı vaxt tapa bilmirdim”.
İlyas İsmayılov rektorların deputat olmasının Azərbaycanın seçki qanunvericiliyinə zidd olması ilə bağlı müraciətinə verilən cavabdan da razı olduğunu bildirib:
“Gec də olsa müraciətimə verilən cavabdan razıyam. Mənə elə gəlir ki, bu çoxdan olmalı idi. Vaxtilə onların işlədikləri yerdən sənəd almamış, həmin adamlara mandat verilməməli idi. Parlamentdə yeni problemlərin həllini seçkilərdən sonra qaldırmaq olar. Çünki indi parlamentin vaxtı qurtarır. Bu məsələyə 1 noyabrdan sonrakı müddətdə, yeni tərkibli parlament təsdiqləndikdən sonra qayıtmaq daha məqəsdəuyğun olardı”.
Namizədliyi 105 saylı Tovuz seçki dairəsindən qeydə alınan keçmiş Ədliyyə Naziri hazırki seçki prosesindən və rəqiblərindən danışarkən onun namizədliyi irəli sürülən bölgədə problemlərdən bəhs edib:
“Mənə rəqib kimi bir qadın göndəriblər. Heç kimi də tanımır. Onun imzasını da rayonun icra aparatı nümayəndələri yığıblar. Ona görüş də təşkil edirlər. Mənə verilən məlumata görə, həmin xanım rusdilli olduğu üçün 20 dəqiqə görüş keçirdikdən sonra çıxıb gedir".